Mehman Hüseynov: Mozambik buradan yaxşıdır…

Cəzaçəkmə müəssisəsi bloger haqqında mənfi rəy verdi

Source:
Mehman Huseynov
Mehman Huseynov


Cəzaçəkmə müəssisəsi bloger haqqında mənfi rəy verdi

Oktyabrın 17-də Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyilə bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina qərarından şikayətə baxılıb. Qərar Qaradağ Rayon Məhkəməsində çıxarılıb və blogerin vaxtın əvvəl buraxılma barədə ərizəsi təmin olunmayıb.

M.Hüseynovun vəkili Fuad Ağayev şikayəti əsaslandırarkən bildirib ki, müvəkkilinin cəzasının başa çatmasına 4 ay 20 gün qalıb, onun ittiham olunduğu əməl də ağır və ya xüsusilə ağır cinayətlər kateqoriyasına aid deyil. Cəzaçəkmə müəssisəsində də onun barəsində intizam tənbeh qərarı olmayıb: “Bu əsaslara görə də Mehman Hüseynovun vaxtından əvvəl azadlığa buraxılma barədə ərizəsi birmənalı təmin olunmalıdır”.

Qaradağ Rayon Məhkəməsi öz qərarında blogerin saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsinin mülahizəsinə əsaslanıb. Vəkil isə bildirir ki, həmin mülahizənin özü əsassızdır: “Müəssisənin mülahizəsində yazılıb ki, Mehman xasiyyətcə qapalıdır, özfəaliyyət dərnəyində iştirak etmir. Bu, nə deməkdir? Adamın səsi yoxdursa, mütləq oxumalıdır? Xasiyyətə görə adamı həbsdə saxlayırlar? Yaxud da yazılıb ki, “özünü təqsirli bilmir, əməlindən peşman deyil”. Cinayət törətmədiyi halda, həbs olunduğuna görə adam özünü təqsirli bilmir və buna görə onu buraxmaqdan imtina edirlərsə, bu, artıq Mehmanın problemi deyil”.

M.Hüseynov özü də çıxış edərək, vəkili ilə razılaşdığını söyləyib. Əlavə edib ki, avqust ayında anası vəfat edəndən sonra atası tək qaldığına görə məhkəməyə buraxılmaq üçün ərizə ilə müraciət edib: “Bir qardaşım xaricdədir, biri də Naxçıvanda hərbi xidmətdə, dövlətimizi qoruyur. Atam tək qalıb”.

Özünü təqsirli bilməməsinə gəldikdə, M.Hüseynov deyib ki, jurnalist fəaliyyətinə görə sifarişlə həbs olunub.

14 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi Elgiz Murquzov isə deyib ki, M.Hüseynovun azadlığa buraxılması məqsədəmüvafiq deyil: “Təhsilə münasibəti müsbətdir, mütaliə ilə məşğul olur, lakin əməyə münasibəti qənaətbəxş deyil. Abadlıq işlərində iştirak etmir”.

Vəkil F.Ağayev cavabında deyib ki, məhkumun mütləq cəzaçəkmə müəssisəsində abadlıq işlərilə məşğul olmasını tələb edən hüquqi norma yoxdur: “Qanunlar Penitensiar Xidmət, onun müəssisələri üçün yazılmayıb? Adam cinayət törətməyib, əksinə, onun özünə qarşı çoxsaylı qanunsuzluqlar baş veribsə, siz niyə onun üzərinə ağır yük qoyursunuz ki, etmədiyin cinayəti etiraf elə?”

M.Hüseynov bildirib ki, müəssisədəki klubda təxminən 150 nəfərlik yer var, orada 1000-dən çox məhkum saxlanılır: “Konsertlər, tədbirlər klubda keçirilir. Mən də öz yerimi məhbus yoldaşlarımdan birinə verirəm ki, qoy, o getsin. Abadlığa gəlincə, 14 saylı cəzaçəkmə müəssisəsi elə bir yerdə yerləşir ki, ora haqqında deyirlər: “Mozambik buradan yaxşıdır”. Orada toxum atsan, ağac bitsə, adama deyər ki, məni niyə burada əkmisiz? Daş və tozdan başqa heç nə yoxdur orada…”

M.Hüseynov vurğulayıb ki, digər məhklumlar ondan problemləri barədə hər hansı məsləhət alanda, onlara müəyyən məsələlərlə bağlı yol göstərəndə, dərhal müəssisə rəhbərliyi yanına çağırıb irad tutur: “Söhbərdən on dəqiqə sonra rəhbərlik çağırır ki, onlara niyə yol göstərirsən? Buna görə də çalışıram tək olum ki, nə rəhbərlik irad bildirsi , nə də adamlara problem yaransın”.

Prokuror apelyasiya şikayətinin əsassız olduğunu bildirib və təmin edilməməsini istəyib.

Müşavirədən sonra hakimlər də Qaradağ Rayon Məhkəməsinin qərarının qüvvədə saxlandığını elan ediblər.

Vəkil Fuad Ağayev jurnalistlərə bildirib ki, qərardan Ali Məhkəməyə şikayət veriləcək.

M.Hüseynov ötən il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə təqsirli bilinərək, 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında məhkum edilib. M.Musayev iddia edib ki, Mehman onun rəhbərlik etdiyi idarənin əməkdaşları tərəfindən başına torba keçirilib oğurlandığını, idarədə işgəncəyə məruz qaldığını deməklə böhtan atıb.

M.Hüseynovun vəkilləri məhkəmədə bloger Nəsimi Rayon Polis İdarəsinə gətirildiyi gün binanın qarşısında və daxilində olan kameraların qeydə aldığı görüntülərin alınıb araşdırılması barədə vəsatət qaldırıblar. Bildiriblər ki, o görüntülər Mehmanın doğru danışdığını sübut edəcək. Lakin vəsatət təmin olunmayıb.

M.Hüseynov həbsini siyasi sifariş sayır, ölkədə korrupsiyanı, məmur özbaşınalığını ifşa edən video-materiallarına görə cəzalandırıldığını bildirir.

Ana səhifəXəbərlərMehman Hüseynov: Mozambik buradan yaxşıdır…