”Mən özüm də universitetdə hərdən otağımı səhv salıram”

Odlar Yurdu Universitetindən 219 min 900 dollar və 94 min manat oğurlanıb

Source:
Odlar Yurdu Universiteti
Odlar Yurdu Universiteti
Odlar Yurdu Universiteti
Odlar Yurdu Universiteti


Odlar Yurdu Universitetindən 219 min 900 dollar və 94 min manat oğurlanıb

Dekabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Odlar Yurdu Universitetinin prorektoru Munir Vəliyevin iş otağından külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Meydan TV-nin məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Munir Vəliyev ifadə verib. M.Vəliyev dəyən ziyanın qaytarılmasını tələb edib: “Əgər mənim pulum qaytarılsa, şikayətçi olmayacam. Mən özüm də universitetdə hərdən otağımı səhv salıram. Amma bu otağın yerini bilən olub. Hər şeyi də ifadəmdə qeyd etmişəm. Seyfdə 219 min 900 dollar və 94 min manat məbləğində pulun olmasından təqsirləndirilən Vüqar Vəliyevin xəbəri var idi. Həmin pulları Vüqar görmüşdü. Onlar maskalı olublar. Girib pulları aparıblar. Bunlar kamera görüntülərində də var, şahidim də var”.

Onun ifadəsinə münasibət bildirən təqsirləndirilən şəxs Sübhan Ələkbərov isə bildirib ki, seyfi səhv salıblar: “Həmin seyf olduğunu bilmədik. Ona görə səhv saldıq. Universitetdə seyfdə pulun olmasını Vüqar dedi”.

Daha sonra şahid qismində Odlar Yurdu Universitetində kadrlar şöbəsinin müdri Rafiq Qasımov dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Şahid təqsirləndirilən şəxslərdən yalnız Vüqar Vəliyevi tanıdığını söyləyib: “O, bizdə işləyirdi. Seyfdən 219 min 900 dollar və 94 min manat pul aparılıb. Hadisədən sonra Munir müəllim mənə zəng etdi ki, oğurluq olub. Mən də universitetə gəldim və polisə məlumat verdik. Munir müəllimin otağından seyfin oğurlanması, oranı yaxşı tanıyan adamın işidir. Çünkü universitetdə 200-dən çox otaq var. Onun iş otağının qapısında heç Munir Vəliyevin adı da yazılmayıb. Mühasibatlıqda, kassada da pul olub, lakin oradan aparılmayıb. Munir Əhmədov təqsirləndirilən Vüqar Vəliyevə ev almasında, onun təhsil almasında kömək edib”.

Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin edilib.

Təqsirləndirilən şəxslər Nərimanov rayon ərazisində Odlar Yurdu Universitetindən oğurluq ediblər. Həmin şəxslər ümumilikdə 429 min 172 manat dəyərində əmlak ələ keçirməkdə təqsirləndiriliblər. Onlar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunurlar. Təqsirləndirilən şəxslər isə seyfdə o qədər pulun olmadığını, ittihamın şişirdildiyini iddia edirlər.

Ana səhifəXəbərlər”Mən özüm də universitetdə hərdən otağımı səhv salıram”