Qubad İbadoğlu: ”Hazırkı iqtisadi böhran uzandıqca, bu azalmanın tendensiya xarakteri alması şübhəsizdir”
“Mənfəət vergisindən daxilolmalar azalır. Balıca səbəb zərərlə işləyən müəssisələrin sayının artmasıdır”.
Bu barədə iqtisadçı Qubad İbadoğlu öz “Facebook” səhifəsində yazıb.
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2016-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 12 milyard 104 milyon manat, xərcləri 12 milyard 468 milyon manat təşkil edib, büdcənin icrasında 364,3 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,7 faizi qədər kəsir yaranıb. Dövlət Statistika Komitəsinin açıqlamalarına görə, bu ilin 9 ayında büdcəyə daxilolmaların 24,5 faizi əlavə dəyər vergisi, 13,3 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 8,6 faizi fiziki şəxslərin gəlir vergisi, 4,6 faizi aksizlər, 11,0 faizi digər vergilər, 38,0 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Qubad İbadoğlunun fikrincə, burda diqqəti çəkən məqamlardan biri odur ki, 2016-cı ilin yanvar -sentyabr ayları üzrə hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən daxilolmaların ötən ilin eyni dövrünə nisbətən 14,5 faiz aşağı düşüb:
“Belə ki, cari ilin 9 ayında büdcəyə bu mənbədən 1 milyard 343 milyon 300 min manat vəsait daxil olub ki, bu da 2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 227,2 milyon manat azdır.
Son məlumatlara görə, hüquqi şəxslərin mənfəət (gəlir) vergisinin büdcə daxilolmalarında xüsusi çəkisi 13,3 faiz, ÜDM-də payı 3,1 faiz təşkil edir ki, bununla da bu vergi növü üzrə mədaxil büdcədə vergi gəlirləri üzrə ƏDV-dən sonra ikinci böyük payı ifadə edir.
Ölkədə vergi ödəyicilərinin sayının artdığı halda büdcənin vergi gəlirlərində ikinci böyük paya malik olan hüquqi şəxslərin mənfəət (gəlir) vergisində ötən illə müqayisədə kəskin azalma narahatlıq doğurur. Belə ki, cari ilin 9 ayında respublika üzrə 89 101 vergi ödəyicisi qeydiyyata alınıb. Beləliklə də, 1 oktyabr 2016-cı il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 739 297 olub ki, bu da 2015-ci ilin 1 oktyabr tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 12,2 faiz çoxdur. Onda sual olunur; niyə vergi ödəyicilərinin sayının artdığı, mənfəət vergisinin dərəcəsinin sabit qaldığı (son illər müəssisənin mənfəətindən 20 faiz dərəcə ilə vergi tutulur), vergidən azad edilən gəlirin hesablanmasında, uçotinda, eləcə də güzəştlərin tətbiqində dəyişiklik baş vermədiyi halda hüquqi şəxslərin mənfəət (gəlir) vergisində azalma müşahidə olunur?
Hesab edirəm ki, bunun başlıca səbəbi biznes mühitinin pisləşməsi, alıqıcılıq qabliyyətinin aşağı düşməsinə görə hüquqi şəxsləriin vergi tutulan gəlirinin (mənfəətinin) azalmasıdır”. İqtisadçı deyir ki, ölkədə zərərlə işləyən təsərrüfat subyektlərinin, eləcə də mənfəətin həcminin azalması belə bir nəticəyə əhəmiyyətli təsir göstərir: “Digər tərəfdən də neftin dünya bazar qiymətlərinin ucuzlaşmasına görə xarici və yerli neft-qaz şirkətlərindən mənfəət vergisi üzrə ödəmələrinin aşağı düşməsi, investisiya büdcəsinin kəskin ixtisarına görə büdcə əsaslı sifarişlərin azalması da son nəticədə bu növ vergi üzrə daxilolmaları azaldıb.
Hazırkı iqtisadi böhran uzandıqca, bu azalmanın tendensiya xarakteri alması şübhəsizdir”.