Məni uşaqlıqdan aktrisalığa hazırlayıblar


Rumiyə Ağayeva: “Müvəqqəti rolu elə oynadım ki, daha yerimə aktrisa axtarmadılar

Rumiyə Ağayeva milli teatr və kinomuzun ziddiyyətli sənət nümayiş etdirən aktrisalarındandır. Biz onu ADO teatrının müasir formatlı, bəşəri mesajlar ötürən tamaşalarında görürük. Bu tamaşalarda Rumiyənin obrazları heç bir milli çərçivəyə sığmayan azad xarakterlərdi. Kommersiya filmlərində biz onu idmançı, döyüşkən qız rolunda, televiziya seriallarında isə milli obrazlarda görə bilərik. Eyni zamanda xoreoqraf, rejissorluq təhsilinə sahib Rumiyənin sənət yolu maraqlıdır. Axı o, aktyor-rejissor Namiq Ağayevin ailəsində dünyaya göz açıb və uşaqlıqdan sənətlə yanaşı addımlayıb.

Gənc xoreoqraf, aktrisa öz uşaqlıq arzuları, sənət yolu və oynadığı fərqli rollar barədə Meydan TV-yə danışır…


– Siz aktyor-rejissor ailəsində doğulmusunuz. Bunun aktrisa sənətini seçməyinizə təsiri olubmu?

– Yəqin ki, olub, amma mən bunu anlaqlı şəkildə hiss etməmişəm. Sadəcə bu yadımdadır ki, ağlım kəsəndən rejissor olmaq istəmişəm. Bu da var ki, ailəm məni uşaqlıqdan aktrisa kimi hazırlayıb. Atamla, anamla, nənəmlə harasa gedəndə mənə adamların qarşısında rəqs, mahnı ifa etdirirdilər. Məni bir növ bu sənətə hazırlayırdılar. Amma aktrisa olmaq kimi bir arzu hiss etmirdim o illərdə. Rejissor olmaq istədiyimi bilirdim. Öz beynimdə nələrsə qururdum. Xəyalən tamaşalar qururdum. Elə oldu ki, rejissorluq fakültəsinə qəbul olundum. Aktrisa olduğumu isə o zaman anladım ki, atam AZTV-də tamaşalar qururdu, mənsə xoreoqrafiya məktəbini bitirmişəm deyə, belə səhnələrdə iştirak edirdim. O zaman aktyorlara baxırdım, onlara nəsə izah edəndə, nəsə danışanda, hiss edirdim ki, aktyorlara həsəd aparıram. Mən də onların yerində olmaq istəyirəm.


– Bu sənəti seçəndə atanız fikrinizi dəstəklədi, yoxsa etiraz elədi?

– Əslində elə təbii alındı ki, nə dəstəkləmək, nə də etiraz etməkdən söhbət gedə bilməzdi. Öz-özünə belə alındı, atam da həmişə yanımda oldu. Heç bu barədə söhbət də etmədik ki, mən aktrisa olum, ya yox. Onun üçün mənim bu sənəti seçməyim çox təbii idi, yəni elə belə də olmalıydı.



 ADO teatrında aktrisa kimi çalışmağı niyə seçdiniz – estetikası sizə yaxın olduğuna görə, yoxsa sadəcə təsadüfən?

– Təxminən bir il Moskvada oldum. Sonra Bakıya qayıdanda atam mənə dedi ki, belə bir teatr yaranıb və onlar xoreoqraf axtarırlar. Dedi ki, yaxşı, müasir düşüncəli gənclərdir. Dedi ki, get tanış ol, bəlkə birlikdə bir işiniz alınar. Mən də Elmingillə tanış oldum. O zaman teatr “Stop” tamaşasını hazırlayırdı. Mən xoreoqraf kimi başladım. Sonra elə oldu ki, aktrisalardan biri teatrdan getdi, ya tamaşaya gələ bilmədi, nəsə belə bir şey oldu. Onda dedim ki, uşaqlar, istəyirsiniz, siz yeni aktrisa tapana qədər mən kömək edim. O rolu oynadım. Və elə oynadım ki, daha mənim yerimə başqa aktrisa axtarmadılar. Belə demək mümkünsə, təsadüfən oldu aktrisa kimi burda işləməyim. Amma xoreqoraf kimi də onlarla ona görə işləməyə razı oldum ki, bu gənclərin baxışları, müasirlikləri mənə yaxın gəlirdi.



ADO-dakı sənət nümunələri ilə yanaşı seriallara da çəkilirsiniz. Xüsusilə “Cehizsiz gəlinlər”dəki rolunuz çox məşhurdur. Hansı istiqamət sizə daha yaxındır, hansında özünüzü əsl aktrisa kimi hiss edir və məhz o istiqamətdə davam etmək istərdiniz?

– Əslində, hər istiqamətdə özümü rahat hiss edirəm. Təbii, aktrisayamsa, belə də olmalıdır. Məsələn, rəqs edəndə – milli, müasir rəqsdə, eləcə də baletdə özümü rəqqasə kimi rahat hiss edirəmsə, aktrisalıq sənətində də belə olmalıdır. Bütün istiqamətlər mənə yaxın gəlir, özüm üçün daha rahat olanını deyə bilmirəm hələ. Hər bir rolu oynamaq mənə maraqlıdır. Amma, məsələn, həvəsim var ki, komediyalarda oynayım, triller janrını sevirəm, belə bir filmdə rol almaq istərdim. Buna qismən də nail olmuşam, “Oğlan Evi 2”də idmançı qız rolunda oynamışam ki, bu da çox fərqli bir roldur, indiyə kimi heç bir aktrisamız elə bir rolda çəkilməyib.



“Cehizsiz gəlinlər”dəki rolunuz, milli, qeyrətli-namuslu bacı obrazı  sizi narahat etmir ki? Axı ADO-dakı rollarınız daha bəşəri mesajlar ötürür…

– ADO-da bir komanda olaraq, biz öz düşüncələrimizi, sahib olduğumuz dəyərləri təbliğ edirik. Burda daha çox azadlıq var, yaradıcı kollektiv olaraq, nə istəyiriksə, elə edirik. Amma seriala çəkilmək belədir ki, ssenaridə nə yazılıbsa, onu oynamalısan. Burda aktyor ssenariyə qarışa bilməz. Burda məndən o tələb olunur ki, nə yazılıbsa, onu yüksək səviyyədə ifa edim. Düzdü, bəzən narahat edən məqamlar da olur, amma bir aktrisa kimi məqsədim budur ki, təqdim edilən rolu yüz faiz öhdəsindən gəlim.



Bu da var ki, gənc yaşlarından filmlərə çəkilə bilmək aktrisanı daha geniş tamaşaçı auditoriyasına tanıdır. Bu baxımdan özünüzü bəxti gətirmiş aktrisa hesab edirsinizmi?

– Mən uşaqlıqdan seriallara, filmlərə çəkilirəm. Amma geniş tamaşaçı auditoriyasına çıxmamışam. Bu, indi baş verir və buna görə bəxti gətirmiş aktrisa hesab edilə bilərəm.



Mütaliə ilə aranız necədir, hansı tipdə kitablar oxuyur, nələrlə maraqlanırsınız?

– Hazırda kitab oxumağa vaxtım yoxdur. Amma sevimli kitablarım və yazıçılarım var. Məsələn, Aleksandr Dümanın “Üç muşketyor” əsəri başda olmaqla bütün əsərlərini sevirəm. Bulqakovun “Ustad və Marqarita”sı çox sevdiyim romandır. Son iki ildə psixoloğiya ilə maraqlanıram. Bu istiqamətdə yazılan məqalələr və əsərləri daha çox oxuyuram.



 Rumiyə, bir aktrisa kimi öz gələcəyinizi təkcə milli teatrda və kinoda görürsünüz, yoxsa dünya kinosuna

 çıxmağa ümid edirsiniz? Əgər belə bir ümidiniz varsa, bunun hansı yolla baş tutacağına inanırsınız?

– Əlbəttə, təkcə milli kinoda və teatrda deyil, gələcəyimi dünya kinosunda da görürəm. Bilmirəm, bu, necə olacaq. Hazırda bunun necə baş verəcəyi barədə təsəvvürüm yoxdur. Amma digər işlərimdə də belə idi, bir vaxtlar heç bilməzdim ki, indiki kimi geniş tamaşaçı auditoriyasına çıxacam. Yəqin ki, məndən hərəkət, Allahdan bərəkət olar.

Ana səhifəVideoMəni uşaqlıqdan aktrisalığa hazırlayıblar