Məmur övladı qayınatasın həbs etdirdi [ VİDEO ]

Döyüldüyünə görə məhkəməyə şikayət edən Zakir Hüseynova 2 aylıq həsb-qətimkan tədbiri seçildi

8 apreldə ailə üzvləri ilə birlikdə döyülərək 8 saylı polis bölməsinə aparılan Zakir Hüseynov həbs olunub. Xətai rayon məhkəməsi şəxsin həbs olunması ilə bağlı prokurorun verdiyi təqdimatı rədd etsə də, şəhər prokuroru Əziz Seyidov qərardan şikayət verib. 14 apreldə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Zakir Hüseynova qarşı 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə ittiham olunur.

“ Kürəkən Tural Əhmədov mənim oğlum Zakir Hüseynovun qapısına gəlib. Onlar oğlumu döyəndə o da müqavimət göstərib bunları vurub. Hadisədən sonra oğlumu Təcili Yardım maşını ilə xəstəxanaya aparıblar. Oğlumun burun sümüyündə qırıq var. O döyüləndən sonra belə iş qaldırıb onu tuturlar”- Z. Hüseynovun atası Əli Hüseynov deyir.

Əli Hüseynov kürəkənləri Tural Əhmədovun məmur valideynlərinin məhkəməyə təsirinə görə oğlunun həbs olunduğunu deyir: “Turalın anası Nazirlər Kabinetində işləyir. Atası da Fövqəladə Hallar Nazirliyində çalışır. Onların sözlərini tutan adamlar var. Heç bir günahı olmayan adamı istintaq aparmadan tutdular”.

Hüquqşünas Aslan İsmayılov deyir ki, hadisə zamanı Zakir Hüseynovun xəsarət alması barədə tibbi rəy olsa da onun evinə hücum edən 4 nəfər haqqında heç bir tədbir görülməyib. Hüquqşünas evə basqın edənlərin içərisində polis işçisinin olduğunu deyir: “ 17 fevralda bu adam evindən çıxmaq istəyəndə onun evinin içinə soxulublar. 4 nəfər, içində də polis işçisi Zakir Hüseynovu şilküt ediblər. Bunu Təcili Yardım maşını xəstəxanaya aparıb. Bir ay sonra o Baş Prokuror Zakir Qaralova müraciət edib. Bilmirəm ölkədə belə bir prokuror var, ya yox. Mən belə başa düşdüm ki, yoxdur. Z.Hüseynov yazıb ki, mənə qarşı qanunsuzluq olub, tədbir görən yoxdur. Onun özünü çağırıb Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə ittiham veriblər”.

Aslan İsmayılov Zakir Hüseynovun günahsız həbs olunmasında hakimlə yanaşı vətəndaş cəmiyyətini, siyasətçiləri qınayır. O, Milli Şuranın sədri Cəmil Həsənlidən başqa heç kimin bu hadisəyə münasibət bildirmədiyini deyir: “Bu baş verənlərə susan cəmiyyət bundan pis günə düşməlidir. Bu baş verənlərə susan partiyalar həqiqətən qərərgahsız qalmalıdır. Bu baş verənlərə susan qeyri-hökumət təşkilatları həqiqətən onun-bunun əlinə baxmalıdır”.

4 ay əvvəl Hüseynovlar ailəsi qızları Nərmin Hüseynovanı məmur övladı olan Tural Əhmədova ərə veriblər. Toydan sonra qız həyat yoldaşının narkotik istifadəçisi olduğunu bilib. Nərmin Hüseynova daha onunla yaşamaq istəməyib, atası evinə qayıdıb. Tural Əhmədov qızın atasına hədə-qorxu mesajları göndərib. Hüseynovlar ailəsi Zakir Hüseynovun qızının boşanmasına razılıq verdiyi üçün cəzalandırıldığını deyir.



Sevinc Vaqifqızı

Ana səhifəVideoMəmur övladı qayınatasın həbs etdirdi [ VİDEO ]