17 yaşıma qədər həyatımda müəyyən yer alan insanların universitetə daxil olandan sonra, Dalğaçı olduğum müddətdə, jurnalist işlədiyim dövrdə yazdıqlarımı, fəaliyyətimi izləyib mənə ən çox dediyi söz bəlkə də bu olub: “Sən də getdin şəhərə, pozuldun”.
Bu pozulma nədir? Mən müəyyən kitablar oxuduqca, daha ciddi insanlarla müzakirələr apardıqca, 17 yaşıma qədər mütləq həqiqət bildiyim bir çox şeyləri, xürafatı, mənasız mental dəyərləri inkar etdim, onlara qarşı çıxdım və o insanların gözündə pozuldum.
Orta məktəb dövründə 5 il bir qızı sevdim. Həmin qızı demək olar ki, hər gün görürdüm. Həftəsonları görməyəndə məhələllərindən keçib, ümid edirdim ki, həyətdə və ya eyvanda olar görərəm. 5-6 cəhdin birində bu alınırdı. Amma bu 5 il ərzində kəndimizdəki mental dəyərlər mənə imkan vermədi ki, bircə dəfə ürəkdən ona “səni sevirəm” deyim. Bəlkə də çox xoşbəxt cütlük olardıq. Mən mentalitetə görə ilk sevgimi ürəyimdə saxladım. El-obada adımız çıxar deyə, o qızın əlini bircə dəfə belə tuta bilmədim. Yadımdadı, bir dəfə evimizə təsadüfən qonaq gəlmişdilər, üz – üzə gəldik salamlaşdıq, elə xoşbəxt idim ki… Amma mən pis iş görməmişdim, sadəcə sevirdim.
Qonşu kəndə Hacı Rəzzab adlı bir kişi var idi. Adını məncə düz yazdım. Bu kişiyə hər kəs hörmət edirdi. 2 dəfə həcc ziyarətinə getmişdi, 10-15 dəfə də təqribən Kərbala – Məşhəd ziyarətində olmuşdu. Hamı ondan xahiş edirdi ki, kömək elə biz də gedək ziyarətə, yolunu yaxşı bilirsən. Kəndin yoxsulları ona dua edirdi ki, bəlkə kəndin bərbad yoluna 2 maşın “qırəbıl” tökdü, yollar qismən düzəldi. Beləcə, kişinin yaxşı hörməti var idi. Çayxanaya, məclisə gələndə çox adam ayağa qalxıb yer verirdi. Bir gün eşitdim ki, bu kişi növbəti dəfə Məşhəd şəhərindən, ziyarətdən gələndə narkotiklə tutulub. Özü də tək yox, həyat yoldaşı ilə birgə. İlk dini travmamı o gün aldım. Dindən insanları zəhərləmək üçün istifadə olunmuşdu.
8-ci sinifdə oxuyanda dini mədrəsədə təhsil almağa başladım. Qrupda dərslərə ən gec qoşulan mən idim. Təqribən dərslər başlayandan 1 həftə sonra mən ora getdim. Amma buna baxmayaraq, qrupun ən yaxşılarından idim, hətta səsvermə yolu ilə qrup nümayəndəsi (sinifkom) seçilmişdim. Dərsdən kənar fasilədə bir dəfə müəllimimlə müzakirə edirdik. Tarixi mövzuda olan müzakirədə müəllimim (mollam) dedi ki, Babək də, Nəsimi də kafirdir. Bir xalqın azadlığı uğrunda mübarizə aparan qəhrəmanımı o gün “kafir” elan etdilər. Yaxın şərq fəlsəfəsinin ən ciddi nümayəndəsi olan Nəsimiyə o gün “murdar” dedilər.
O mübahisədən 1 ay sonra mədrəsədən ayrıldım. Sonra öyrəndim ki, mollamız həm də kəbin kəsirmiş. Bir dəfə ondan soruşdum ki, niyə 16 yaşlı qızlara, onların iştirakı olmadan kəbin kəsirsən? Dedi: “Qudurmusan? Bu nə sualdı, verirsən müəllimə?”.
Kəndimizdə namus – qeyrət ən vacib dəyərlərdən biri idi. Qonşu qızlarla, məhəllədəki xanımlarla bacı – qardaş münasibətimiz var idi. Bir dəfə məhəlləmizə Sumqayıtdan qonaqlar gəlmişdi. Onların arasında iki qız da var idi. Bütün məhəllənin cavanları o evin qarşısında növbəyə dayanmışdı. Qızlar mağazaya gedəndə, hamı “ələ iki qəhbə düşüb” prinsipi ilə onların dalınca gedirdi. İlk dəfə o gün anladım ki, namus, qeyrət kimi anlayışlar puç və yalandır. İnsan qonşusuna mələk, başqasına fahişə kimi baxa bilməz. Bunu edən insanın tamam həyatı təhlükəlidir, qorxuludur. Sən evdə olmasa, sənin bacına da “padxod” edəcəklər.
Bizdən bir məhəllə o tərəfə, kəndimizin məhşur ziyarəgahı yerləşirdi. Bir seyidin məzarı idi. Həmin seyidin bir neçə oğlu vardı. Hamısı dünyasını dəyişmişdi, biri sağ idi. Digərlərinin də övladları. Ocağa qonşu kəndlərdən, hətta qonşu rayonlardan çoxlu adamlar gəlib nəzir qoyurdu. Bu da təbii ki, həmin ocağı əsl gəlir yerinə çevirmişdi. Orada yığılan pullar isə seyidin bütün varislərini bir-birinə düşmən etdi. Hamı “ocağın sahibi mənəm” deyib qırğına qalxdı. İş məhkəməyə getdi. 10 ildən çoxdur ki, ocaq üstündə məhkəmə davası gedir. Ancaq hələ də ortaq yolunu tapa bilməyiblər. Peyğəmbər nəslindən olan, müsəlmanlar və hətta qohumlar, insanların inanc yeri üstündə bir-birinə daş atırdı. O ocaq mənim üçün Haqverdiyevin “Pir”inə çevrildi.
Uşaq vaxtı hörmət etdiyimiz bütün dəyərləri gözümüzün önündə məhv etdiniz, bütün ilahiləşmiş varlıqları yoxa çıxartdınız. Dedim dinin ən vacib əməllərindən biri “Əmr be məruf, nəhy əz münkər”dir (Pis yoldan çəkindirib, yaxşı yola dəvət eləmək). İmam Hüseyn Kərbalada bunu edirdi. Bunun üçün orda idi. Bəs, siz niyə ömrünüzdə bircə dəfə bu hakimiyyətin qəddarlığına qarşı “Əmr be məruf” etmirsiz? Dediz: “Əsas məsələ vahabilərdir, sünnilərdir, yəhudilərdir. Bunlarla problemlərimiz var. Həm də hökümətlə, hökümətlik eləmək olmaz”. Höküməti qoyaq bir kənara, bircə dəfə kimsə durub demədi ki, hər il kənddə 150-yə qədər şagir məktəbi bitirir. Onlardan cəmi 3-4 nəfər universitetə daxil olur. Bu təhsil sistemini dəyişməliyik. Səhərdən axşama oturub “mağaza cücəsini yemək olar ya olmaz” müzakirəsi apardız.
Yazının həcmi çox böyük olmasın deyə, başqa xatirələri yazmıram. Bütün bunları görən insan, sizcə hələ də “Pozulmamalı” idimi? Dünyanın hər yerindən nümunə gətirdim. Əsl islam bu deyil dediniz. Əsl islamı heç biriniz göstərmədiniz amma…
Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.