Məgər, hakimiyyət beynəlxalq medianən qarşısına yerli televiziyaları qoyacaq?
Sentyabrın 8-də Fransanın ictimai telekanalı “France 2″nin həftəlik “Cash Investigation” araşdırma proqramının Azərbaycan hakimiyyətinə həsr olunması hələ də müzakirə obyektidir. Proqramla bağlı Azərbaycan hakimiyyəti “France” 2 dövlət telekanalına qarşı iddia qaldırıb. Səbəb də telekanalın nümayiş etdirdiyi jurnalist araşdırmasında Azərbaycan “diktarura”, prezident İlham Əliyev isə “despot” adlandırılmasıdır.
Bu barədə sentyabrın 9-da “France-Presse” agentliyi vəkil Olivye Pradoya istinadən xəbər yaymışdı. Bir neçə gün əvvəl isə iddia Nanter məhkəməsinə təqdim olunub. Məlumatı Fransanın “Le Figaro” qəzeti yayıb. Məlumatda xatırladılır ki, Azərbaycan hökuməti məhkəmədə maraqlarını müdafiə etmək üçün vəkil Olivye Pardo ilə müqavilə bağlayıb. Vəkil bildirib ki, onlar məhkəmədən telekanalın cəzalandırılmasını istəyirlər.
Hakimiyyətin məhkəmə iddiasını Meydan TV-yə şərh edən Turan İA-nin direktoru Mehman Əliyev bildirib ki, bu addımın perspektivi yoxdur: “Çünki iddia məhkəməyə getsə, əks-səda yaradacaq. Beynəlxalq jurnalistikada bir prinsip var: bu cür iddialarda həmrəyliyə start verilir. Beləliklə, bütün media orqanları bu barədə danışmağa başlayacaq, hakimiyyətə qarşı kampaniyalar gedəcək və bu, daha çox problem yaradacaq, hakimiyyət prosesi uduzacaq. Məgər, hakimiyyət beynəlxalq medianən qarşısına yerli televiziyaları qoyacaq? Onların auditoriyası Azərbaycandan kənara çıxmır axı. Kim baxır bu kanallara, hələ inanıb-inanmayanları kənara qoyuram. Yəni yerli medianın beynəlxalq arenada təsirləri sıfırdır. Hakimiyyətin bu addımı informasiya müharibəsinin tam məğlubiyyəti, o cümlədən, siyasi-diplomatik sahələrdə iflasla nəticələnəcək. İkinci, məhkəməyə verilməsinin predmeti nədir, hələ onu udmaq lazımdır. Lap iddia məhkəmədə təmin olunsa da böyük mənada məğlubiyyət olacaq”.