Mehriban Zeynalovanın dediklərinə bu dəfə filipinli qızın vəkilləri cavab verir

Ə.Əliyev: ““İnsan alveri qurbanının ölkədən cıxarılmasına şərait yaratmaq yolverilməzdir”

Source:


Ə.Əliyev: ““İnsan alveri qurbanının ölkədən cıxarılmasına şərait yaratmaq yolverilməzdir”


Filipin vətəndaşı Llanto Fe Diazın Meydan Tv-yə müsahibəsindən sonra “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova haqqındakı ittihamlara cavab verdi. O, fillipinli qadının yalan danışdığını, məhkəmə hökmünü Diazdan gizlətməsinin mümkünsüz olduğunu bildirdi:

“L.Diaz qeyd edir ki, guya, Mehriban Zeynalova məhkəmənin hökmünü gizlətmiş və Ali Məhkəməyə şikayət verilməsinə maneçilik törətmişdir.  L.Diazın əvvəl dedikləri kimi, bu dediyi də həqiqətəuyğun deyil. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, məhkəmə hökmü, zərərçəkənə və onun nümayəndələrinə poçt vasitəsilə göndərilir. Bu, o deməkdir ki, məhkəmə hökmü L.Diazla yanaşı onun vəkillərinə də, göndərilmişdir. Mehriban Zeynalova  uzun illər insan alveri qurbanlarını məhkəmələrdə müdafiə edən şəxs kimi, bunu bilir.  L.Diazın vəkillərinin həmin hökmü alıb, ondan kassasiya şikayəti vermək imkanları olmuşdur”.

Bu açıqlamaya  L.Diazın vəkilləri- Əlövsət Əliyev və Elçin Sadıqov münasibət bildirib. Hər iki vəkil Meydan Tv-yə açıqlamasında bildirib ki, onlar məlum hökmü almayıblar.

Hazırda Almaniyada yaşayan Əlövsət Əliyev deyir ki, Mehriban Zeynalovanın yenidən onun adını çəkdiyi üçün təəssüflənsə də, sorğuya cavab verməyə məcburdur:

“Mehriban yalan danışır. Mən ölkəni aprelin 19-da tərk etmişəm. Hökm isə 19 mayda çıxıb. Mən ölkəni tərk edəndən sonra 4 dəfə məhkəmə prosesi keçirilib. Mən o proseslerdə iştirak edə bilməmişəm. Ölkədə olmadığım halda, məhkəmənin hökmü mənə necə göndərilə bilərdi? Məhkəmə başlayan zaman Diazin yaşayış yeri kimi Mehribanın sığınacağının ünvanı göstərilmişdi. Çünkü o, həqiqətən, orada yaşayırdı. Ona görə də, hökm Mehriban xanımın sığınacağına göndərilmişdi. Mehriban xanım da həmin hökmü dərhal verməli idi”.

Vəkil daha sonra bildirir ki, o, ölkəni tərk etdiyindən, prosesə yalnız Mehriban Zeynalovanın təşkilatından olan Abbas İsmayılov çıxıb:

“Hökm cıxan zaman Abbas iştirak etmişdi və hökmdə də onun adı nümayəndə kimi göstərilib. Abbas da Mehriban xanımın işçisi idi. Hökmdə adı olduğuna görə də, hökmün sürətləri Mehribana və Abbasa göndərilib. O zaman nə mən, nə də Elçin Sadıqov bu işdə olmuşuq. Elçin Sadıqov sonradan bu prosese qoşulub”.

Vəkil M.Zeynalovanın Diazın öz istəyi ilə getməsi haqda dediklərinə də münasibət bildirib:

“Əvvəl iddia edirdilər ki, xanım ərizə verib ki, könüllü getmək istəyir.  Bəs hanı onun ərizəsi? Niyə nümayiş etdirmirlər?  Niyə ona hansı  pulla biletin alınmasının üstündən keçirlər?  Niyə həmin ərəfədə Yardım Fondunun hesabına köçürülən pullar haqqında və pulları kimin köçürməsi haqqında medianın sorğuları cavablandırılmır? Bəlkə onun sığınacaqda olduğu müddətdə qanunsuz əmək fəaliyyətinə cəlb olunması faktı da olmayıb? Növbəti bir ittiham odur ki, Diaz viza üçün müraciət yazmayıb. O, dəfələrlə viza üçün müraciət  etmişdi. Bütün ümidləri itəndən sonra mən məsləhət verdim ki, BMT QAK-a müraciət etsin. O da bunu etdi. Əgər vizaya rədd cavabı verilməsəydi, o, BMT QAK-ın Bakı ofisinə müraciət edərək, himayə sənədi istəməzdi. Onun BMT-yə müraciət etməsi barədə sənədi özü də paylaşıb. Eyni zamanda, onu işə götürmək istəyənlər də dəfələrə viza üçün Miqrasiya Xidmətinə rəsmi müraciət ediblər”.

Ə.Əliyev sonda deyib ki, o, bu cür yalanların nəyə lazım olmasını başa düşə bilmir: “İnsan alveri qurbanının ölkədən cıxarılmasında iştirak etmək və ya ona şərait yaratmaq, onun müdafiə hüququnu məhdudlaşdirmaq yolverilməzdir. Hüquqi dövlətlərdə bu kimi hallara hüquq-mühafizə orqanları qiymət verməlidir. İnsan alveri qurbanının ölkədən deportasiyası və onun məhkəmə proseslərindən qanunsuz olaraq kənarlaşdırılması bu işdə birbaşa insan alverçisinin maraqlarına hesablanıb”.

Diazın digər vəkili Elçin Sadıqov bildirib ki, o, prosesə Apellyasiya Məhkəməsindən sonra qoşulub:  “Mənə hökm gəlməyib. Mən həmin hökmü Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edib, sonradan almışam. Dəqiq günü xatırlamıram, hökmü təxminən 2014-cü ilin noyabr ayında almışam. Ümumiyyətlə, Apellyasiya Məhkəməsində mən Diazın vəkili olmamışam. Prosesə sonradan, işin  Ali Məhkəməyə göndərilməsi üçün qoşulmuşam. Qərarı alandan sonra da, müvafiq qaydada kassasiya şikayəti vermişik”.

Vəkil bildirib ki, Diazın ölkədən çıxarılarkən onunla əlaqə saxlaya bilməməsi haqda dedikləri həqiqətdir: “Bəli, Diazın dediyi kimi olmuşdu. Onun telefonunu alıb, mənə zəng vurmasına imkan verməmişdilər”.

Ana səhifəXəbərlərMehriban Zeynalovanın dediklərinə bu dəfə filipinli qızın vəkilləri cavab verir