Mən hər şeyi gördüm!

Öz gözlərimlə gördüm!

Source:



Əziz dostlar, qardaşlar, bacılar, həmkarlar, yoldaşlar, sevgili millət, uca xalqım!



Məni təbrik edin lütfən, həyatımda ən böyük hədiyyəmi aldım!



Çünki mən – gəncliyimə qayıtmışam!



Uşaqlığımda Zeynəb Xanlarovanın ifasında Oqtay Kazımovun “Hara getdi cavanlığım” mahnısını dinləyib gah gülürdüm (əsas da klarnetçinin solosunda – nə qanaydım ondakı hikməti!), gah da mat-mat baxırdım. Nə biləydim, başıma nə gələcək…

Bizim nəslin gəncliyi 90-cı illərə düşdü – bir kef idi, bir həngamə idi, gəl görəsən. Sovetin bir baş naziri vardı, Pavlov, demək qardaş rublun it gününə düşməsindən sonra demişdi ki, hamıya “təsəlli” kimi üstdən 60 rubl verəcək. Camaata “prikol tutmaq” daha necə olur – bax, ondan.

Yeni il öncəsi və bütün indi gördüklərimiz hamısı o qəbildəndir. Nazirliklərin adı sanki sirkdə gözbağlayıcı tutuquşu-zad fırladan kimi fırladılır, maaşlar 10 AZN artırılır, televizordakılar da ağıllı-ağıllı deyir “bu dünya krizisidü, nə qanırsız siz, geosiyasət zırt-zırt-pırt edir, siz qanmazsız mını”, bir dahi yazar da əjdaha kimi məsləhət verdi ki, “gedin, soğan əkin”. Deyirlər ki, valyuta da artıq qara bazarlarda satılmağa keçəcək, bax onda dəqiq, konkret 90-cı illərə qayıdacayıq, lap mənim gəncliyimə!

Yadıma 1992-ci ilin qışı gəlir, dostlarımızdan biri, valtornist Ağaşka var idi, adam opera teatrında valtorna çalırdı, məşqlərdən də kənar Malankan bağında bədheybət-bədheybət “rus pulu, dollar, rus pulu, dollar” deyibən nərildəyən puldəyişənlərə qoşulur, birtəhər vəziyyətdən çıxmaq istəyirdi. Bir dəfə bu Ağaşkanı da “atdılar”, kimsə 100$ alıb yerinə 1$ vermişdi. Bu müsibətə yığışan bir dəstə musiqiçi arasından bir yaşlı müdrikin ona: “axı sənin onnarnan nə işün vardu ki, axırunda bələnçik olsun, ay Ağa? Begəm ora sənün yeründü?” – kəlmələri indiyə kimi xatirimdə qaldı.

İndi nə edək, 25 ildən sonra durub 9 milyonluq camaata da həmin bu sözləri təkrar edək, yoxsa neynəyək? Axı doğrudan da, bizim hamımızın “onnarnan nə işimiz vardı ki, axırında da bələnçik olsun? Begəm ora bizim yerimizdi?”

Amma heç deməyin ki, bu illər əbəs gedib, əsla əbəs getmədi bu illər.

Vallah hamısını, nə lazımdısa hamısı gözlərimizlə gördük, axı gözüylə görməyən ibrət götürməz, belə demirdi qədim-müdrik kitablar?

Bu illər ərzində şəxsən mən həyatımı çox dolğun yaşadım – deyə bilərəm.

Çünki bədii əsərlərdəki, filmlərdə, ədəbiyyatda, operalardakı personajları gözlərimlə gördüm.

Mən Stalin vaxtı “donos” yazanların necə tip olduğunu da gözlərimlə gördüm.

Mən yəhudiləri Gestapoya təhvil verənlərin kim olduğunu gözlərimlə gördüm.

Mən “Gargantua və Pantagruel”in qəhrəmanlarının da kimlər olduğunu gözlərimlə gördüm.

Mən orta əsrlərdəki cəlladın, inkvizisiyanın da necə baş verdiyini gördüm.

Mən “Don Kixota” gülənlərin də kim olduğunu gözlərimlə gördüm.

Mopassanın “Eybəcərlər anası” əsərindəki o qadını da, onun korsetindən əyilib, əyiş-üyüş olub çıxmış uşaqların da kim olduğunu da gözlərimlə gördüm.

Konslagerlərdə qaz kameralarının qapısını kilidləyib, zəhərli qaz dəstəyini buranları da gözlərimlə gördüm.

Bunuelin “Burjuaziyanın xəfif cazibəsi” filminin hadisələrinin necə baş verdiyinin də şahidi oldum.

Pasolinin filmindəki Nağılbaz xanımı isə TV-də hamımız gözlərimizlə hər gün görürük.

Canım, insan daha xoşbəxt olmaq üçün həyatda yenə də nələrsə görməlidir ki?


P.S. Həzərat, sən canı, məni qorxutmayın, yəni əgər bundan sonra da görəcəklərimiz varsa, indidən deyin bilim, bütün müqəddəslərə and verirəm sizi. Məşhur sitatda deyildiyi kimi “niyə məni yazığ eliyirsən?”


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəMən hər şeyi gördüm!