Məhkəmə blogerin vəsatətini təmin edib
Martın 27-də Səbayel Rayon Məhkəməsində bloger Mehman Hüseynovun polisdə ona işgəncə verilməsilə bağlı şikayətinə baxılıb.
Proses hakim Aytən Əliyevanın sədrliyilə qapalı keçirilib. Mehman Hüseynov da məhkəməyə gətirilib. Onu vəkil Fuad Ağayev və Elçin Sadıqov müdafiə edib.
M.Hüseynov yanvarın 9-da axşam yoxa çıxmışdı. Bir gün sonra Nəsimi rayon məhkəməsinə çıxarılarkən onun 22 saylı polis bölməsində saxlandığı məlum olmuşdu.
Nəsimi rayon məhkəməsi M.Hüseynovu polisin qanunu əmrinə tabe olmamaqda təqsili bilərək barəsində 200 manat cərimə qərarı çıxarmışdı.
Bloger məhkəmədən sonra ona polisdə işgəncə verildiyini demişdi.
Müdafiə tərəfi işgəncə faktının araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna müraciət edib. Lakin prokurorluq cinayət işi qaldırmaqdan imtina edib. Müdafiə tərəfi prokurorluğun bu qərarından məhkəməyə şikayət verib.
Vəkillər bildiriblər ki, müstəntiqin cinayət işi qaldırmaqdan imtina etməsinə əsaslandığı materialların prokurorluqdan alınmasının təmin edilməsi barədə vəsatət qaldırıblar.
Məhkəmə vəsatəti təmin edib və dinləmələri martın 28-i saat 14:00-a təyin edilib.
Əlavə şahidlərin çağırılması, ekspertizanın təyin edilməsi, polisin müsahidə kamerasından görüntülər barədə sorğu ilə bağlı digər vəsatətlər baxılmamış qalıb.
M.Hüseynov məhkəmə zalından çıxarılarkən jurnalistlər onu görə biliblər. O özünü yaxşı hiss etdiyini deyib, həmkarlarına salam göndərib.
Mehman Hüseynovmartın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum olub.
Bir çox beynəlxalq təşkilatlar M.Hüseynovun barəsində hökmü pisləyib və bunu onun bloger və hüquq-müdafiə fəaliyyətinə görə cəza kimi dəyərləndiriblər.