Bir neçə gün öncə Əli Kərimlinin evinin qarşısında gənclərin günlərlə toplaşıb etiraz aksiyası etməsinin şahidi olduq. Açığı, buna etiraz aksiyası demək istəməzdim, amma bəlli səbəblərdən insanlara bu adla təqdim edilmişdi. Etiraz varsa, demək etiraz edən insanların buna səbəbi olur.
Həmin aksiylarda isə səbəbsiz etiraz var idi. Bu yazıda danışmaq istədiyim məsələ Əli Kərimlinin evinin qarşısında olan aksiyalar deyil. O aksiyalara aid ayrıca fikir bildirmək elə hakimiyyətin maraqlarını bölüşmək olardı. Bütün bu həngamələr gündəmi dəyişmək, insan ölümlərini gizlətmək üçün məqsədyönlü şəkildə atılmış addımlar idi.
Məni düşündürən ora toplaşan gənclərdir. Görəsən o gənclər ora niyə, nə məqsədlə toplaşdıqlarını bilirdilərmi? Yox bilmirdilər, yəqin ki heç vaxt da bilməyəcəklər. Yəqin ki, o gəcləri zamanla əvəzləyən minlərlə, milyonlarla gənc olacaq.
Zamanla ölkədə belə hadisələrin şahidi olmuşuq. Hər birini gülüşlə qarşılayıb, o insanları da gülünc hərəkətlərinə görə sərt tənqid etmişik. Əkrəm Əylislinin evinin qarşısında oxumadıqları kitaba etirazlara. Onun oxumadıqları kitabını yandırmaqla bərabər, tanımaqdıqları Çexovun kitabını yandırmaqlarına. İnsan ölümlərinə səbəb olan, insanları öz evlərindən didərgin salan, büdcədən milyonlarla pulun silinməsinə, milyonlarla insanın narahatlığına səbəb olan, hakimiyyətin maraqlarına işləyən Avropa Oyunlarına könüllü olanlara qədər bu ölkədə minlərlə gəncin saxtakarlığa, əyilməyə, iyrənc əməllərə alət olduğunun şahidi olmuşuq.
Bəs bunlara qarşılıq olaraq o gənclər nə qazanır?! Başdan-ayağa rüşvətə bulaşmış, təhsildən başqa hər şey olan təhsil ocaqlarında oxuyan tələbələrə, dərsə gəlmədən, öyrənmədən, imtahan vermədən diplom əldə etmək vədləri bəs deyilmi bu gənclərin hərtərəfli məhv edilməsinə subut? Yoxsa əlli manata görə seçki qutularına topa-topa bulletenlərin atılmasında iştirak edən gənclərin pul qarşılığında bu qədər saxtakarlığa boyun olması? Nə öz gələcəklərini, nə də başqalarının gələcəyini düşünməyən bu gənclər görəsən həqiqətən atdıqları addımların nə qədər iyrənc olduğunu bir gün dərk edəcəklərmi? Xeyr etməyəcəklər, bunun üçün bir çox səbəb var.
Həqiqəti bilib danan, şərə xidmət edən, saxtakarlığı, yaltaqlığı özü üçün bir yol seçən insanlar bu ölkədə saysızdır. Məhz bu insanlardan danışmaq istəməzdim. Amma hər çirkli oyunda özləri də bilmədən alət olan gənclik daha ağrılıdır. Onlar daha bədbəxtdirlər. Mən Avropa Oyunlarında könüllü olan gənclərin gözündə parlayan fəxr hissini, sevinc hissini görüb o gənclərin necə məhv edildiynin şahidi olmuşam.
Hansısa maraqlar naminə ölkədə baş verən hadisələri gizlətmək məqsədi ilə təşkil edilən bütün işlərdə belə gənclərin xərclənməsi ən böyük iyrənclikdir. Niyə bir gənc universitetdə oxumaması üçün hər deyilən yerə gedir, hər deyilən addımı atır? Niyə bir gənc əlli manata görə seçki saxtakarlığında iştirak edir? Bütün bunların bir səbəbi var: Bu ölkədə insanların düşünmə azadlığını əllərindən alaraq düşünməyin nə qədər zəruri olduğunu unutdurublar.
O gənclərin ailələri onları belə öyrədib, o gənclər universitetdə, məktəbdə, məhəllədə – addımını atdığı hər yerdə bunları görüb, bunları öyrənib.
Ömrü boyu heç bir normal əyləncəsi, normal sosial həyatı olmayan insanlar hər dəfə bu yollarla öz həyatlarında xərcləyə bilmədikləri enerjini, sevinci, xoşbəxtliyi, yaşamaq hissini tapırlar.
Qeyd: MeydanTv fəaliyyətə başlayandan bəri elə son hadisələr zamanı da bu cür gənclərin heç özləri də bilmədən MeydanTv-yə qarşı sosial şəbəkələrdə sifarişlə yazıqları yazılarının şahidi olurdum. İki gün əvvəl bəlli oldu ki, MeydanTv ilə əməkdaşlıq edən jurnalistlərə saxta ittihamlarla cinayyət işi açılıb. Bundan əvvəl də bir neçə jurnalistin qanunsuz olaraq həbsinin, saxlanılmasının şahidi olmuşuq.
Bütün bunlar azad sözün, media azadlığının, vicdanlı insanların etiraz sənin boğulmasına xidmət edir. Bütün bu maraqlara görə nəticədə saxta yollarla öz işini vicdanla həyata keçirən insanlar həbs olunur, təqibə və təzyiqə məruz qalır, müxtəlif yollarla özləri və ailələri incidilir. Həmişə olduğu kimi bu olanlara da bir çox gəncin alət edilməsinin şahidi oluruq. Mənim sözüm o gənclərə yox, onları məhv edən ailələrə, müəllimlərə, cəmiyyətə və hakimiyyətədir.
Bu əməlləri nəticəsində gənclər özləri də bilmədən minlərlə insanın həyatını məhv edir, milyonlarla insanın gələcəyini sual altına qoyurlar. Əgər bir cəmiyyətdə insan mənəviyyatı alver predmeti olubsa, o cəmiyyət məhv olmağa məhkumdur.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.