”Mən oğlumu vətən yolunda göndərmişdim, özümünkülər öldürdü”

Dövlət Sərhəd Xidmətinin Balakən rayonundakı sərhəd bölüyündə müəmmalı şəkildə ölən əsgərin atası istintaqdan narazıdır

Source:


Dövlət Sərhəd Xidmətinin Balakən rayonundakı sərhəd bölüyündə müəmmalı şəkildə ölən əsgərin atası istintaqdan narazıdır

“Artıq bir neçə aydır ki, cinayət işi açılıb, istintaq gedir, amma nəticəsi yoxdur. Bizi aldadırlar, başımızın altına yastıq qoyub, işi bağlamaq istəyirlər. Oğlumu aparıblar dağa, arxadan avtomatın qundağı ilə başını partladıblar. Sonra da çənəsindən güllələyiblər, guya ki, özünü vurub. İndi də qanını batırmaq istəyirlər”.

Bu sözləri

Meydan TV

-yə ötən il sentyabrın 12-də Dövlət Sərhəd Xidmətinin Balakən rayonundakı sərhəd bölüyündə xidmət edərkən, müəmmalı şəkildə həyatını itirən Xaçmaz rayon sakini Hüseyn Qurbanovun atası Fəxrəddin Qurbanov deyir.

Əsgər atası oğlunun intihar etmədiyini, öldürüldüyünü iddia edir. Bir neçə aydır faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinin məqsədli şəkildə yubadıldığını söyləyir:

“Müstəntiq uşağın oxuduğu Sumqayıt Dövlət Universitetinə gedib, Xaçmazda bütün dostlarını dindirib, izahat alıb. Bilirsiniz niyə? Oğlumun əleyhinə nəsə tapmaq istəyirlər. Əvvəlcə, “anası üçün darıxıb, özünü öldürüb”, – dedilər. Sonra da dedilər ki, nişanlısı başqası ilə qaçıb, bu da özünü vurub. İndi ki, belədir, nişanlısını göstərin, biz də tanıyaq. Mən atasıyam, heç bilmirəm ki, oğlum nişanlıdır. Sapsağlam uşağımı apardılar, meyitini gətirdilər. Gətirəndə də söylədilər ki, şəhid olub. Dəfn etdikdən sonra isə dedilər ki, sənin uşağın özünü avtomatla vurub. Oğlum idmançı idi, hələ uşaqlıqdan cüdo ilə məşğul olurdu. İntihar nədir? Əgər oğlum intihar edibsə, sübut və səbəb göstərsinlər. Desinlər ki, uşağım niyə özünü güllələyib”.

Hüseyn Qurbanovun
Hüseyn Qurbanovun

Fəxrəddin Qurbanov hadisə ilə bağlı oğlunun komandiri, leytenant Adəm Həsənlini təqsirli bilir:

“Oğlum 2018-ci il iyulun 2-si hərbi xidmətə çağrıldı, ayın 3-də yola düşdü. Cəlilabad rayonunda idi, bir ay orada xidmət etdi. Avqustda andiçmə mərasimi oldu. Yanına getmişdik. Bir həftədən sonra Dövlət Sərhəd Xidmətinin Zaqatala rayonundakı sərhəd bölük xidmətinə düşdü. Hamı da orada oğlumdan razılıq edirdi. Bir aydan sonra, sentyabrın 8-də uşağı Dövlət Sərhəd Xidmətinin Balakən rayonundakı sərhəd bölüyünə göndərdilər. Oğlum bizə ayın 8-də zəng edib dedi ki, Balakənə gedirəm, yerləşim, yanıma gələrsiz. Hətta üzqırxan, corab, şirniyyat istədi. Biz də dedik ki, çatan kimi xəbər edərsən. Çox sevinirdi ki, Balakənə gedir. Ayın 8-də getdi, 12-də xəbər çıxdı ki, Hüseyn Qurbanov şəhid olub. Bizdə dəqiq məlumat var ki, uşaq ayın 10-da vurulub, iki gün “morq”da saxlayıbar. Biz hələ də bilmirik ki, iki gündə nə olub, uşağımızı niyə vurublar? Hadisədən dərhal sonra Adəm Həsənlini beşinci bölükdən ikinciyə keçirdilər, hətta vəzifəsini də qaldırdılar. Bu erməni vurub ki, vəzifəsini qaldırırsan? Biz onu hərbi xidmətdən saxlatdırmaq istəyirdik. Özü dedi ki, mən əsgərliyə gedirəm. Mən oğlumu vətən yolunda göndərmişdim, özümünkülər öldürdü. Sonra da meyitini gətirib, qapıya qoydular, dedilər ki, sağ ol, biz getdik”.

“Adəm Həsənli tutulmayana kimi mən üzümü qırxmayacağam. Nəyin bahasına olursa-olsun onu tutduracağam, oğlumun qanı yerdə qalmayacaq”, – əsgər atası belə deyir:

“Ekspertiza baxdı, məlum oldu ki, oğlumun özünü guya vurduğu avtomatda barmaq izləri silinib. Adəm Həsənli də deyir ki, avtomatı mən qurdalamışam. Dedim, xeyir ola, ortada cinayət var, sən hadisə yerinə heç yaxın getməli deyildin. Mənə qayıdır ki, elə kinolarda olur. İstintaqı gözləyirəm, görüm nə olacaq. Adəm Həsənlinin atasına zəng edib, deyirəm ki, onsuz da sənin oğlun tutduracağam. Atası da prokurorluğa ərizə yazıb ki, guya onu hədələmişəm ki, adam tutub, oğlunu öldürdürtdürəcəyəm. Mənə onun ölməyi lazım deyil. Ölmək asandır, öldü, getdi. Həbs olunsun, həmişə vicdan əzabı çəksin ki, günahsız əsgəri öldürüb.

Fəxrəddin Qurbanov
Fəxrəddin Qurbanov

Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Cinayət işini aparan müstəntiq Mehman Qasımlı isə Meydan TV-yə “Cinayət işi davam etdirilir. İstintaq prosesi ilə bağlı məlumat verə bilmərəm”, – deməklə kifayətlənib.

Ana səhifəReportaj”Mən oğlumu vətən yolunda göndərmişdim, özümünkülər öldürdü”