Məhkəməyə müraciət edən müəllimlər işə bərpa olundular

”Əvvəllər işlədiyimiz məktəblərdə fəaliyyətimizi davam etdirəcəyik”

Source:
Əflatun Əhmədli və Ülkər Əhmədli
Əflatun Əhmədli və Ülkər Əhmədli


”Əvvəllər işlədiyimiz məktəblərdə fəaliyyətimizi davam etdirəcəyik”

Sentyabrın 25-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Neftçala təşkilatının fəalları Əflatun Əhmədli və xanımı Ülkər Əhmədli məhkəmənin qərarı ilə işə bərpa ediliblər.

Məlumatı Əflatun Əhmədli “Facebook” səhifəsində yayıb. Bildirib ki, düz 5 aydır məktəbdən çıxarılmaları ilə bağlı qərara Neftçala Rayon Məhkəməsində baxılırmış:

“Nəhayət, sentyabrın 25-də rayon məhkəməsi bizim işdən çıxarılmağımızın əsassız olması qərarını verdi”.

Əflatun Əhmədli bildirir ki, məhkəmənin qərarı ilə işsiz qaldıqları 5 ayın əməkhaqqısını da alacaqlar:

“Mən də, xanımım da əvvəllər işlədiyimiz məktəblərdə fəaliyyətimizi davam etdirəcəyik. Müəllim üçün şagirdlərinə qovuşmaqdan xoş nə ola bilər ki, bu oldu”.

Ə.Əhmədli Neftçala rayon 1 saylı məktəbdə fizika fənnini, onun xanımı Ü.Əhmədli isə Nizami Gəncəvi adına orta məktəbdə rus dilini tədris edib.

Aprelin 27-də hər iki AXCP üzvü çalışdıqları məktəbdən çıxarılandan sonra məhkəməyə şikayət etmişdilər.

O zaman Neftçala rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov Ə.Əhmədzadə və xanımı Ü.Əhmədlinin işdən çıxarılması ilə bağlı qərarı məktəblərin verdiyini demişdi:

“Qərar hər iki məktəbin pedaqoji şuralarının, həmkarlar ittifaqlarının mövqeyi əsasında verilib. Təhsil şöbəsi də bunu əsaslı sayıb. Hər iki şəxsin məktəbdə müəllimlikdən azad olunmasına bir neçə səbəb olub. Həm əmək intizamını pozublar, həm məktəbdə siyasi loyallıq prinsipinə əməl etməyiblər, həm də hakimiyyət əleyhinə danışıblar. Halbuki siyasi baxışlar məktəbdə ifadə edilə bilməz, bundan kənarda olmalıdır. Belə prinsiplərə əməl etmədilər, nəticədə də məktəblər bu qərarı verməli oldular”.

Ə.Əhmədli isə işdən çıxarılmalarına səbəbin siyasi baxışları olduğunu söyləmişdi.

Ana səhifəXəbərlərMəhkəməyə müraciət edən müəllimlər işə bərpa olundular