Həmidə Məmmədova

Mənbə: Meydan TV

Başlıq: Həmidə Məmmədova

“Məmurlar tədbir görsə, vətəndaşlar hər problemdən ötrü prezidenti narahat etməz”

Məqalə yeniləndi:  28 Avqust 2020

Sumqayıt sakinləri: “Evimiz başımıza uçur, önəmsəyən yoxdur”

“Evimiz başımıza uçur. Ölkədə müraciət etmədiyimiz qurum qalmayıb. Hamısı bir-birinin üstünə atır, baxmır. Sabah bina uçsa, 12 ailə 50-dən çox adam qalacaq altında. Onda bu faciədən kim cavabdeh olacaq? Kim verəcək bunun cavabını?”

Sumqayıtın 19-cu məhəllə adlanan ərazisindəki 15-ci binanın sakini Nərmin Abdullayeva belə deyir. Bildirir ki, bina istismar müddətini çoxdan başa vurub, düzdür, ancaq tam qəzalı duruma düşməsinə səbəb qonşuluqdakı yeni tikili binadır.

19-cu məhəllə

19-cu məhəllə

Mənbə: Meydan TV

“Həmin bina tikilən zaman buradan ağırtonnajlı avtomobillər keçirdi. Biz buna narazılıq etdik, dedik, bina silkələnir, başqa yerdən keçsin. Bina rəhbərliyi bizə söz verdi ki, buradan sizə də mənzil veriləcək. “İmkan verin, işimizi görək”. Dedilər ki, bilirik, binanız onsuz da qəzalıdır:

“Sizə ev lazımdır, bizə də işimizi görmək”. Biz də inandıq, izin verdik. Bina tikilib başa çatanda bizi tanımadılar”.

“Nə ev verdilər, nə də üzümüzə baxdılar”

Sakinlərdən 76 yaşlı Həmidə Məmmədova isə 1962-ci ildən burada yaşayır. Deyir, köhnə bina idi. Qonşuluqda hündürmərtəbəli bina tikiləndən sonra yaşadığı bina daha da qəzalı duruma düşüb:

"Bina silkələnir"

"Bina silkələnir"

Mənbə: Meydan TV

“Camaat əvvəlcə qoymurdu buradan ağırtonnajlı avtomobillər keçsin. Dedilər, “ev veriləcək”. Mən də diz çökdüm qonşularımın qarşısında, yalvardım ki, imkan verin, işlərini görsünlər. İşlərini gördülər, binalarımız qəzalı duruma düşdü, sonra aradan çıxdılar. Nə ev verdilər, nə də üzümüzə baxdılar. Dəfələrlə yük maşınını evin kənarındakı dirəklərə çırpdılar və binanı daha da qəzalı duruma saldılar. İndi uçub başımıza tökülür”.

“Uçan evin damını düzəltdilər, dedilər, “qəzalı deyil, oturun””

Həmidə Məmmədova deyir ki, evlərinin bu durumu ilə bağlı dövlət orqanlarına çox gedib-gəlib, ərizələr yazıblar. Hər dəfəsində də onlara “gözləyin, söküləcək”, cavabı veriblər:

“Axırda uçan evin damını düzəltdilər, dedilər, “qəzalı deyil, oturun”

“Axırda uçan evin damını düzəltdilər, dedilər, “qəzalı deyil, oturun”

Mənbə: Meydan TV

“Axırda uçan evin damını düzəltdilər, dedilər, “qəzalı deyil, oturun”. İstiliyi də yoxdur. Məsələ budur, qışda donuruq”.

“Evimiz günü-gündən köhnəlir, dağılır, axırda başımıza uçacaq”

Həmidə Məmmədovanın 3 otaqlı mənzilinin 9 sakini var. Ancaq deyir, şəraitsizlikdən və qəzalı durumda olduğundan kimsə burada qalmır:

"Evimiz günü-gündən köhnəlir, dağılır"

"Evimiz günü-gündən köhnəlir, dağılır"

Mənbə: Meydan TV

“Hamısı kirayədə yaşayır. Təkcə oğlumdan başqa. İşçıxışı, gecələr gəlib mənimlə qalır. Yenə az da olsa yaşanası durumda idi. FHN gətirib damını düzəltdirənədək. Yuxarı mərtəbələrin evinin içinə su damırdı. FHN bir-iki ay öncə dam örtüyünü yenilədi. Yenilənmə sırasında evi daha da qəzalı duruma saldılar. İndi hər tərəfindən içəri nəm verir. Bilmirik dərdimizi hara, kimə deyək. Çünki artıq belə bir qurum qalmayıb. FHN-ə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Birinci Vitse-prezident Mehriban Əliyevaya, Prezident İlham Əliyevə - hər yerə yazmışıq. Əslində məmurlar vaxtında bir tədbir görsələr, vətəndaşlar hər xırda problemdən ötrü prezidenti narahat etməz. Bir sözlə, müraciətlərimizin heç birinin nəticəsi olmayıb. Evimiz günü-gündən köhnəlir, dağılır, axırda başımıza uçacaq”.

“Qorxa-qorxa yatırıq ki, birdən ev uçar, qalarıq altında”

Nərmin Abdullayevanın 2 övladı var. Hər ikisi azyaşlıdır. Yaşadığı evdə isə 4 azyaşlı böyüyür. Deyir, onlar üçün bu evdə yaşamağın hər günü təhlükədir. Hətta sonuncu dəfə mətbəxin tavanı çökəndə az qalıb 2 yaşlı körpə altında qalsın:

Nərmin Abdullayeva

Nərmin Abdullayeva

Mənbə: Meydan TV

“Hər gün qorxa-qorxa yatırıq ki, birdən ev uçar, qalarıq altında. Həqiqətən vəziyyət acınacaqlıdır. Qaynımgillə bir evdə yaşayırıq. Hərəmizdə 2 uşaqdır. Onlar üçün çox narahatıq. Ev çürüyüb, deyir, “məndən əl çəkin”. Necə çəkək? Nəyimiz var ki, gedək özümüzə ev alaq? Şikayət edəndə də deyirlər ki, mərkəzdə qalırsız, dərdiniz nədir? Anlamırlar ki, ev başımıza uçur, nə edək mərkəzi? Mərkəzdə yaşayırıq, amma vanna otağımız yoxdur. Yoldaşım 320 manat maaş alır. 2 uşaqla yeməyimizi güclə ödəyirik. Qaldı, özümüzə ev alaq, yaxud kirayə mənzilə çıxaq. Buna imkanımıza yoxdur”.

İcra Hakimiyyəti: “Rəy verildikdən sonra məsələyə aidiyyatı üzrə baxılacaq”

Meydan TV məsələyə münasibət öyrənmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyətindən bildirilib ki, qeyd olunan şikayətlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən binaya baxış keçirilib. Binanın qəzalı vəziyyətdə olub-olmaması ilə bağlı rəyin verilməsi üçün aidiyyatı qurumlara müraciət ünvanlanıb:

Sumqayıt İcra Hakimiyyəti

Sumqayıt İcra Hakimiyyəti

Mənbə: Meydan TV

“Binanın qəzalı vəziyyətdə olub-olmaması ilə bağlı rəy verildikdən sonra məsələyə aidiyyatı üzrə baxılacaq”.

Fövqəladə Hallar Nazirliyindən isə məlumatı araşdıracaqlarını söyləyiblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  28 Avqust 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/cloyl2

Ən çox baxılan