”Ölkədə struktur islahatları aparılır. Bu prosesdə nə qərar olacaqsa, biz də tabe olacağıq”
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə TQDK və Təhsil Nazirliyinin birləşməsi barədə məlumatlara münasibət bildirərkən deyib.
O bildirib ki, bununla bağlı yuxarı orqanlardan onlara hələlik hər hansı məlumat daxil olmayıb: “İslahatlar çərçivəsində nə qərar qəbul olunacaqsa, biz də tabe olacağıq. Mən üzümü abituriyentlərə, valideynlərə tuturam: Hər hansı qərar qəbul olunacağı təqdirdə belə sizin bilikləriniz düzgün və obyektiv aparılacaq. Heç bir dəyişiklik sizə təsir göstərməyəcək. Prezident İlham Əliyevin siyasəti insanları qorumaqdır. Heç kimin 11 il əziyyət çəkən uşaqlara zərbə vurmaq fikri yoxdur”.
O, 2016-cı ildə ali təhsil müəssisələrinin magistratura və tibb ixtisaslarının rezidentura səviyyəsinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafikinin təsdiqləndiyini söyləyib: “Ali məktəblərin magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılacaq. İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək”.
M. Abbaszadə qeyd edib ki, ali məktəblərin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu 1-10 mart tarixlərində, imtahanın 1-ci mərhələsi 3 aprel, 2-ci mərhələsi isə 29 iyulda keçiriləcək.
TQDK sədri onu da qeyd edib ki, bu il dizayn ixtisası V qrupa keçirilib.