Mən necə aqressiv oldum?

O yazardan özünüzü gözləyin ki…

Source:

Bir çox insan başqalarına qarşı mühakimə edici və şübhəli nəzərlərlə baxır. Bu qaraqəlbliliyin nişanəsidir. Hər şeydə özünü haqlı hesab edir. Bu isə cahilliyin nişanəsidir. Sözüm məni tanımayıb, publisistikadan və ədəbi tənqiddən xəbəri olmayanlaradır. Yazarlar cəmiyyətin həkimləridir.. Mən özümü ali yazar zənn etmirəm. Bu sahədə yeniyəm və həvəsliyəm. Hər gün özümü inkişaf etdirməyə çalışıram. İnşallah, hər şey daha yaxşı olacaq. Qətiyyən özümə bədbin fikirlər gətirmirəm. Məni qınayanları da qınamıram. Çünki qınamaq, səhv tutmaq asan məsələdir. Çətini başqasının yerinə özünü qoymaq və tam sağlam, detallı təhlildir.

Anlayışın, səbrin və ən əsas EŞQin qıt olduğu toplumda bu hal çox təbiidir. Eşq və sevgi yoxdursa, deməli, orda qütbləşmə, əsəb, nifrət, bir sözlə, ağlınıza nə mənfi ünsürlər gəlirsə, onlar mövcuddur. Bax, bunlara qarşı məhz sərt fikirdə olmalı və ilk növbədə özümüzdən, sonra isə cəmiyyətdəkilərin ruhundan bu ünsürlərin çıxması üçün vuruşmalıyıq..

Mən insanlara xitab edərkən, müqəddəs yollar göstərmirəm. Mən peyğəmbər və ya ideal birisi deyiləm. Hadisələri və problemləri yazmaqda niyyətim nə qeybət, nə bədbinlik, nə çarəsizlik deyil. Hamı görmək istədiyini görər zatən. Sadəcə içi mən qarışıq, hər birimizin böyük islahatlara ehtiyacı var. Bir çoxları asan şəkildə, heç məni tanımadan deyirlər: “aqressivsən”..

Mən aqressiya-filan təbliğ etmirəm. Çox pozitivəm. Bəli, ruhum etirazkar və narazıdır. Bunu eqoistlikdən etmirəm. İnsanların haqqı tapdanırsa, ədalətsizlik meydan sulayırsa, insanların bir çoxu əlillikdən xəbərsizsə, onları dilənçi zənn edirsə, onlara yazıq və axmaq baxışlarla baxıb,kompleksə salıb, ev dustağına çevirirsə, intim həyatının olmamasından şübhələnib, münasibətdən qaçıb və ya onu yarı yolda buraxırsa, mən niyə yazmayım olanları?

Siz deyirsiniz, pozitiv şeylər yaz. Mən pessimist deyiləm. Siz cəmiyyətimizi və əlilliyi olan insanları ancaq pozitiv görmək istəyirsinizsə, lütfən AzTv-yə baxın. Orda hər şey sizə gözəl və qüsursuz təqdim olunacaq. Mən həyatı çox sevirəm. Sizin pis sözləriniz mənə pis təsir etmir, amma sizə acıyıram. Siz belə şeylərə öyrəşmisiniz. O qədər bekar, mütaliədən uzaqsınız ki, özünüzü ali insan münasibətlərinin formalaşması və davranışı üzrə mütəxəsis zənn edirsiniz. Hətta bəzi əlindən kitab düşməyənlər də var. Hərdən düşünürəm, ilahi, doğurdan bu insan kitab oxuyub?

İndi hamı tökülüşəcək ki, tənqidə dözümün yoxdur. Niyə olmasın axı?! Bilirəm ki, inkişaf bir çox hallarda tənqidlə mümkündür. Ancaq sağlam və qərəzsiz tənqidlə! Bir çox halda, oxucuların tənqid və iradlarından nəticə çıxartmışam. Sağ olsunlar. Mənim ən yaxşı dostum məni tənqid edən dostumdur. Harold Pinter deyib ki, “O yazardan özünüzü gözləyin ki, sizə ideyalarını zorla sırıyır, şəxsiyyətinin əhəmiyyətindən, insanı çox sevdiyindən dəm vurur.” Aha, biz sizin üçün sinov getmirik, istəyimiz bərabər hüquqlu və sivil cəmiyyətin qurulmasıdır. Mən kobud biriyəm və bu xasiyyətimi yüngülləşdirməyə çalışıram. Yanlışlarım çoxdur, amma günəşi və gələcəyi görürəm. Gələcəyimiz gözəl olacaq. Başınızı ağrıtmalıydım, qüsura baxmayın.

Ana səhifəMənim FikrimcəMən necə aqressiv oldum?