”Prezidentin məhkəmələrdə sözü keçir, amma Vergilər Nazirliyində, Prokurorluqda keçmir?”
“Mehman Əliyevin həbsdən azad olunmasında bir yox, bir neçə amil rol oynayıb”.
Bu sözləri Meydan TV-yə siyasi icmalçı, jurnalist Zərdüşt Əlizadə deyib:
“Açıq etiraf edək ki, müxalifətdə də, vətəndaş cəmiyyətində də nadürüst adamlar var. Onlar həbs ediləndə bəziləri sevinir. Amma Mehman Əliyevin həbsi hamıda narazılıq və qəzəb doğurmuşdu. Hakimiyyət gördü ki, bu addım heç bir fayda vermir. İkinci, müxtəlif adamlar prezidentə müraciət etdi. Hətta Anar Rzayev kimi mötədil, siyasətə qarışmayan adam dedi ki, qələm əhlini həbs etmək olmaz. Əlbəttə, ABŞ Senatında sanksiyalar barədə təklifin də xüsusi təsiri oldu”.
Zərdüşt Əlizadə hesab edir ki, bir nəfərin azad olunması ilə Azərbaycanda siyasi məhbus problemi həll olunmur:
“Nizami Gəncəvinin “Bayquşların söhbəti” əsərini oxumaq lazımdır, nə qədər padşah taxtda əyləşib… ardı məlumdur”.
“Ayna” qəzetinin baş redaktoru Elçin Şıxlı da Mehman Əliyevin azad olunmasında bir sıra amillərin rol oynadığını düşünür:
“Konkret bir amilin rol oynadığını söyləmək çətindir, yerli və xarici ictimaiyyətin mövqeyi önəmli rol oynayıb. Bunlar göstərir ki, diri olmaq lazımdır, xarici təşkilatlar ictimaiyyətin rolunu görəndə fəallaşırlar. Hər nədirsə, məni ən çox sevindirən, hətta xoşbəxt edən odur ki, Mehman bəy azadlıqdadır. Bundan sonra agentliyə qarşı irəli sürülən absurd ittihamlara məhkəmə vasitəsilə cavab verməkdir”.
Elçin Şıxlı xatırladıb ki, ictimaiyyətdə tanınan bir sıra adamlar, “Yeni Nəsil” Jurnalistlər Birliyi, İbrahim Nəbioğlu və Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi də prezidentə müraciət edib:
“ABŞ Senatında sanksiyalar haqda müzakirənin açılması və s. səbəb ola bilər. Yəqin ki, bilmədiyimiz məqamlar da var. Amma hər halda görünür, ağılsız iş görənlərə kimsə deyib ki, axmaq-axmaq işlələ məşğul olmayın”.
Mühacirətdə olan hüquqşünas Rəşid Hacılı isə deyib ki, Mehman Əliyevə qarşı cinayət işi də, onun həbsi də qondarma və qanunsuzdur:
“Mən təəccüb edirəm, prezidentin məhkəmələrdə sözü keçir, amma Vergilər Nazirliyində, Prokurorluqda keçmir? Azadlıq Mehman Əliyevin haqqı idi, aldı, ondan hətta üzr də istəməlidirlər. Ancaq başqa bir Mehman da var, Hüseynov. Bəs 5 ildir qanunsuz zindan çəkən işıqlı, mübariz insan – İlqar Məmmədov haqqında qərarlardan, o cümlədən Avropa Məhkəməsi qərarlarından prezidentin xəbəri yoxdurmu? Prezident inanırmı ki, Əfqan Muxtarlı cibində xeyli pulla sərhədi yarıb keçib? Yaxud Qiyas və Bayram narkotik satıcılarıdır?
F.Qəhrəmanlı, Seymur Həzi qanun pozublar? Bəs İlkin Rüstəmzadə? Bəs onlarla başqaları? Ədalət yarımçıq olmur”.
”Prezidentin məhkəmələrdə sözü keçir, amma Vergilər Nazirliyində, Prokurorluqda keçmir?”
REAL İdraə Heyətinin üzvü Azər Qasımlı hesab edir ki, Mehman Əliyevin və Lapşinin işləri arasında müəyyən əlaqə var:
“Mehman bəyi azadlığa buraxmaqla sanksiyalardan yayınmaq və Qərbə jest etmək, Lapşini azad etməklə Rusiyaya jest etmək istəmişlər. Bu məsələdə də balansı qorumağa çalışırlar. “Nardaran işi” çərçivəsində həbs olunanları azadlığa buraxmaq da bir tərəfdən İranla mümkün ola biləcək, digər tərəfdən inanclı kəsimlə arada olan gərginliyi azaltmaq istəyindən irəli gəlir. Jestlər edirlər, amma siyasi məhbus problemini isə həll etmirlər. Siyasi məhbus məsələsini hələ də əllərində siyasi kart kimi istifadə etməyə davam edirlər. Ona görə sanksiyalar mövzusunu gündəmdən çıxarmayacağıq”.
“Mehman müəllimi buraxan hakimin daha öncə şüuru çatmırdı ki, onu həbs etmişdi? Prezident tövsiyə edəndən sonra bu ağlına gəldi! Ölkədə ümumiyyətlə hakimlərə, məhkəmələrə bu qədər xərc çəkmək lazım deyil. Onların işini icra strukturları daha rahat icra edə bilər. Azərbaycan müdafiə Naziri İsrailə əli boş getmədi. Lapşini azad etdilər”,-bu açıqlamanı isə “Facebook” səhifəsində hüquqşünas Ələsgər Əhmədoğlu yazıb.
Avqustun 25-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Apelyasiya şikayəti bu qərardan verilib.
Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.
Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.
“Turan” İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.
Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsi Mehman Əliyevin barəsində olan həbs-qətimkan tədbirinin başqa yerə getməmək haqda iltizam tədbiri ilə əvəz olunması barədə vəsatəti təmin edib.
Jurnalist məhkəmə zalından azadlığa buraxılıb.