Məhkum anası: Oğlumla görüş üçün 30 manat rüşvət istəyirlər

Zülfiyyə Abdullayeva: ”Pul verməyəndə uşağı incidirlər, ”karsa” salırlar”

Source:
Elvin Abdullayev
Elvin Abdullayev

Zülfiyyə Abdullayeva: ”Pul verməyəndə  uşağı incidirlər, ”karsa” salırlar”

“Hər 15 gündən bir Elvinlə görüşə gedəndə hardasa 30 manat rüşvət istəyirlər. Pulu verməsən, görüş otağında 2 saat gözlədirlər. Qapıdan keçəndə görüşü yazan 2 manat alır, içəri keçməyə 15 manat, bəzən 13 manat tələb edirlər. Gətirdiyin ərzağı yoxlayan 3 manat, görüş otağına baxan 5 manat, görüşdən çıxandan sonra da 15 manat istəyirlər. İstəsən də, istəməsən də iki manata çay gətirirlər. Oranın qaydaları belədir”.

Bunu həbsdə olan AXCP üzvü Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva Meydan TV-yə bildirib.

O, deyib ki, avqustun 14-də 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan oğlu E. Abdullayevə 30 manat pul göndərsə də, növbəti gün övladı telefonla əlaqə saxlayaraq, ona 24 manat çatdırıldığını deyib: “Qapıda Elbrus və Eldəniz adlı iki nəfər dayanır. Onlar pul yığırlar. Əvvəllər də belə hal olub, ona görə də rəis Əli Əmirova şikayət etmişəm. Tədbir görəcəyini vəd etsə də, heç nə dəyişməyib. Ümumiyyətlə, 6 saylı müəssisədə məhbus ailələrinə münasibət pisdir, bizi saatlarla qapıda gözlədirlər. Ən əsası odur ki, pul verməyəndə də, uşağı incidirlər, “karsa” salırlar, yaxud gətirdiyin ərzağa irad tuturlar”.

Zülfiyyə Abdullayeva
Zülfiyyə Abdullayeva

Məhbus anasının dediklərini Meydan TV-yə şərh edən vəkil Yalçın İmanov bildirib ki, bu olay ciddi korrupsiya faktıdır və Penitensiar Xidmətin hansı prinsiplərlə işlədiyini göstərir.

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqda” AR-nin qanununun 25.5-ci maddəsində göstərilir ki, həbs edilmiş şəxslərə daxil olan pul baratları onların şəxsi hesabına köçürülür.

Hüquqşünas Müzəffər Baxışov Cəzaların İcrası Məcəlləsinin 83.6 maddəsinə istinad edərək bildirib ki, məhkumlar məhdudiyyətsiz pul baratları almağa, həmçinin şəxsi hesablarından yaxın qohumlarına pul baratlarını göndərmək hüququna malikdirlər: “Məhkumlar başqa şəxslərə müdiriyyətin icazəsi ilə pul baratları göndərə bilərlər. Məcəllənin 91.9 maddəsində göstərilir ki, ərzaq məhsullarının və ən zəruri malların əldə olunması üçün xərcləməyə icazə verilən məbləğdən başqa məhkumlar öz şəxsi hesablarında olan vəsaitlə özlərinə ayaqqabı və paltar əldə edə bilərlər. Məcəllədə icazə verilən məbləğ ifadəsi var və bu, cəzaçəkmə müəssisələrinin daxili qaydaları sənədində göstərilib”.

Müzəffər Baxış
Müzəffər Baxış


Müzəffər Baxışov: ”Bunu edən vəzifəli şəxsə 3 ildən 8 ilə qədər həbs cəzası nəzərdə tutulur”

M.Baxışov bildirib ki, məhbusun anasının övladına göndərdiyi pulun üstündən götürülməsi qanunsuzdur: “Vəzifəli şəxs mütəmadi bunu həyata keçirirsə, Cinayət Məcəlləsinin 308.2 maddəsinə əsasən 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Təəssüf ki, cəzaçəkmə müəssisələrində bu hal adi qaydaya çevrilib”.

Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov deyir ki, uzun və qısa müddətli görüşlərin təqdim olunması üçün heç kim valideynlərdən pul tələb edə bilməz. “Bu məsələni araşdıraram, amma inanmıram ki, belə bir hal olar. Çünki buna həm Penitensiar Xidmətin rəhbərliyi nəzarət edir, həm də aidiyyəti xidmət sahələri diqqət edir. Həmin cəzaçəkmə müəssisəsinin rəisi ilə də əlaqə saxlayaram. Biz belə neqativ hallarla mübarizə aparırıq. Elə bir hadisə olubsa, valideyn bizə müraciət eləsin biz araşdıraq”.

Elvin Abdullayev 2015-ci il iyunun 1-də Bakı Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 234.4.3 ( külli miqdarda narkotik maddə saxlama) maddəsi ilə ittiham olunub. 2016-cı il iyunun 22-də Ali Məhkəmədə E. Abdullayevin kassasiya şikayətinə baxılıb. İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən məhkəmədə E. Abdullayevin maddəsi dəyişdirilib və cəzası 2 il 6 aya endirilib.

Beynəlxalq Amnistiya Təşkilatı E. Abdullayevi vicdan məhbusu elan edib.

Ana səhifəXəbərlərMəhkum anası: Oğlumla görüş üçün 30 manat rüşvət istəyirlər