”Məmur övladlarının etdiyi günahın cəzasını oğlum çəkir”

Təranə Mehdiyeva: ”Şikayət ərizəsi qalıb kənarda, mənim oğlumu tutub salıblar içəriyə”

Source:


Təranə Mehdiyeva: ”Şikayət ərizəsi qalıb kənarda, mənim oğlumu tutub salıblar içəriyə”

 “Məmur övladlarının etdiyi günahın cəzasını oğlum çəkir. Onlar etdiklərinə görə sadəcə şahid qismində dindiriliblər. Oğlum isə etmədiyi günahın cəzasını çəkir”.

Bu sözləri Təranə Mehdiyeva deyir. O, Beyləqanın orta məktəblərinin birindəki təcavüz olayından sonra həbs edilən Kamil Hümbətovun anasıdır.

Hadisə ilə bağlı iki Beyləqan sakini – Tural Kərimov və Kamil Hümbətov Cinayət Məcəlləsinin 152.1 maddəsi ilə  (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) həbs olunub.

Təranə Mehdiyeva cinayət işinin obyektiv araşdırılmadığını söyləyir. Deyir, qıza qarşı nalayiq hərəkət edib, videoya çəkib, yayanlar qalıb kənarda, cəzanı günahsız olan oğlu çəkir:

“Dəfələrlə işin yenidən araşdırılması üçün ərizə ilə müraciət etmişəm, baxmayıblar. Prezident məmurlara vətəndaşlarla münasibətdə süründürməçiliyə yol verməməyə, problemlərini həll etməyə çağırıb. Beyləqandakı olayla bağlı biz eynisini görmədik. Cinayəti törədənlər qalıb kənarda, oğlumu həbs ediblər”.

Təranə Mehdiyeva deyir ki, təcavüzə məruz qalan A.Z ərizəsində ona bunu edənlərin sinif yoldaşları olduğunu bildirib:

“Ancaq Beyləqan rayon Polis Şöbəsinin müstəntiqi Telman Kərimov işi düzgün  araşdırmır. Şikayət ərizəsi qalıb kənarda, mənim oğlumu tutub salıblar içəriyə. Dəfələrlə rayon prokurorluğuna istintaqın birtərəfli, qərəzli aparılmaması ilə bağlı müraciətlər etmişik, ərizə yazmışıq, ancaq fikir verən yoxdur”.

Ailə problemləri ilə bağlı daxili işlər nazirinə, Baş prokurora və prezidentə müraciət edir. Onlardan işin hərtərəfli araşdırılmasına göstəriş vermələrini xahiş edirlər:

“Oğlum günahsız yerə həbs edilib. Hadisə zamanı heç rayonda da olmayıb. Bakıda nənəsinin yanında idi. İş araşdırılsa, biz bunu sübut edərik, amma araşdırılmır. Bizə “oğlunuz 2015-ci ildə həmin qızla münasibətdə olub”, – deyirlər. Hadisə 2017-ci ilin fevralında baş verib. Videoya çəkilib, yayılıb. Deyirlər, 2015-ci ildə sənin oğlunla da həmin qızın arasında nə isə olub. Özü də heç bir sübut, əsas gətirmədən. İstintaqın yenidən başlanması üçün ərizə vermişəm, baxmırlar. Kimə müraciət edim, dərdimi kimə deyim, bilmirəm. Son çarə prezident və birinci xanım Mehriban Əliyevayadır. Xahiş edirəm, bu işin ətraflı, ədalətli araşdırılmasına göstəriş verin”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Beyləqan Rayon Prokurorluğu ilə əlaqə saxlayıb. Prokurorluqdan əvvəlcə belə bir hadisə olmadığını, sonra isə işə polisin baxdığını deyiblər:

“Əslində iş polisdə də deyil, məhkəmədədir. Qərarı da məhkəmə verəcək”.

İddiaya görə, Beyləqanda orta məktəb şagirdi 17 yaşlı A.Z oğlan dostunun təcavüzünə uğrayıb. M.Hüseynov onu bir müddət öncə çəkdirdikləri səmimi fotolarla hədələyib. A.Z.-nı əvvəlcə özü, sonra da istəmədiyi digər insanlarla münasibətə girməyə məcbur edib.

Meydan TV-yə məlumatı adının açıqlanmasını istəməyən mənbə vermişdi. O, A.Z.-nın təhdid edildiyi videogörüntüləri də göndərmişdi. Bildirirdi ki, video ilə təhdid edilən qız 20-dək şəxsin cinsi təcavüzünə məruz qoyulub.

Görüntüdə qız istəmədiyi cinsi münasibətə məcbur edilir. Hadisə sinif otağında baş verir. Otaqda partalar, divarda lövhələr var. Hətta bəzi adlar da səslənir. Qız “xahiş edirəm, silin, nə olar, silin”, – deyə yalvarır: “Başınıza dönüm, silin, etməyin”, – deyir.

Yazı Meydan TV-də dərc edildikdən sonra Beyləqan rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi başlandı. Nəticədə Beyləqan rayon sakini, yetkinlik yaşına çatmayan A.Z.-ya qarşı həmkəndliləri – 1996-cı il təvəllüdlü Tural Kərimov, 1997-ci il təvəllüdlü Kamil Hümbətov və digərləri tərəfindən seksual xarakterli hərəkətlər edilməsi faktına görə həbs edildilər.

Ana səhifəXəbərlər”Məmur övladlarının etdiyi günahın cəzasını oğlum çəkir”