Qardaşı: “Sənədlərin, ədəbiyyatların verilməsində hələ də qadağalar var”
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının həbsdə olan sədri, professor Qubad İbadoğluna sənədlərin və kitabların çatdırılmasında qadağaların olduğu bildirilir.
Bu barədə Meydan TV-yə qardaşı Qalib Bayramov məlumat verib.
Qardaşı deyir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Qubad İbadoğlunun işi üzrə Azərbaycan hökumətinə 4 sual göndərmişdi:
“Hökumət də həmin sualları cavablandırmışdı. Məhkəmə hökumətin cavablarını xəbərdar ola bilmələri üçün Qubad İbadoğlunun vəkillərinə də göndərib”.
“Əlbəttə, o cavabları bilmək Qubad bəyin də haqqıdır. Ona görə təcridxanaya yanına gedəndə həmin cavabları çap edib aparmışdım ki, özü də oxusun, tanış olsun. Amma buraxmadılar. Ümumiyyətlə, sənədlərin, ədəbiyyatların verilməsində hələ də qadağalar var”, – Qalib Bayramov bildirib.
O əlavə edib ki, poçt vasitəsilə göndərilən məktublar da çatdırılmır.
Avqustun 15-də həm Qalib Bayramov, həm də anası Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına poçt vasitəsilə məktublar göndəriblər.
Onun sözlərinə görə, məktublar təcridxanaya çatsa da, Qubad İbadoğluna verilməyib:
“Sənədlərdən görünür ki, mənim məktubum avqustun 30-da, anamın məktubu isə sentyabrın 7-də təcridxanaya çatıb. Amma bu günə qədər məktublar qardaşıma verilməyib. Təkcə bizim məktublar deyil, qardaşıma məktub yazan çox olub. Avqustda təcridxanaya onlarla məktub yola salınıb”.
Qalib Bayramovun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının da Qubad İbadoğlu ilə görüşünə şərait yaradılmır:
“Qubad İbadoğlu həbsdə olduğu 57 gündə Beynəlxalq Qızıl Xaçın Azərbaycan nümayəndəliyi ona baş çəkə, tam şəkildə müayinə və analiz nəticələri ilə tanış ola, saxlanma şəraitini yerində yoxlaya bilməyib. 57 gündür ki, Penitensiar Xidmət Qızıl Xaçı Qubad müəllimlə görüşdürməmək üçün dirənir…”.
Penitensiar Xidmətdən istər sənədlərin çatdırılmasına qadağalar, istərsə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin görüşünə maneə ilə bağlı iddialara münasibət öyrənmək mümkün olmayıb.
Eyni zamanda, London İqtisadiyyat Məktəbinin əməkdaşı olan Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldəetmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.
Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.
FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.
Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.
Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.
Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.
Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.
Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.
Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.
Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib.
Avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib.
Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.