Ayaz Mütəllibov: “Mehriban Əliyevanın namizədliyinə dəstək verməyə hazıram”
“Gələn il olacaq prezident seçkiləri əminəm ki, yaxşı səviyyədə baş tutacaq. İnsanlar tam sərbəst şəkildə öz namizədlərinə səs verəcəklər. Azərbaycanda keçirilən seçkilərə də heç kəs mane ola bilməz. Mən burada nə Rusiyanın, nə digər dövlətlərin müdaxilə etmək istəyini görürəm”.
Müstəqil Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllibov “olke.az” xəbər portalına müsahibəsində belə deyib.
O, Mehriban Əliyeva prezidentliyə namizədliyini verərsə, ona dəstək verməyə hazır olduğunu söyləyib:
“Mehriban xanımın namizədliyi irəli sürülərsə, onun prezident seçilməsinə dəstək üçün açıq şəkildə mətbuatla xalqa müraciət edə bilərəm. Misal üçün, xalqa başa salmaq olar ki, Mehriban xanım Əliyevanın prezidentliyə namizəd olması Azərbaycana hansı töhfələri verə bilər. İlk növbədə xalqa izah etmək lazımdır ki, Azərbaycana sabitlik hər zaman lazımdır və bu, ən vacib məsələdir. Bu gün dünyada baş verən geosiyasi prosesləri görəndə Azərbaycana sabitliyin nə qədər çox lazım olmasının əhəmiyyəti daha da artır. Ümumiyyətlə, beynəlxalq aləmdə baş verən hadisələr bir daha əmin edir ki, Azərbaycana ən çox siyasi sabitlik lazımdır”.
Ayaz Mütəllibov — Azərbaycan Respublikasının 1-ci prezidenti, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi olub.