Famil Xəlilov aclıq aksiyası keçirdiyini deyir
Sosial şəbəkələrdə hökumətlə bağlı tənqidi paylaşımlar edən I qrup əlil Famil Xəlilov 42 gündür ki, həbsdə aclıq aksiyası keçirir. O, sentyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində deyib ki, aclığı davam etdirir.
Mayın 2-dən narkotik ittihamı ilə həbsdə olan Famil Xəlilov Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır. O, məhkəmədə bildirib ki, hər iki qolu işləmədiyinə görə təcridxanadakı vəziyyətdə zəruri ehtiyaclarını ödəyə bilmir. Vəkilləri bundan əvvəlki məhkəmə iclaslarında iki dəfə ev dustaqlığına buraxılması barədə vəsatət qaldırsalar da, hakimlər təmin etmir.
Məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyev deyib ki, Bakı İstintaq Təcridxanasının rəhbəriyinə onun durumuyla bağlı tapşırıq verəcək.
Daha sonra prokuror ittiham aktını elan edib. İttihama əsasən, 1990-cı il təvəllüdlü Famil Xəlilov mayın 2-də Abdullayev küçəsində gedəndə Binəqədi polisinin əməkdaşları onu şübhəli şəxs kimi saxlayıb. Onu bölməyə gətirib, üstünə baxış keçirəndə şortikinin cibindən 13, 736 qram metamfetamin çıxıb.
Prokuror bu ittihamı elan edərkən Famil Xəlilov etiraz edib. O bildirib ki, orada yazılanların hamısı başdan-ayağa yalandır. Həmçinin özünün “təqsirləndirilən şəxs” adlandırılmasına da etiraz edib: “Mən təqsirləndirilən şəxs deyiləm, şərlənən şəxsəm”.
Famil Xəlilov bildirib ki, ittihamda onun Abdullayev küçəsində saxlandığı yazılsa da, əslində, onu ailəsilə birlikdə kirayə yaşadığı evdən tutub aparıblar. Həmin vaxt evdə – hamamda həyat yoldaşı onu yuyundururmuş:
“Yoldaşım məni hamamda çimizdirirdi. Qapı döyülüb, qızım açıb. Polislər evə tökülüşüb. İkisi formada olub, qalanı mülki geyimdə. 16 nəfər olublar. Mən xəstə adamam, heç vaxt ikinci mərtəbəyə çıxmamışdım. Məni sürüyə-sürüyə ikinci mərtəbəyə çıxartdılar. Göy salfet açıb qoydular ortaya ki, guya evdən tapıblar. Evdən mənim iştirakımla axtarış cəmi iki dəqiqə çəkib. İndi yazıblar ki, yox, küçədə tutublar məni, narkotik də şortikin cibindən çıxıb. Yaxşı, bəs kompüterlərimizi, telefonlarımızı niyə apardınız? Onlar da şortikin cibindən çıxmışdı?”.
Famil Xəlilov bildirib ki, tutulduğu gün evdən götürülən kompüterlər və telefonlar bu günə qədər qaytarılmayıb. O, həmin əşyaların qaytarılmasını tələb edib.
İctimai fəal əlavə edib ki, şortikin cibindən narkotik tapılması həm də ona görə yalandır ki, o şortikin ümumiyyətlə cibi yoxdur:
“Şahidin ifadəsində var ki, guya mən özüm cibimdən çıxarıb narkotiki təqdim eləmişəm. Uzun illərdir mənim əllərim işləmir, mən necə çıxarıb təqdim elədim? Bu qədər yalan olar?! Məni saat 15.00-da saxladıqlarını yazıblar. Narkotiki də 16.30-da çıxarıblar. Bəs saat yarımı neyləmişik? Yazıblar ki, Famil protokola imza atmaqdan imtina edib. Hansı əllə imza atmalıydım? Mən imza hüququmu həyat yoldaşıma və anama vermişəm. Onlara da heç bir məlumat verilməyib”.
Famil Xəlilov deyir ki, onu ailəsilə, övladları ilə hədələyiblər.
İctimai fəal əlavə edib ki, həbsinin səbəbi ölkədəki ədalətsizliklər, hakimiyyətin özbaşınalıqları barədə sosial şəbəkələrdəki çıxışları, yazılarıdır. Buna görə onu narkotiklə şərləyiblər.
“Həmin yazıları kompüterdə ayaq barmaqlarımla yazırdım. Yəni məni ayaq barmaqlarımla yazdığım yazılara görə şərləyib bura salıblar”, – Famil Xəlilov bildirib.
O, məhkəmə zalında verilən sənədə də ayaq barmağı ilə imza atıb.
Famil Xəlilovun məhkəməsi oktyabrın 24-də davam edəcək.
İsveçdən ailəsilə birlikdə sığınacaq istəsə də, imtina cavabı alaraq, 2023-cü ilin yayında Azərbaycana deportasiya edilən və bu il mayın 2-də həbs edilən Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.