100-dən çox adamın yaralandığı haqda məlumatlar var
İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh qəsəbəsi yaxınlığındakı məktəbə hücum etdiyi bildirilir.
HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 30 fələstinli ölüb, 100-dən çox adam yaralanıb.
Qəzzanın Mülki Müdafiə Xidməti məktəbdə məcburi köçkünlərini yerləşdiyini bildirib.
“Reuters” yazır ki, hücumda ölənlər arasında 15 uşaq və 8 qadın olub.
İsrail Müdafiə Qüvvələrindən bildirilib ki, HƏMAS üzvləri məktəbdən hərbi sığınacaq kimi istifadə ediblər.
Əlavə edilib ki, İsrail tərəfi hücumdan öncə mülki şəxslər üçün riski azaltmaq məqsədilə müvafiq tədbirləri görüb.
HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin ən son məlumatında görə, 2023-cü il oktyabrın 7-dən bəri İsrail-Fələstin qarşıdurması nəticəsində ümumilikdə 39 mindən çox fələstinli həyatını itirib.
İsrail rəsmilərinin hesablamalarına görə isə HƏMAS və İslami Cihad da daxil olmaqla, silahlı qruplaşmalardan təxminən 14 min döyüşçü öldürülüb və ya əsir götürülüb.
İsrailin məlumatlarına görə, oktyabrın 7-də HƏMAS-ın ölkənin cənubuna etdiyi hücum zamanı 1200-ə yaxın adam öldürülüb, 250 nəfər girov götürülüb.