”Məni Əli Həsənov və Əflatun Amaşov həbs etdirib”

Mən əvvəldən bilirdim ki, məni həbs etdirmək istəyirlər

Source: meydan tv
_44432.width-1024.jpg
İkram Rəhimov

İkram Rəhimov: ''Jurnalistlər üçün tikilən binalarda jurnalistikaya aidiyyəti olmayan adamlardan pul alıb, ev veriblər''

“Reallıq.info” saytının həbsdə olan baş redaktoru İkram Rəhimovun işi üzrə məhkəmə istintaqı başlayıb. Martın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyilə keçirilən məhkəmədə ittiham aktı elan olunub. İttihamda yazılıb ki, İ.Rəhimov rəhbərlik etdiyi saytlarda Raquf Mirzəyev, Zakir Hüseynov və digər şəxsləri rüsvayedici məlumatlar yaymaqla şantaj edib, onlardan pul alıb. İddia olunur ki, İ.Şirinovun bu əməlləri hədələnən vətəndaşların şikayətləri, onun özünün səs yazıları və başqa sübutlarla təsdiqini tapıb.

İttihama münasibət bildirən İ.Rəhimov təqsirsiz olduğunu deyib. Bildirib ki, o, prezidentin köməkçisi Əli Həsənovun sifarişilə həbs olunub. Sayt rəhbərinin sözlərinə görə, bu işdə ona dəstək verən də Mətbuat Şurasının sədri Əflatun Amaşov olub: “Jurnalistlər üçün tikilən binalarda onların korrupsiya əməlləri barədə yazmışdım. Araşdırılsa, üzə çıxar ki, orada ev alan nə qədər adamın jurnalistikaya heç bir aidiyyəti yoxdur. O adamların hamısından pul alıb veriblər”.

İ.Rəhimovun sözlərinə görə, prezidentin köməkçisinin əməlləri barədə yazılarından sonra Ə.Həsənov özü onu görüşə çağırıb. Təqsirləndirilən şəxs bildirib ki, görüş zamanı Ə.Həsənov ona hədə-qorxu gəlib, nəticə vermədiyini görəndə isə onu pulla ələ almağa çalışıb: “Dedi ki, nə qədər istəyirsən, pul verək, saytını maliyyələşdirək, bizim kurasiyamızda fəaliyyətini davam etdir. Əlbəttə ki, razılaşmadım. Bundan sonra təzyiqlərə keçdilər. O tərəfdən Mətbuat Şurasına komanda verildi. Mətbuat Şurası hüquq-mühafizə orqanlarına mənimlə bağlı çağırışlar elədi. Başladılar məni izləməyə, təqib etməyə. Mən əvvəldən bilirdim ki, məni həbs etdirmək istəyirlər. Bunu müxtəlif adamlara da demişdim. Bununla da kifayətlənmədilər”.

Rəhbərlik etdiyi saytın Mətbuat Şurası tərəfindən “reket” elan olunması, daha sonra Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “realliq.info”nun bloklanması kimi addımların da sifarişlə həyata keçirildiyini deyən İ.Rəhimovun sözlərinə görə, bu təzyiqlərin də nəticə vermədiyini görəndə onu həbs ediblər. Təqsirləndirilən şəxs bildirib ki, onu həbs edib DTX-ya aparandan sonra orada ondan ilk tələb Ə.Həsənov haqqındakı yazının saytdan silinməsi olub.

İ.Rəhimov ifadəsində yayılan səs yazısına da toxunub. Bildirib ki, o səs yazısı montajdır. Onun sözlərinə görə, istintaq vaxtı vəkili səs yazısının ekspertizadan keçirilməsi barədə vəsatət qaldırsa da, təmin olunmayıb.

“Mən cinayət işində adı keçən şəxslərlə bağlı yazılara görə adını çəkmək istəmədiyim sayt rəhbərlərinə xahiş etmişəm. O adamlar mənim tanışım olub. Kiməsə nə hədə-qorxu gəlmişəm, nə də pul almışam”, – deyə İ.Rəhimov bildirib.

Məhkəmə prosesi aprelin 8-nə qədər təxirə salınıb.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb və Səbail Rayon Məhkəməsinin qərarıyla haqqında həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

İ.Rəhimov məhkəmədən öncə də həbsinin səbəbkarı kimi, Ə.Həsənov və Mətbuat Şurasının adını çəkirdi. Mətbuat Şurası isə onun səsləndirdiyi ittihamların əsassız olduğunu bəyan edib.

Ana səhifəXəbərlər”Məni Əli Həsənov və Əflatun Amaşov həbs etdirib”