Məmur övladı iki qadını polislərə döydürdü [ VİDEO ]


Boşanmaq istəyən gəlin işgəncə gördü. İki qadını döydürən Tural Əhmədovun anası Səriyyə Əzimzadə Nazirlər Kabinetində karlar şöbəsinin müdiri, oğlanın atası Elmar Əhmədov isə Fövqəladə Hallar Nazirliyində idarə rəisidir

Bakıda ərindən ayrılmaq istəyən qadını polislər döyüb. 4 ay əvvəl Hüseynovlar ailəsi qızları Nərmin Hüseynovanı məmur övladı olan Tural Əhmədova ərə veriblər. Toydan sonra qız həyat yoldaşının narkotik istifadəçisi olduğunu bilib. N.Hüseynova daha onunla yaşamaq istəməyib, atası evinə qayıdıb.

“Tural Əhmədov qızın atasına zəng edir ki, əgər qızı gətirməsən səni deşik-deşik edəcəm. Bunu telefona göndərdiyi ismarıclarda yazıb. İsmarıclar da durur”- ailənin hüquqşünası Aslan İsmayılov deyir.

Hüquqşünasın sözlərinə görə, 17 fevralda qızın atası Zakir Hüseynov qarajdan maşını çıxarmaq istəyərkən içəri 4 nəfər daxil olub. Bir nəfər polis işçisi, Z.Hüseynovun kürəkəni Tural Əhmədov və daha iki nəfər kişini döyüblər: “Təcili yardım maşını Z. Hüseynovu xəstəxanaya aparıb. Polis Z.Hüseynovdan izahat alıb və cinayət işi qaldıracaqlarını deyib. Bir müddət keçəndən sonra Zakir müəllim görüb ki, tədbir görən yoxdur, teleqram vurub. 4-5 gün əvvəl bu adamı polisə çağırıblar. Zakir Hüseynovun özünə ittiham irəli sürüblər ki, guya o, xuliqanlıq edib, kürəkəni döyüb. Onu polis bölməsində həbs etmək istəyiblər, sadəcə vəkil müdaxilə etdiyinə görə onu həbs edə bilməyiblər”.

Hüquqşünas deyir ki, N.Hüseynova yoldaşından ayrılmaq istədiyinə görə Tural Əhmədov Hüseynovlar ailəsindən qisas alır. 8 apreldə 15 nəfər polis işçisi ailə üzvlərini döyüblər.

“15 nəfər polis işçisi məni bu hala salıb. Bayılda yerləşən 8 saylı polis bölməsinin işçiləri məni döydülər. Oğlumu təpikləyib maşının altına saldılar, maşın yarıya qədər gəldi, qayıtdı. Elə cəza verdilər oğluma. Məcbur elədilər ki, polis bölməsinə getsin”- N.Hüseynovanın nənəsi Lalə Məmmədova deyir.

Nərmin Hüseynovanın sinəsində, qollarında cırmaq izləri var. Onun əynindəki paltar da cırılıb. Lalə Məmmədovanın isə qolları və gözünün ətrafı göyərib.

Lalə Məmmədova deyir ki, keçmiş kürəkəni Tural Əhmədovun anası Səriyyə Əzimzadə Nazirlər Kabinetində karlar şöbəsinin müdiri, oğlanın atası Elmar Əhmədov isə Fövqəladə Hallar Nazirliyində idarə rəisidir.

“Bu Səriyyə Əhmədovanın işləridir. Oğlunu tuturlar 15 min manat verib buraxdırır. Onun oğlunun qanın yoxlatmaq lazımdır. O, narkotik maddə istifadə edir. O ata, ana işdən çıxmalıdır. Belə xuliqan övlad böyütdüyünə görə…”-Lalə Məmmədova deyib.

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, şikayətçilər rəsmi müraciət ediblərsə, məsələ obyektiv araşdırılacaq.

Ana səhifəVideoMəmur övladı iki qadını polislərə döydürdü [ VİDEO ]