İbrahim Xudayi: “Polis rəisi dedi ki, belə şeirlər olmasa, yaxşıdır”
Şair İbrahim Xudayinin Birinci vitse-prezident Mehriban Əliyevanın doğum gününə həsr etdiyi şeirə görə Salyan Rayon Polis İdarəsinə çağrıldığı iddia olunur.
Amma şair bu iddiaları təkzib edir.
O deyir ki, polisə çağrılmasının səbəbi məişət məsələsi ilə bağlı olub.
Bu barədə İbrahim Xudayi özü Meydan TV-yə danışıb.
Avqustun 26-da şair İbrahim Xudayi “Facebook” səhifəsində Mehriban Əliyevaya doğum günü ilə bağlı şeir paylaşıb:
“Bu gün sizin doğuluş gününü qeyd edirik,
Qırılırıq acından özümüzdən gedirik.
Bilmirik dərman alaq, bir manata, ya çörək?!
Sizi həmişə mehriban, həmişə xoşbəxt görək!
Əsir əlim ayağım, boğuluram öfgədən,
Gorun çartlasın bizə, yaltaqlığı öyrədən!
Sizi təbrik edirəm sidq ürəklə ac, susuz
Bir əlimdə göy çörək, bir əlimdə soğan, duz”.
Bir saat sonra şeir şairin sosial şəbəkədəki səhifədən silinib.
İbrahim Xudayi deyir ki, kirayə qaldığı mənzilin sahibi ondan yerli polisə şikayət edib:
“Mən də boş dayanmayıb polisə şikayət etdim. Polisə çağrılanda elə bildim ki, başqa məsələdir. Amma idarədə müstəntiq, polis polkovniki Nəzər Əsgərov kirayədə nə qədər pulumun qaldığını soruşdu. Tam səmimi deyirəm, polisdə şeirlə bağlı söhbət olmayıb. Şeiri idarəyə çatmamış sildim. Çünki bir problemim var, dövlətdən keçəcək deyə şeiri uyğun saymadım”.
O, Salyan Rayon Polis İdarəsində izahat yazdığını və işin məhkəməyə gedəcəyini bildirib:
“Ev sahibindən 2 aylıq pulumu tələb edirəm. Şeiri isə yuxudan oyanıb yazdım, çətinliklərdən, xəstəlikdən ilhamlanıb yazdım. Sonra düşündüm ki, səhvdir”.
İbrahim Xudayi Toplum TV-yə isə bir qədər fərqli açıqlama verib.
O deyib ki, şeirin silinməsində polis polkovniki Nəzər Əsgərovla söhbətinin də rolu olub:
“Şeiri heç kim mənə zorla sildirməyib. Lakin polis rəisi dedi ki, belə şeirlər olmasa, yaxşıdır. Bu sözə görə silməsəm də, 5-10 faiz onun sözünün də təsiri oldu”.