Mənzillərində səs-küy salanlar 400 manatadək cərimə olunacaq

Gecə saat 00-dan səhər 7-dək sakitlik olmalıdır

Source:


Gecə saat 00-dan səhər 7-dək sakitlik olmalıdır

Azərbaycanda məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə cərimələr artırılır. “Report” xəbər verir ki, cərimələrin artırılması yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Layihəyə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00-dan səhər 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə cərimə ediləcək.

Hazırda belə qayda pozuntusuna görə xəbərdarlıq edilir və ya 30 manatdan 50 manatadək miqdarda cərimə edilir.

Eyni zamanda, dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə cərimələr artırılır. Belə qanun pozuntusuna görə cərimələrin artırılması yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub.

Yeni məcəllənin 305-ci maddəsinə əsasən, dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə – 40 manat məbləğində cərimə ediləcək.

Yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hələlik layihə formasındadır. Milli Məclis qəbul edərsə, yeni məcəllə 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək.

Ana səhifəXəbərlərMənzillərində səs-küy salanlar 400 manatadək cərimə olunacaq