Məktəb avtobusu ucqar kəndlərdə

Cavid Qara ucqar kənd uşaqlarını bu dəfə avtobusla sevindirdi

Source:


Cavid Qara ucqar kənd uşaqlarını bu dəfə avtobusla sevindirdi

Dağ turizmi ilə məşğul olan “Camping Azerbaijan” bələdçi səhifəsinin koordinatoru Cavid Qara ucqar kəndlərlə bağlı növbəti

aksiyaya başlayıb

. O, uşaqları İsmayıllının Köhnədaxar dağ kəndindən Gəndov kənd orta məktəbinə gətirmək üçün avtobus tutub. Bu barədə Meydan TV-yə Cavid Qara özü məlumat verib. Bildirib ki, bu dəfə də diqqət mərkəzində ucqar kənd uşaqlarıdır:

“Getdiyimiz yerlərdə uşaqların qonşu kəndlərdəki uzaq məktəblərə piyada getdiyini çox görmüşük. Eləcə də, İsmayıllının Köhnədaxar kəndində yaşayan 8 nəfər şagird Gəndov kəndindəki 9 illik orta məktəbə getmək üçün 4 km-lik yolu qət edirdilər. Azyaşlı uşaqlar bu yolu quru havalarda 1 saata düşür, 2 saata qalxırlar”.

Cavid Qara deyir ki, havalar soyuq, yollar palçıq olanda bu yolçuluq daha da çətinləşir və uzanırdı:

“Nəticədə uşaqlar məktəbə yorğun çatır, dərslərə yetərincə diqqət ayıra bilmirdilər. Havalar pis olanda isə tez-tez dərsdən qalırdılar”.

Cavid Qara bu aksiyanın dekabrın 17-dən başlandığını deyir: “Xidmət davam etsin deyə hər ay vəsaiti vaxtında ödəməliyik. Bu pulun toplanmasına kömək olunsa, biz öz resurslarımıza başqa layihələrə start verərik. Yox, daha çox vəsait toplansa, bu layihəni bu cür bir neçə kənddə icra etmək olar”.

Cavid Qara bildirir ki, bunun üçün onlara aylıq 400 manat lazımdır:

“Komandamızın üzvləri tez tez Köhnədaxar kəndində olur və layihəyə mütəmadi nəzarət olacaq. Avtobusun yaxşı vəziyyətdə olmasına da xüsusi diqqət yetiriləcək. Toplanan vəsait sürücüyə əmək haqqı kimi hər 20 dərs gününün tamamında veriləcək. Bu, xeyriyyə aksiyası deyil, sosial layihədir!”

Cavid Qara daha öncə ucqar kəndlərə şaxta baba kimi gedib, uşaqlara hədiyyələr paylamışdı. Onun bu addımı sosial şəbəkələrdə insanların diqqətini çəkmişdi.

Ana səhifəXəbərlərMəktəb avtobusu ucqar kəndlərdə