“Mənim üçün demokratiya dəyərləri satılmır”

İzabel Santos hakimiyyətə mesaj verdi: “İfadə azadlığı, azad seçkilər və digər əsas azadlıqlar yoxdursa, özünüzü inkişaf etmiş ölkə hesab edə bilməzsiniz”

Source:

İzabel Santos hakimiyyətə mesaj verdi: “İfadə azadlığı, azad seçkilər və digər əsas azadlıqlar yoxdursa, özünüzü inkişaf etmiş ölkə hesab edə bilməzsiniz”

 “Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyət o qədər də yaxşı deyil və vəziyyətin yaxşılaşdırılması üçün siyasi iradə və konkret addımlar tələb olunur”.

ATƏT Parlament Assambleyasının İnsan hüquqları, demokratiya və humanitar məsələlər üzrə Komitəsinin rəhbəri İzabel Santos “Turan İA”-a müsahibəsində bu fikri işlədib.

Azərbaycan QHT nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrin yekunlarını şərh edən Santos bildirib ki, bəzilərinin bu prinsiplər haqqında çox yaxşı təsəvvürü var: “Lakin bizim yaxşı təcrübəmiz var və belə ziddiyyətlər yarandıqda necə dialoq aparmalı və necə münasibətlər qurmalı olduğumuzu bilirik”.

Rəsmi Bakının Qərb institutlarının tənqidinin yalnış və qeyri-obyektiv informasiyaya əsaslandığı barədə fikri ilə razı olub-olmadığı haqqında suala cavabda İzabel Santos deyib ki, bu bəyanat əsassızdır: “Bizim kifayət qədər təcrübəli ekspertlərimiz, dəqiq metodikamız və standartlarımız var. Biz heç nəyi təsadüfən və ya səhvən etmirik. Bütün məlumatlar toplanır və müxtəlif mənbələrdə yoxlanılır. Biz hakimiyyətin bu bəyanatlarını bilirik ki, Qərb ekspertləri qərəzlidir, onlar hər şeyi sifarişlə edirlər və s. Bu, bizim üçün yeni xəbər deyil və biz tez-tez və müxtəlif ölkələrdə belə şeylərlə qarşılaşırıq”.

“Sizə elə gəlmir ki, hakimiyyət məhəl qoymursa və sifarişli hesab edirsə, ATƏT-in məruzələri və hesabatları mənasızdır” sualına İzabel Santos deyib: “Bəli, hakimiyyətin vəziyyəti yaxşılaşdırmaq və ya dəyişdirmək istəyi yoxdursa, onlar həmişə mənasızdır. Sizin hakimiyyətinizin belə bir istəyi olduğundan əmin deyiləm, amma ümid edirəm ki, belə bir istək var və hökumət bu imkanlardan istifadə edəcək”, deyə o bildirib.

“Siyasi məhbuslardan kiminləsə görüş istədiyiniz doğrudurmu?”-sualına Santos müsbət cavab verib: “Təxminən 3 həftə əvvəl mən Vyanadakı mərkəzi ofis vasitəsilə Anar Məmmədli ilə görüş xahişi ilə müraciət etdim. Ümid edirəm ki, bu gün-sabah mənə belə bir imkan veriləcək”.

“Avropa İttifaqı komissarı Nelli Kroesin İlham Əliyevdən siyasi məhbuslarla görüşməyi xahiş etməsi və müsbət cavab alması, həbsxanaya gəlib bir neçə saat gözlədikdən sonra isə ona prezidenti anlamadığının, icazə verilmədiyinin, dövlət başçısından deyil, Ədliyyə Nazirliyindən icazə almalı olduğunun deyildiyi haqqında məlumatınız varmı?”- sualına İzabel Santos cavab verib ki, o, əvvəlcədən müraciət edib və indiyədək ona heç bir cavab verməyiblər. “Hakimiyyətin bu məsələlərdə prosedurun necə olduğu haqqında mənə məlumat vermək üçün kifayət qədər vaxtı var idi. Amma əminəm ki, hakimiyyət etiraz etməyəcək və mən ona baş çəkə biləcəyəm. Onu şəxsən görmək, bəzi məsələləri aydınlaşdırmaq və onu dəstəkləmək istəyirəm”.

“Azərbaycan demokratik qüvvələri arasında belə bir fikir var ki, Qərb demokratiyanı neftə dəyişib. Məzh buna görə Qərb Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasına, demokratiyanın tapdanmasına göz yumur. Sizin bu iradlara cavabınız necədir” sualına “Mənim üçün demokratiya dəyərləri satılmır. Şəxsən mən onları heç nə ilə dəyişmirəm. Hər kəs özünə cavabdeh olmalıdır. Bu halda mən bir şeyi əminliklə deyə bilərəm ki, mənim mövqeyim hər-hansı təsirə məruz qalmır” reaksiyasını verib.

“Azərbaycan demokratlarına hansı mesajı vermək istərdiniz?” – sualına xanım Santos cavab verib ki, çox neftiniz, pulunuz, yaxşı iqtisadiyyatınız ola bilər. Amma söz, toplaşmaq, ifadə azadlığı, azad seçkilər və digər əsas azadlıqlar yoxdursa, özünüzü inkişaf etmiş ölkə hesab edə bilməzsiniz: “Bütün bu inkişaf müəyyən bir vaxtda dayanır və işləmir. Tarixdə belə şeylər olub. Bunu unutmamaq lazımdır”.

Ana səhifəXəbərlər“Mənim üçün demokratiya dəyərləri satılmır”