2008-ci ildə kəndimizə əmim oğlunun toyu üçün getmişdim. Toya üç gün qalmış qəza keçirdim. Qəza ən yaxın dostum olan (toyu olanın qardaşının) əmim oğlunun yanında baş vermişdi.
Qəzadan sonra o çox az-az gəlməyə başladı yanıma. İşləməyini bəhanə edirdi. Həftədə bir dəfə zəng edə, ya eləməyə. Gileylənməyə başladıq ona. Valideynlərim də çox narahat oldu bu duruma. Çünki arayıb-gəlməməyi bir tərəfə, yanıma gələndə də çox az olurdu yanımda. Anam səbəbini soruşanda, demişdi ki, Orxanı bu vəziyyətdə görməyə dözə bilmirəm. Anam demişdi, bəs Orxan neyləsin? Ona bu vəziyyətdə dəstək lazımdır.
Əmioğluna soranda ki, bəs mənə niyə zəng etmirsən, and içirdi ki, heç kimə vaxt ayıra bilmirəm. Halbuki yanımda dəfələrlə başqa-başqa adamlara zəng edib, onlara “dostum-qardaşım” deyə xitab edirdi. Mənim bu məsələyə böyük həssaslıqla yanaşmağımda əsas səbəblərdən biri də qəzadan sonra bir ilə yaxın yataq şəraitində olmağım idi. Hələ əlil arabasına da otura bilmirdim. Təzyiqim aşağı idi. Fiziki cəhətdən zəif idim. Arabaya oturan kimi ürəyim gedirdi. Nə isə…
Bu sözlərin əmioğluna elə də təsiri olmamışdı. Çünki bu tənbehdən sonra yanıma lap az gəlməyə başladı. Bir dəfə bu hərəkətinə görə atam da danlamışdı onu. Görünən odur ki, acığa düşmüşdü. Sonra valideynlərimə qəti tapşırdım ki, bir də ondan belə tələblər etməsinlər. Daha sonra o bizə gələndə nə valideynlərim, nə mən ondan heç bir tələbdə bulunmadıq. O artıq bir neçə dəfədən sonra bunu hiss etmişdi.
Axırıncı dəfə bizdən gedəndə, mənimlə xoş və isti sağollaşdı. Çıxanda dedi ki, bir həftə sonra gəlib məni restorana aparacaq. O gedən-getdi. Bir ay keçdi nə zəng etdi, nə gəldi. Sonra bir il keçdi. Eşitdim nişanlanıb. Daha sonra eşitdim evlənib və uşağı olub. Allah xoşbət eləsin. İki ildən sonra həyat yoldaşını, uşağını götürdü, gəldi yanıma. Heç üzr də istəmədi. Yenə min-bir bəhanələr, min-bir əngəllər olduğundan dəm vurdu. Keçdim üstündən, üzünə heç nə vurmadım. İndi guya ki, barışıq elan olunub, (mən zatən heç küsməmişdim də) üç aydan bir yanıma gələ, ya gəlməyə. Canı sağ olsun.
Çox sevdiyim bir əmim qızı var. Onunla da əsl dost kimi olmuşuq. Çox yaxşı anlaşırdıq. Ortaq maraqlarımız və cəhətlərimiz var idi. Əmim rəhmətə gedəndən sonra, ailələrimiz arasında soyuqluq yaranmışdı. Onlar bizim evə gəlib-getmədilər. Amma yuxarıda bəhs elədiyim əmim oğlu ilə mən onlara gedirdim. Heç valideynlərimizin bundan xəbəri yox idi. Çünki onu çox istəyirdik. Qəzadan sonra iki ildən çox yanıma gəlmədi. Utanıbmış xanım əfəndi. Sonra gəlib-getməyə başladı. Münasibət istiləşmişdi. Ən sonda Ramazan ayında iftarda görüşdük və çox isti şəkildə sağollaşdıq. Sonra nə zəng etdi, nə də gəldi. O biri əmim qızlarından duydum ki, guya bacımla mən onunla parkda soyuq davranışmışıq. Bu üzdən bizimlə ilişgini kəsib. Amma inanın ki, heç bir soyuqluq və qərəz nümayiş etdirməmişdik. Demək ki, belə istəyirmiş. Canı sağ olsun.
Mənə həmişə çox sevdiyini deyən bir bibim var idi. Gün ərzində mənə bəlkə də 500 dəfə “qurban olum, başına dönüm” deyirdi. Qəzadan sonra mənə çox yardımı dəyib. Onun zəhmətini unutmaram. Amma bir əmması var idi ki, elədiklərini tez-tez başıma vururdu. Bunun üstündə neçə dəfə mübahisələrimiz düşmüşdü. Hətta neçə dəfə köməyindən imtina etmişdim buna görə. Bir dəfə sevdiyim qız bizə gələcəkdi, bibimə zəng edib dedim ki, bu gün dincəl, gəlmə bizə. Bunu ona o üzdən dedim ki, son dəfə sevdiyim qız bizdə olanda, bibim narahatlığını və narazılığını ifadə etmişdi. Bibimə mədəni şəkildə gəlmə deyəndə, sanki bomba partladı telefonda. Üstümə qışqırdı. Dedi “gəlirəm sizə!” və dəstəyi asdı. Bir saat sonra bizə gəldi və qırğın başladı. Mənə ağzına gələni dedi. Əlini az qalırdı gözümə soxsun. Əsəbdən təyziqim aşağı düşmüşdü. Bütün blokumuz bibimin səsini eşitdi. Biyabır oduq. Qapını çırpıb, lənətlərlə evimizdən çıxdı. Nə qədər sakitləşdirmək istədim, geri çağırdım gəlmədi. Canı sag olsun.
Dayım uşaqları qəzadan sonra heç yanıma gəlmədi. Onlarla heç bir intriqam olmamışdı. Sadəcə dayımın yoldaşı ilə nənəm danışmırdı. Bunun mənə nə dəxli var, anlamadım?! Halbuki dayım oğlu ilə həmişə çox yaxın münasibətdə olmuşduq. Bilmədim onu nə əngəllədi yanıma gəlməyə… O gün nənəmgilin məhləsində gördüm onu. Yaxınlaşdı salamlaşıb, hal-əhval tutdu. Gülümsədim, əla olduğumu söylədim. Sanki hər gün gördüyü məhlə uşağı ilə görüşürdü. Elə bil, onunla keçməyib uşaqlığımız, bərabər oynamamışıq, sirlərimizi bölüşməmişik. Dayım qızını hələ heç görməmişəm. Onun qardaşından fərqi yoxdu yəqin ki, olsaydı zatən məni arayıb-axtarardı. Canları sağ olsun.
Bir başqa əmim oğlu var. Tay-tuş olmağımız və idmana olan marağımız bizi birləşdirirdi. Həyətə düşməyimə kömək edirdi hərdən. Düşəndə başqa uşaqlarla oturmağımı istəmirdi. Çünki mübahisə edirdi onlarla. Mən isə tək onunla oturmaqdan bezirdim. Çox az danışırdı. Bir neçə böyük yalanın tutmuşdum. Üstündən keçib, yola verirdim. Bir dəfə həyətdə olanda qız dostuma zəng etmək istədim. Konturum qurtarmışdı deyə, əmi oğlunun telefonundan zəng etdim. Qız götürmədi. Evə döndüm, əmi oğlu da işə getdi. Axşam qız dostum mənə zəng edib, şikayət etməyə başladı ki, bəs əmin oğlu məni rahatsız edir telefonda. Əsəbiləşdim, ona zəng edib acıqlandım, hətta sərt danışdım. O isə məni söydü, dedi ki, “əlil olmağın vecimə deyil, səni çırparam, bir fahişə üçün mənimlə belə danışma” dedi. Vəssalam. Beləcə, əlaqə kəsildi. Canı sağ olsun.
Xalaoğlum var bir də, hə. Yoo, daha o da yoxdur. Zəhmətimi çox çəkib. İki dəfə Krımda bərabər olmuşuq, bir dəfə Albaniyada olmuşuq. Mənə yaxşı baxıb. Hamamda çimməyimə də kömək edib, üzr istəyirəm bəzi tualet işlərimə də yardımçı olub. Amma bu yaxında öyrəndim ki, Krıma mənimlə məcbur gedibmiş. İstəmirmiş. Anam çox xahiş edib getməyi ondan. Dünənlərdə öyrəndim bunu. Bəlkə də bilməyəcəydim. Başıma bir hadisə gəlməsəydi.
Əvvəlcə onu qeyd edim ki, o ümumiyyətlə çox az danışan, sakit təbiətli və qətiyyən ünsiyyətcil biri deyil. Biz bərabər olanda da danışdırmasam, o danışmaz. Mən sanki daşqın çay, o isə sakit göl olur. Hə, hadisəni yazıme. Belarusiyada treninqdə iştirak etmək üçün 650 manatımnan keçib, ikimizə bilet almışdım. Bilet ona görə baha idi ki, Belarusiyadan sonra əlilliyi olan insanlara aid foruma gedəcəkdik Ukraynaya birbaşa. Ona biletləri aldığımızı və 2 həftəlik başqa ölkəyə gedəcəyimizi dedim. Həmişəki kimi o heç bir reaksiya vermədi. Nə sevindiyini, nə də kədərləndiyini anlamaq olmur. Ayın 4-dü gəldi. Çantamı hazırlayıb, onu gözlədik evdə. Gəlib, çıxmaq bilmirdi. Zəng etdik telefonuna, telefonuna zəng çatmırdı, söndürülmüşdü. Evlərinə zəng etdik, xalam dedi ki, evdən bir saat olar çıxdığını söylədi. Hətta arxasıycan su da atıblarmış ki,sağ-salamat get. Anası sonra dedi ki, iki gün əvvəl deyibmiş ki, getmək istəmir. Anası da Orxanın sənin köməyinə ehtiyacı var.
Əllərim də müəyyən məhdudiyyət yaranıb qəzadan sonra, ona görə başqasının köməyinə ehtiyac duyuram bəzən.
Bir saat da keçdi, gəlmədi xala oğlu. Telefonu da qapalı. Xalam evimizə zəng etdi. Oğlunun etibarsız hərəkətinə görə ağlayırdı. Xalama dedim, canın sağ olsun, darıxma. İstəmədim pis olsun, çünki şəkəri var. Bir saat da keçdi. Xalaoğludan nə səs var, nə səmir. Artıq gecikmişdik. Hətta bir ara ürəyimizə pis şeylər də gəlməyə başladı. Dedik, başına nəsə pis hadisə gəlib, filan. Bir neçə saatdan sonra eşitdik “qəhrəman” evdədir artıq. Avtobusa oturub ora-bura gedib. Özünəməxsus protest edib kişinin oğlu mənə. Yəni bir də qələt elə, heç vaxt çağırma məni. Əgər mənə açıq desəydi ki, getmək istəmirəm, anlayış göstərərdim. Puldan çox onun mənə etdiyi etibarsızlıq yandırdı. Böyük xəyal qırıqlığı yaşadım.
Oxucular bəlkə də məni qınayacaqlar. Deyəcəklər əlil olmağı bir kənara, hələ dili də zəhərdir. Nə deyim vallah. Allah şahidimdir ki, prinsiplərimdə yalan yoxdur. Bu təkcə mənim başıma gəlmir. Bir çox əlilliyi olan tanışım var ki, qəza və xəstəlikdən sonra qohumları tərəfdən eyni etibarsızlıqlarla qarşılaşdıqlarını danışırlar. Anladım ki, dost dar gündə tanınar!
Başınızı ağrıtdığım üçün üzr istəyirəm…