Mənə barmağını tuşlayan uşaq…

“Nə olsun, dilənçi deyilsən, götür, ehtiyacın olar…”

Source:

O gün məhlədə əlil arabamla gəzəndə, bir uşaq məni görüb, qorxaraq, anasına qısıldı. Heyrətlə dolu gözlərini məndən çəkmədən, əli ilə anasına məni göstərirdi. Uşaq sanki qorxulu, əcaib bir məxluq görmüşdü. Anası onu sakitləşdirməyə çalışırdı ki: “qorxma, əmi xəstələnib”.

“Xəstələnib” haa…sözlər mənə pis təsir etsə də, uşağa gülümsədim.

Olduğum yerlərdə uşaqların belə reaksiyasına çox rast gəlirəm. Məktəbli yeniyetmələrin də reaksiyaları o balaca uşaqların reaksiyasından heç fərqlənmir. Elə bil, o yeniyetmələrə oxuduqları məktəblərdə heç təhsil və tərbiyə vermirlər. Bəziləri məni görəndə barmaqları ilə işarə edib, lap həmin uşaq kimi, başqa dostlarına göstərirlər. Bunları da yola verirəm. Amma ən təsirlisi cavan, orta və yuxarı yaşlı, bir sözlə, ilk görünüşdən ağlı başında olan insanların mənə, sanki yad planetli görürmüş kimi heyrətlə baxmalarıdır. Bu axmaq və yazıq baxışlar məni mənfi enerji ilə yükləyir. Onların baxışlarında axmaqlıq və yazıqlıqdan savayı, bir əcaib qorxu da görürəm. Bunlar şişirtmə deyil.

İnsanlar bu yazılardan elə nəticə çıxartmasınlar ki, guya mən bədbinəm və ancaq pis şeyləri görüb, özü-özlüyümdə məzlum görünüşü yaradıram. Əsla… Bu yazını oxuyub elə düşünənlər də ola bilər ki, guya mən cəmiyyətdən məcbur pozitivlik tələb edirəm. Belə şeyə haqqım yoxdur, bilirəm. Heç elə məqsədim də yoxdur.  Tələb etdiyim şey (kobud olsa da, yazıram) lütfən o axmaq, yazıq və qorxu dolu baxışlarınızı əlil arabasında olan və ya hər hansı fizki məhdudiyyətli şəxsə hədəfləyib, onları öz mənfi enerjilərinizlə kompleksə salmayın.

Əgər bizə qarşı belə davranmaqda israrlısınızsa, siz yaşca böyük, düşüncə ilə isə balaca zehniyyətə sahibsiniz. Əgər siz əlilliyi olan şəxslərə vəhşi nəzərlərlə baxırsınızsa, sizin övladlarınız da bizləri görəndə qorxub ağlayacaq və onlara uşaqlıqdan sırıdığınız “xoxanlar” kimi baxacaqlar bizə .

Bu baxışlara da dözmək olar. Bəs bir günün içində mənə küçədə 3-4 dəfə yaxınlaşıb, qəpik-quruş uzatmağınızı, dilənçi zənn etməyinizi, hələ mədəni şəkildə “mən dilənçi deyiləm” söyləyəndən sonra ,“ürəknən verirdim, götürmürsən də, nağayrım?!”, “nə olsuneee, dilənçi deyilsən, götür, bəlkə ehtiyacın olar” deməyinizə necə dözüm?

Əslində, Azərbaycanda əlillərdən təkcə uşaqlar qorxmur. Əlilliyi olan insanlarla dostluq, sevgi, intim və ailə münasibətlərindən də yetkin insanlar qorxur. Bilmirəm, qayğılarına heyfləri gəlir, yoxsa fiziki və psixoloji enerjilərinə. Bu qorxularını çıxartmaq üçün cəmiyyətimizdəki böyük bir kütləni “çıldaq” etdirmək lazımdır. Bəlkə bundan sonra bu banal qorxuları canlarından çıxa. Ən effektiv “çıldaq” isə kitab oxumaq və maariflənmə ilə ola bilər.

 Bu yaxında sosial mediada bir xəbər cəmiyyət arasında ajiotaj yaratmışdı.Sağlam, ayaq üstə gəzən xanım, bədəninin bir çox hissəsi iflic olan, fiziki məhdudiyyətli bəylə ailə həyatı qurmuşdu. Pəhh… Bunu sensasiyaya çevirərək, bir çox sosial şəbəkə səhifələrində paylaşmışdılar. Ən dəhşətlisi isə, xəbəri “Bakıda qeyri-adi toy” başlığı kimi təqdim etmələri idi. Elə bil həmin xanım, Avropada bir qızın etdiyi kimi, öz nişanlısının meyidi ilə, ya da Cənubi Amerikada yaşayan bir oğlan kimi karusellə evlənib. O başlığı yazan və bu hadisəyə sensasion, qeyri-adi xəbər kimi baxan insanlar heç özlərini həmin oğlanın yerinə qoyurlarmı? Həqiqətənmi, onların gələcəkdə, həmin vəziyyətdə toyu olacaqsa, bu hal “qeyri-adi” qarşılanmalıdır?

Cəmiyyət arasında əlillərə soxuşdurulan çox iyrənc bir ifadə var. “Fiziki qüsurlu”. Bu ifadə mətbuatda, televiziyada, eləcə də fiziki və hüquqi şəxslərin bir çoxunun dillərində hərlənir. Bu adamlar nə qədər tupoydular ki, anlamırlar ki, “qüsur” sözü yaxşı ifadə deyil. Bilməyənlər açıb, Azərbaycan dilinin izahlı lüğətinə baxsınlar ki, “qüsur ” sözü dilimizdə “nöqsan”, “ayıb” anlamına gəlir. Bu sözün əsl mənasını dərk etməmək, ya da dərk etdiyin halda, əlilliyi olan insana ünvanlamağın özü qüsurdur. Əlilliyi olan şəxslərə dünya çapında qəbul olunmuş ən düzgün ifadə-“fiziki məhdudiyyətli” ifadəsidir.

Əgər bir uşaq məni küçədə görüb qorxulu, heyrət dolu nəzərlərlə, əli ilə əlil arabama işarə edərək, valideynindən soruşursa: “ona nə olub?”, “o, niyə gəzmir?”, “o, niyə elədir?” bunun günahı təhsil nazirliyində, əlil cəmiyyətlərində, kütlələrə ən təsirli vasitə olan televiziyalarımızdadır.

Uşaq bağçalarından başlayaraq, uşaqları maarifləndirmək lazımdır ki, cəmiyyətimizdə tam sağlam adamlardan başqa, əlilliyi olan, əlil arabasında oturmağa məcbur, fiziki məhdudiyyətli insanlar da var. Əlil cəmiyyətləri və QHT-lər aldıqları qrantlardan bir az da bu istiqamətdə xərcləsələr, pis olmaz. Xüsusi braşuralar paylasalar, vətəndaşlara, şəhərin bir çox yerlərində əlilliyin dərk olunması üçün sosial reklamlarla təbliğat aparsalar, nə olar ki? Yerli televiziyalarımız xalqa “bambılı zövqü” aşılayan musiqilər, şou-proqramlardan savayı, cəmiyyətə əlillərlə də bağlımaarifləndirici nələrsə təqdim etsələr, pis olar?!

 Əlilliyi olan şəxslərdən qorxmayın, cahil kimi görünməkdən, uşaqlarınızı cahil böyütməkdən qorxun.


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəMənə barmağını tuşlayan uşaq…