Mən heç vaxt Rastin olmayacam

Qəhrəmanların xalqdan hesab soruşmaq haqqı yoxdu

Source:

Son günlər Türkiyəli yazar Hakan Gündayın “Daha” romanını oxudum. Roman doqquz yaşında ikən atası ilə birlikdə xaricdən qaçaq işçi gətirmə işinə başlayan Gaza adlı bir uşağın hekayəsi kimi başlayır. Daha sonra bir çox mövzulara toxunulur.

Romanda əsas hissələrdən biri də, Gazanın müvəqqəti olaraq öz həyətlərində bunkerdə saxladıqları əfqan qaçqınlar üzərində keçirdiyi təcrübə və onun nəticələri ilə bağlı olan hissəsidir.

Gaza həmin qaçqınlara bir cox əziyyətlər verir. Onların müxtəlif situasiyalarda davranışlarını yoxlayır. Bu işdə o bunkerdə olanlardan Rastin adlı birini özünə köməkçi seçir. Gaza radio ilə əmrlər verir, Rastin isə bu əmrləri bunkerdəki qrupa başa salır və icrasını təşkil edir. Ancaq  bir az keçdikdən sonra Gaza görür ki, Rastin öz həmvətənlərinə onun istədiyindən də çox əziyyət verir. Özündən əlavələr edir. Sonradan Gaza Rastindən bunun səbəbini soruşduqda, Rastin cavab verir ki, O Kabil Universitetinin tələbəsi olub. Əfqan xalqının azadlığı ugrunda siyasi mübarizə aparıb. Bir çox dostları öldürülüb və ya həbs olunub. Ancaq xalq onlara dəstək verməyib. Daha çox inanmayıb və lağa qoyub. İndi isə ölkədən qaçmağa məcburdur. Ona görə xalqa nifrət edir və indi də əlinə düşən imkandan istifadə edərək, qisas alır.

Rastinin durumu mənə və dostlarıma çox yaxşı tanışdır. Biz və ailələrimiz də müəyyən məhrumiyyətlər, xəyanətlər yaşamışıq. Azadlıqda və həbsdə əksər insanlar bizim heç nə edə bilməyəcəyimizi, hakimiyyətin qabağında çox zəif olduğumuzu və s. bunun kimi şeylər deyərək lağa qoyublar. Həbsə düşəndən sonra da başqalarını bir kənara qoyaq, hətta əvvəl yanımızda olan dostların və ya qohumların bir çoxu heç bir dəstək verməyib. Daha çox “ağıl” veriblər.

Həbsdə qarşılaşdığımız bir çox insanlar bizə eyni sualı verirlər: “heç olmasa sizə dəstək verirlərmi?”. Əsasən maddi dəstəklə maraqlanırlar. Mən hər dəfə onlara izah etməyə çalışıram ki, mən bu işi kiminsə mənə dəstək verib-verməməsinə görə eləmirəm. Dəstək olacaqsa, çox əla, amma olmayacaqsa da, mən bu cür davam edəcəm. Ancaq bir çoxlarını bu cavab qane eləmir. Onlar mənə inanmırlar və ya inanmaq istəmirlər.

Bütün bunlara görə, biz də Rastin kimi düşünə bilərdik bəlkə də. Onun kimi xalqa qarşı bir qəzəb yaranan bilərdi bizim də içimizdə.

Bizim uğrunda həbsə düşdüyümüz, atəşkəs dövründə şəhid olmuş əsgərlərdən bir neçəsinin valideyni dəfələrlə bizim məhkəmələrdə iştirak eləyib. Onların bizim məhkəmələrimizdə iştirak eləməsi bizim üçün digər bütün insanların iştirakından daha vacibdi. Onları məhkəmədə görəndə çox qəribə və gözəl hisslər keçirir insan.

Ancaq mən xüsusilə bu romanı oxuyandan sonra bir daha özüm üçün yəqinləşdirdim ki, hətta bizim məhkəmələrdə heç kim iştirak eləməsə belə, mən davam edəcəm və heç vaxt Rastin olmayacam. Məhkəməmiz davam edir, yəqin ki, uzun müddətli azadlıqdan məhrumetmə cəzası verəcəklər. Ancaq heç bir həbs və ya başqa bir şey yuxarıda yazdığım fikirlərimi dəyişdirməyəcək.

 Özümü qəhrəman hesab eləməsəm də, yazını romandakı bu ifadə ilə bitirəcəm:

 “Qəhrəmanlara vəzifələrini xalq deyil, özləri verirlər. Beləliklə, qəhrəmanların xalqdan hesab soruşmaq haqqı yoxdur”.

P.S. Bizə həbs dövründə dəstək vermiş və ya heç olmasa dəstək verməyə çalışmış insanlar da olub və mən onların hamısına təşəkkür edirəm.

16.01.2014. Kürdəxanı. BİT.

Ana səhifəMənim FikrimcəMən heç vaxt Rastin olmayacam