Mənim Alman payızım

Alman jurnalistinin Rusiya təəssüratları

Source:


Kerstin Holm Almaniyanın ən nüfuzlu qəzetlərindən biri olan “


Frankfurter Allgemeine”ın son 22 ildə Rusiya üzrə müxbiri olmuşdur. Bu ilin 1 sentyabr tarixindən K.Holm geri çağırılmış, hazırda qəzetin Frankfurt redaksiyasında jurnalist fəaliyyətini davam etdirir. Geri dönüşündən qısa müddət sonra, K.Holmun özünün qeyd etdiyi kimi, həmkarları ondan 22 illik fasilədən sonra vətəndə ilk payız təəssüratlarını qələmə almağı xahiş etmişlər. Beləcə,  xanım Holmun “Mənim alman payızım” adlanan essesi işıq üzü görmüşdür. Hazırda onun tərcüməsini oxuculara təqdim edirik

Rusiyadan ayrılarkən səni ilk tərk edən şey paranoyadır. Moskvada keçirdiyim 22 ildən sonra mən yavaş-yavaş təmiz havaya, yumşaq iqlimə, payız nəfəsinə alışıram. Təsadüfən qarşına çıxan insanların ürküsüz xeyirxahlığı, öz sərbəst seçimi və fantaziyası ilə geyinmiş qadınlar, abad evlər və yollar, bütün bunlar məndə az qala eyforiya doğurur.  Yaşlı alverçi qadınlar satdığı malı cidd-cəhdlə sənə sırımağa çalışmır. Gənc ana azyaşlı oğlunu küçənin o tayında olan köşkə qəzet almağa göndərməkdən çəkinmir.

Alman polislərinin görünüşü məni vəcdə gətirir. Mənə elə gəlir, burda, Almaniyada onlar gerçəkdən ictimai qaydanın mühafizəsinə xidmət edirlər. Fürsət düşən hər məqamda alman polisi ilə ünsiyyət qurduğunda, başlanan söhbətin ümum  mədəniyyətin bir hissəsi olduğunu anlayırsan. Rusiyada polisin ünsiyyət qaydası belədir: bütün suallara qısa və nəzakətli cavab vermək, minimal təmas, heç bir halda söhbətə birinci olaraq təşəbbüs göstərməmək. Mənim alman dostlarımdan biri paradoksal formul üzərində düşünürdü: necə olur ki, Moskva kimi bir şəhər Paris və ya Nyu-Yorkdan daha təhlükəsiz ola bilir? Lakin burda əsl təhlükəli olan polislərdir. Amerikadan olan başqa bir tanışım bir dəfə polislər tərəfindən üzərində axtarış aparılarkən cibində olan nağd puldan məhrum olmuşdu, o vaxtdan bəri hər dəfə qanun keşikçilərini görərkən küçənin digər tərəfinə keçir, onlardan mümkün qədər uzaq olmağa çalışır.

Rusiya haqda çox yazdıqca mənə daha əyan olurdu ki, bu ölkəni heç vaxt başa düşməyəcəm. Bununla belə, savanna həyatına uyğunlaşan antiloplar kimi, mən də özümü adekvat aparmağı öyrəndim. Burda səkilərin hamar və təhlükəsiz olacağını gözləmək olmaz. Binalardan asılmış löhvələrin içəridə həqiqətdə olanla hər hansı bağlılığını gözləmək olmaz. Əksinə, gözləməlisən ki, sənin xarici görünüşün qarşına çıxan həssas birilərini nəyəsə təhrik edə bilər. Sən öz mimikalarını boğmağı öyrənirsən. Sən ətraf aləmi yan görünüşdən müşahidə etməyi, kimsə tərəfindən qurban kimi gözə alındığında bunu dərhal duymağı öyrənirsən. Avtomobil selinin axdığı Rusiya küçələrinin savanna genişliyində gözləri qaynayan gənclərdən xüsusən ehtiyatlı olmalısan: sən onlardan birinə Qırmızı meydana necə getməli olduğunu başa saldığın zaman onun həmkarı əl çantanı bir göz qırpımında çırpışdıra bilər.

Amma ən böyük təhlükə pusquda durmuş ovçulardır:  səndən alkoqol iyi gələcəyi, özgə avtomobilini etibarnamə olmadan sürəcəyin, buna bənzər başqa bir qüsurlu vəziyyətdə səni yaxalamaq ümidi ilə vurnuxan ac polislər. Qüsurçunun onları korrupsiyada ifşa etmək şansı yox dərəcəsindədir. Yalnız o kəslər ki, özlərini çəkinmədən və nəzakətlə aparır, qanunlardan tam olmasa da baş çıxarır və özünü qətiyyən harasa tələsmirmiş kimi göstərə bilir, itkisiz yaxa qurtarmaq şansı qazanır, çünki bu cür qurbana uzun vaxt sərfi ov gözləntilərinə cavab vermir.

Bilmirəm, fizikadan bizə məlum olan məkan əyilməsi gerçəklikdə necə baş verir. Həmçinin, bəstəkar Bernd Alois Zimmermanın təsəvvürlərinə görə zamanın kələfə düşməsinın əslində nə demək olduğunu anlamaq mənə çətindir. Lakin şəxsən  təsdiq edə bilərəm ki, fani insan gözündən baxınca Rusiyada məkan doğrudan da əyilmiş, zaman isə yumaqlanmış, kələfə düşmüşdür.

Rusiya tarixini hegelçi təfəkkürlə xətti, yüksələn inkişaflı nəsnə kimi qavramağa çalışan hər kəs onun mahiyyətini başa düşməmiş deməkdir. Heç bir dövran burda başa çatmır, heç bir problem burda öz həllini tapmır. Ölkənin modernləşməsi və çiçəklənməsinı hədəfləyən Böyük Pyotr islahatları o nəhəng layihələrin xərcini çəkmiş təhkimliləri zülmətdən qurtara bilmişdirmi, bu sual hələ də aktualdır, müakirə olunur.

Almaniyada dünya metrik, kvadrat görünüşlüdür. Zaman xətli ötür. Burda keçmişin səhvlərindən nəticə çıxarılır, bununla da onların üzərindən xətt çəkilir. Hətta məkan da burda görünməz cizgilərlə kvadratlara bölünmüş kimi təsir bağışlayır. Qanunlar burda əməl olunmaq üçün mövcuddur, necə ki, məsələn, ictimai nəqliyyat əhalinin hərəkət dövriyyəsini təmin etməkdən yanadır. Qanunlar, çoban çomağı kimi, sürüləri qorxutmaq, itaətə məcbur etmək üçün istifadə olunmur. Rusiyada bərbad yollar və onların eynisi olan ictimai nəqliyyat əhali üçün bir növ qandaldır. Onlar xüsusən kişik yaşayış məntəqə sakinlərini öz yaşayış yerlərinə çıdarlayır.

Şəhərlərin inkişafı və küçələrin layihələndirilməsi üzrə beynəlxaq mütəxəssislər dəfələrlə qeyd etmişlər ki, Qərbin iri şəhərləri ilə müqayisədə, Moskva küçələrində hərəkət sahəsi şəhərin ümumi sahəsinə nisbətdə həddən ziyadə azdır. Bu cür qeyri-mütənasiblik dönmə imkanları olmayan birtərəfli, səkkiz zolaqlı yolların salınması ilə daha dərinləşir, ona gətirib çıxarır ki, Moskvada A. məntəqəsindən B.-yə yetişmək üçün, dünyanın hər hansı başqa şəhərində olduğundan xeyli artıq kilometrlər qət etmək lazım gəlir. Bir dəfə “Moskvanın səsi” radiostansiyasının efirində yüksək çinli polis məmuru açıq-aşkar söyləmişdi ki, Moskva nəqliyyat siyasətinin rəsmi məqsədi sürücülərin ayrılıqda manevr imkanlarını minimuma endirməkdir. Bu taktikanın niyyəti o vaxt daha aydın başa düşülür ki, daimi tıxanıq yol kəsişmələrində heç vaxt gözə dəyməyən polis avtomobilləri Rusiya siyasətinin baş çobanlarının sayrışan işıqlı, saatda iki yüz kilometr sürətlə şütüyən korteclərinin hərəkətini asanlaşdırmaq üçün bütün giriş-çıxış yollarını görünməmiş cəldliklə qapadırlar.

Moskvanın bu cür süni tıxaclarında qəzəbli siqnalların kakofoniyası (bəllidir ki, belə konsertlərdə mən də iştirak edirdim) altında müntəzəm olaraq saatlarla vaxt keçirincə mən dərindən anlayırdım ki, tıxaclarda itirilən insan ömrü, boşuna sərf olunan iş saatları bu sistemin heç vecinə də deyil. Keçmiş Sovet İttifaqı nə qədər repressiv bir rejim olsa da, onun zamanında insana, insanın “məhsuldar potensialına” sanki bir inam vardı. Sovet dövründə “mühəndis” peşəsinin geniş yayılmış olması özlüyündə, daxili istehsalda nə vaxtsa yaxşı avtomobillərin, avtobanların, istehsalat texnikası və sairın yaradılacağına nəzəri cəhətdən olsa da inam aşılayırdı.

Bu gün “tıxacda dayanan vətəndaş” olaraq başa düşürsən ki, mövcud iqtisadiyyat və hərbi strategiya nöqteyi-nəzərindən, mülki əhaliyə faydalı qazıntıların satışından əldə edilən gəlirlərə iddiası olan parazit yığını kimi baxılır. Bu nöqtədən nəzər saldıqda, həmçinin, Moskva mərkəzində təmtəraqlı saray və meydanların inşası və ya təmiri zamanı istifadə edilən bahalı qranit və mərmərin niyə bu dərəcə bərbad işləndiyinin sirri açılır: iqtisadi piramidanın ən yuxarı pillələsində bəslənənlər üçün aşağı ixtisaslı, hüquqsuz miqrantların əməyinin deyil, yalnız materialın dəyəri vardır.

Yüksək funksionallıq və zövqlə hazırlanmış qapı dəstəkləri, rəzələri, cəftələri, döşəmə yaşmaqları, dirəkləri ilə insanı valeh edən alman inşaat mədəniyyətinə necə böyük kontrast var! Məsələn, Frankfurtda Köhnə opera ilə üzbəüz yerləşən kiçik, ecazkar parkda tağ sütunları adi əhəndaşından, lakin elə sənətkar ehtişamı ilə yonulub hazırlanmışdır ki, baxınca ürəyim açılır, vətənpərvərlik hislərindən riqqətə gəlirəm! Moskvada yaxşı cilalanmış, fəqət kobud mişarlanmış, əyri-üyrü düzülmüş mərmərlərə baxınca hər dəfə o sadə şedevr yadıma düşür, gördüyüm mənzərədən qəhərlənirdim. Mən qəti əminəm ki, ümumilikdə Avropa və xüsusilikdə alman demokratiyası əmək mədəniyyəti ilə, sözün geniş mənasında sənətlə qırılmaz vəhdət təşkil edir. Mənə elə gəlir, yalnız bu mədəniyyət bizim sivilizasiya məkanında insanın uzunmüddətli və məqbul həyatını təmin edə bilər. Yüksək ixtisaslı alimlərin, musiqiçilərin öz əməyinə görə, Almaniyada deyildiyi kimi,  “qaynadılmış yumurta və buterbrod” aldığı bu ölkədə çalışarkən mən də özümü Holşteyn cinsindən olan ala inək kimi hiss etməyə məhkumdum. Bu cinsin çöllükdə dolanması çətindir, ona görə, qədərincə yemlənir, bəslənir, əvəzində yüksəkvitaminli süd – mədəni jurnalistikanın dəyərli məhsulunu verir. Bu süd inəyin vətənində tələb olunurdu. Zira, rus mədəni həyatının zəif çiçəklənən zəmilərindən çıxan mövzulara təlabat yalnız qüdrətli, yüksək şövqlə çiçəklənən, “fəcilik meyvəsindən” Şiller ruhunda dad əxz edə bilən mədəniyyət aləmində mümkündür.

Rusiyada güclünün haqqı hər yerdə və açıq-aşkar hakimdir. Ana Torpağın “içalatı” qəpik-quruşa satılır, ən iri tikələr ən güclülərə çatır. Mədəni dəyəri olan hər şey: insaniyyət, şəfqət, əsl sənət və onu qiymətləndirmək bacarığı yalnız daimi müqavimət şəraitində mümkün ola bilir. Və həmişə ayrı-ayrı insanların şəxsi şücaəti sayəsində. Məsələn, şəxsən tanıdığım həkim müalicə üçün imkanı olmayan bir qadını pulsuz cərrahi əməliyyat etmişdi. Konservatoriya professoru tanıyıram, yüksək səviyyəli, təmənnasız avanqard musiqi konsertləri təşkil edirdi ki, imkansız tələbələr və musiqi vurğunları yararlana bilsinlər. Belə adamlar, əlbəttə, özlərinə problem yaradırlar. Həkim xəstəxanada öz həmkarlarının qınağına, professor konservatoriyanın konsert bölməsinin hiddətinə tuş gəlir. Onlar hamısı, əlbəttə ki, pul qazanmaq istərdilər.

Öz çopurluğu ilə Rusiya hərdən mənə süd verməyən zubru xatırladır və ümumiyyətlə, hər hansı səmərəvilik mülahizələri onun tərəfindən rişxəndlə qarşılanır. Texnoloji moderizm onu sadəcə zəhərləyir. O, xroniki xəstədir. Ola bisin, sağalmazdır. O, özünün pəyə bacasından heç vaxt başqa superdövləti görə bilməmişdir, tarixin fırtınaları coğrafi-iqlim səbəblərindən onun üzərində xüsusi qəddarlıqla yamanlıqlar etmişdir. Bunların sayəsində o, yabanı gücə və incə duyğuya yiyələnmişdir, hansılar ki, başqa, yüksək inkişaf etmiş dövlətlərə lazım deyildir, onlar taleyin daha mülayim rəftarına məruz qalmışlar. Məhz bu həyat gerçəkliyində Rusyanın valehedici lətafəti ehtiva olunur.

Bilirəm, çox az sayda adamlar bu cazibəni qiymətləndirə bilər. Bilirəm, amma insafən, hələ də bunu başa düşə bilmirəm.

Mənbə: Frankfurter Allgemeine Zeitung qəzeti

Tərcümə:

Ruslan Köçərli

Ana səhifəXəbərlərMənim Alman payızım