Mənim düşüncələrim

Tez-tez qeyd edirik ki, köhnə müxalifət artıq öz dövrünü başa vurmuşdur…

Source:

 Uzun müddətdir yazı yazmıram. Bir qədər beynim də kütləşib. Acı etirafa görə hamıdan üzr istəyirəm. Bu yazıda müəyyən qədər son hadisələrə öz fikrimi esse formasında, publisitik şəkildə bildirməyə çalışacağam.

Meydan TV-də gedən son yazılar və bu yazılar, xüsusilə məlum Orientalizm mövzusu ətrafında aparılan diskussiyalar keyfiyyət baxımından mənim üçün çox məyusedici oldu. Etiraf edim ki, mən özüm də Edvard Səidin məlum kitabını elə Murad Həsənlinin bu barədə yazısından sonra əldə etmişəm və hazırda oxumaqla məşğulam. Yəni inciməyin, amma elmi baxımdan bu sahədə tam profanam.

Keçək son hadisələrə. Etiraf edim ki, mənim ictimai sektor adlanan, öz intellektuallığı ilə öyünən, köhnə müxalifəti düşüncə geriliyində ittiham edən gənclikdən müəyyən gözləntilərim var. İdeoloji, siyasi gözləntiləri qoyaq kənara. Mənə nədənsə indiyədək elə gəlirdi ki, biz bir qayıqda oturub, ən azı siyasi baxımdan bir istiqamətdə üzürük. İndi buna şübhələrim yaranıb. Mən Murad Həsənlinin Orientalizm barədə fikirlərinin tənqidinə həsr olunmuş yazıda niyə onun siyasi mənsubiyyəti və şəxsiyyətinə xüsusi diqqət yetirilməsini, eləcə də onun homofob düşüncə sahibi kimi sərgilənməsini dərk edə bilmirəm. Fikrim Muradı müdafiə etmək deyil. Sadəcə onun kontrahentlərinin nə etdiyini dərk etməyə çalışıram. Və nəhayət, hörmətli cənablar, deyiləsi sözünüz varsa, bunu niyə Argentina mənşəli birinin əli ilə edirsiniz. Özünüz edin, buna ki, savadınız, biliyiniz yetərlidir. Hər halda siz bunun belə olduğunu iddia edirsiniz. Amma mən böyük məmnuniyyətlə bilmək istərdim ki, müəyyən şəxsin əsassız olaraq siyasi mənsubiyyəti ilə onun ehtimal olunan spekulyativ xarakterli baxışlarının bir elmi məqalədə ön plana çıxarılması hansı məqsədlərə xidmət edir? Xüsusilə Sizinlə müttəfiq olan, eyni siyasi düşərgəyə mənsib olan insanin ictimai nüfuzuna xələl yetirməyə yönəlmiş addımları atmaq nəyə xidmət edir? Yoxsa bəziləri onun bu yaxınlarda Londonda keçiriləcək bələdiyyə seçkilərində iştirakını bu tip spekulyativ ittihamlarla təhlükə altına salmaq istəyir? Bununla nəyə nail olacaq bu şəxslər? Öz eqolarını sakitləşdirəcəklər? Bəs hanı elmi arqumentlər? Hanı dialoq? Hani diskussiya? Mən etiraf edim ki, Orientalizm diskussiyasını çox yüksək qymətləndirirəm. Amma onun başqa məcraya yönəldilməsi və iyrənc məqsədlərlə sui-istifadə olunmasını alqışlaya bilmərəm. Özü də birmənalı şəkildə.

Tez-tez qeyd edirik ki, köhnə müxalifət artıq öz dövrünü başa vurmuşdur. Bəli bu doğrudur, mən də bu fikri bölüşürəm. Amma ölkənin gələcəyi ilə bağlı siyasi perspektivlərə malik olmayan, siyasi düşüncə sahibi olmayan, yeri gəldi-gəlmədi intellektual qabiliyyətlərini kiminsə sanki gözünə soxmağa çalışan insanları da başa düşə bilmirəm. Əgər gələcəyimiz budursa, onda heyhat, çətin ki, bundan ağlabatan bir şey çıxa.

Bizim, yəni mən və Murad kimi diaspora azərbaycanlılarının məqsədi ölkə daxilindəki siyasi qüvvələrə ağıl qoymaq deyil. Azərbaycanda ictimai-siyasi vəziyyətin necəliyi bizə yaxşı bəllidir və  biz yalnız məsləhətçi, ürəyi yanan bir dost kimi öz yardım əlimizi uzada bilərik. Kiminsə intellektini və şüurunu şübhə altına almadan. Amma siyasi şüurdan məhrum olan qüvvələrlə əməkdaşlığın uzun zaman kəsimindəki perspektivləri məndə şəxsən artıq böyük şübhə doğurur. Bunu mütləq qeyd etməliyəm. Əməkdaşlıq perspektivlərini müəyyən edərkən, lovğa, özündənrazı, qeyri-təvazökar, “liberal” örtüyü altında əsl avtoritar faşistoid düşüncənin sahibləri ilə uzun müddət bir yol gedə bilmərəm. Bu marginallaşmağa aparan yoldur və bunun heç kimə, elə ilk növbədə bu yolun yolşularına heç bir xeyri yoxdur. Örnək olaraq Almaniyadakı Qızıl Ordu Fraksiyasının (RAF) başlanğıclarını və sonunu göstərmək olar.

Muradın başlatdığı diskussiya davam etməlidir. Biz bu elmi diskussiya çərçivəsində müxtəlif sosial kateqoriyalara yeni baxışlar ortaya çıxarmalıyıq, məsələn millət (nation) anlayışının müasir sosiologiya nöqteyi-nəzərindən Azərbaycan kontekstində yenidən interpretasiyası (türkçülükdən azərbaycançılığa doğru, vətəndaş millətçiliyi istiqamətində), demokratik inkişafın Azərbaycan üçün məqbul olan variantları. Bir məsələ aydındır ki, Qərbdə mövcud olan demokratiya model(lər)ini kor-koranə şəkildə Azərbaycan zəminində yenidən qurmaq qeyri-mümkündür. Necə ki, Qərbin özündə belə demokratiyanın müxtəlif forma və milli interpretasiyaları mövcuddur. Qərbin kor-koranə şəkildə imitasiya olunması Azərbaycanda davamlı siyasi təsisatların bərqərar olunması üçün elə də uğurlu yol deyil. Biz özümüzün üçüncü yox, elə məhz özümüzün milli inkişaf yolumuz barədə düşünməliyik. O cümlədən yuxarıda qeyd etdiyim anlayışların Azərbaycanın tarixi və müasir ictimai-siyasi kontekstində yenidən interpretasiya olunması yolu ilə.

Aqressiv düşüncə tərzi və yanaşmaya son qoymaq lazımdır. Yadımdadır, Fridrix Ebert fondunun təqaüdçüsü olduğum zaman ildə 2-3 dəfə Bonn şəhərində müxtəlif seminarlarda iştirak edirdim. Belə seminarlardan birində Dominikan Respublikası və Fələstindən olan iki təqaüdçü arasında maraqlı fikir mübadiləsinin şahidi oldum. Söhbət ondan gedirdi ki, Karib Dənizi hövzəsində yerləşən ölkələrdə keçirilən karneval keçidləri zamanı çılpaq yürüşlərdə iştirak edən qadınlarla evlənmək olar yoxsa yox? Dominikan Respublikasından olan buna müsbət cavab verdi və belə izah etdi ki, bu onun mədəniyyətinin tərkib hissəsidir. Fələstindən gələn cənab isə əks mövqedə durdu, çünki bu da onun mədəniyyətinə zidd idi. Ilk baxışdan dilemma illuziyası yarana bilər. Amma əslində onlar hər ikisi haqlı idi. Öz mədəniyyətlərinin perspektivi baxımından əlbəttə.

Əsas problem də budur. Məsələyə konseptual yanaşmadan, hər şeyə aqressiv münasibət sərgilənir. İstər milli mədəniyyət, istər onun mənfi və müsbət məziyyətləri müzakirə olunmadan lənətlənir. Bəlkə bir az bu barədə düşünək? Hər şeyi lənətləmək asandır, amma yuxarida qeyd etdiyim kimi, davamlı bir şey ortaya çıxarmaq üçün onun sağlam özülləri olmalıdır. Sağlam özüllər isə yalnız ümumbəşəri dəyərlərin milli prizmadan interperetasiyası zamanı meydana gələ bilər.

Ümid edirəm ki, uzun yazıb baş ağrıtmadım. Əslində fikirlər çoxdur. İmkan daxilində diskussiyada fəal iştirak etməyə çalışacağam. Hələlik isə məndən bu qədər. Diqqətə görə təşəkkür edirəm.

Ana səhifəMənim FikrimcəMənim düşüncələrim