“Mənim oğlum xəyanət etməz, edə bilməz”

Rauf Mirqədirovun atası prezidentə müraciət etdi

Source:


Rauf Mirqədirovun atası prezidentə müraciət etdi

Aprelin 19-da Heydər Əliyev adına Hava Limanında həbs olunan “Zerkalo” qəzetinin icmalçısı, tanınmış jurnalist Rauf Mirqədirovun atası Həbibulla Mirqədirov prezident İlham Əliyevə müraciət edib.

Məktubda bildirilir:

“Möhtərəm Prezident, mən 83 yaşlı bir qocayam. Bu uzun ömrümdə həyatımda çox çətinliklər, əzab-əziyyətlər görmüşəm. Böyük Vətən müharibəsində qardaşımı, dinc dövrdə 13 yaşlı qız övladımı itirmişəm.

Çox çətin də olsa bu müsibətləri yaşamışam. Amma bu gün mənim və ailəmin həyatında ən ağır gündür. Bircə oğlum Rauf həbs edilib. Özü də elə ağır bir ittihamla. Nələr çəkdiyimi sizə çatdırmaqda acizəm. Möhtərəm Prezident, sizə qarşı özümdə həmişə dərin hörmət hiss etmişəm. Həyat yoldaşım Rəfiqə xanım şəkər xəstəsidir. Həmişə dərmanlarını, təqaüdümüzü alanda sizə, balalarınıza dua edirik. Biz bu yaşda heç kəsə möhtac olmadığımız üçün sizə minnətdarıq. Seçkilərdə ailəliklə sizə səs vermişik. Bunu sidq-ürəkdən inanaraq etmişik. İnanmışıq ki, təhsilinizlə, təcrübənizlə mütləq bu ölkəni bir yerə gətirib çıxaracaqsınız. İnşallah belə də olacaq. Möhtərəm Prezident, mənim oğlum Rauf Mirqədirov gözəl təhsil almış, “Həsən Bəy Zərdabi” mükafatçısı, “İlin jurnalisti” və sair mükafatların sahibi, Azərbaycan Respublikasının əməkdar jurnalistidir. Dövlətini, vətənini, millətini sevən insandır. Və hər şeydən əlavə saf insandır. O xəyanət etməz, edə bilməz. Bu mümkünsüzdür. Onun nə ilə nəfəs aldığını belə bilirəm. Azərbaycanın milli azadlıq mübarizə illərində birincilərdən idi. 1990-cı ilin 20 yanvar gecəsi səhərəcən yaralıları daşımış, şəkillərini çəkmiş, hətta rus zabitlərinin qarşısına əliyalın çıxıb “atmayın, dinc əhalidir” deyə atəşin gur yerində olmuşdur. Həmin gecə səhərəcən mən, anası, bacısı küçələri gəzib onu axtarırdıq. Görünür Allahın bizə rəhmi gəldi, ona dəymədi. Sonralar Azərbaycanda aləm qarışanda, hərə torpağımızı bir tərəfə çəkəndə ilk olaraq Rauf öz məqaləsində deyirdi: “Azərbaycanı bu bəladan yalnız Heydər Əliyev qurtara bilər”. Mən o məqaləni indi də saxlamışam. Rauf dövrün tarixini yazırdı”.

Müraciətdə daha sonra deyilir: “Haqqında dövlətə xəyanət ittihamı irəli sürülən oğlum tutulana qədər sutkanın yarıdan çoxunu kampüter qarşısında oturub müstəqil dövlətçiliyimizin inkişafı üçün təhlillər aparır, proqnozlar göstərir, məqalələr yazırdı. Möhtərəm Prezident, mənim oğlum bununla nəfəs alır. Demirəm ki, Raufun səhvləri yoxdur, çox olub ki yazılarında səhv hesab etdiklərimizi məndə, anası da ona demişik. Elə yazısı olub ki, heç bəyənməmişik, üstünə təpinmişik. Möhtərəm prezident, məlumdur, uca Allah müxtəlifliyi sevər, sözə deyil, niyyətə baxar. Raufun niyyətinin saflığına heç zaman şübhəm olmayıb. Məqalələrində səhvi olubsa, kiminsə könlünə toxunubsa, mən bir ata kimi oğlumun əvəzindən üzr istəməyə borcluyam. Möhtərəm Prezident, sizdən dönə-dönə xahiş edirəm bizim bu yaşda belə yaralı, gözü yaşlı qalmağımızı rəva görməyəsiniz. Bizi oğlumuza qovuşdurun. Ümidimiz sizədir!”

Ana səhifəXəbərlər“Mənim oğlum xəyanət etməz, edə bilməz”