“Məhkəmədən ədalətli qərar gözləmirdik” (VİDEO)


Vəkil Elton Quliyevə görə, NİDA-çıların cinayət işi ssenarisi uğursuz yazıldığından məhkəmə də, hökm də uğursuz oldu

 Mayın 6-da Bakı Ağır Cinayətlərə dair Məhkəmədə 20 gün aclıq aksiyası keçirən 8 NİDA-çı gəncə hökm oxundu. Məhkəmə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il azadlıqdan məhrumetmə cəzası verdi. Gənclərin vəkili Elton Quliyevlə söhbətimizdə ittiham aktının və hökmün əsaslandırılıb-əsaslandırılmaması ətrafında yaranan suallara cavablandırmaya çalışdıq.


  • Elton müəllim, NİDA-çılar haqda hökm gözlənilən idi, yoxsa siz fərqli qərar gözləyirdiniz?

  • Möcüzə gözləmirdik, məhkəmənin formal keçirildiyini, yalnız məhkəmə görüntüsü yaratmaq niyyəti olacağını bilirdik. Həm müdafiəçilər çıxışlarında, həm də təqsirləndirilən şəxslər son sözlərində bunu qeyd ediblər. Ümumən irəli sürülən ittihamlar o qədər əsassız, qanunsuz, açıq-aşkar qurama idi ki, məhkəmədə bunların araşdırılması təbii ki, formal olmalıydı.


  • Dediyiniz qanunsuzluq nədən ibarət idi?

  • 6 ay davam edən məhkəmə prosesini yığcam şəkildə demək çətindir. Səlahiyyəti olmayan bir şəxs heç bir hüquqi əsas olmadan vətəndaşların mənzil toxunulmazlığı hüququna birbaşa müdaxilə edir. Məhkəmə qərarı olmadan evdə axtarış aparılır. Hər üç axtarış elə tərzdə aparılır ki, mənzil sakinləri evə daxil olan yad şəxslərin hərəkətlərinə nəzarət etmək imkanlarından məhrum edilir. Belə bir şəraitdə axtarış evin kəndarından deyil, əks tərəfindən başlayır, sonra tədricən qapıya gəlirlər və qapıda gah narkotik, gah benzin qoxusu şüşə qablar çıxarırlar.


  • Yəni “Molotov kokteyli”…

  • Bizim üçün o şüşə qabdır…


  • Siyavuş Novruzov üçün “Molotov kotleti”dir…

  • Lap langet olsun, fərqi yoxdur, əsas odur ki, evdən şüşə çıxır. Evin sakinləri təəccüb hissi ilə etiraz edirlər ki, siz gələnə qədər bu qoxu yox idi. İstənilən normal adam mətbəxtdə benzin iyi hiss etsə, təəccüblənər, neft buruğu yoxdur, yanacaqdoldurma məntəqəsi deyil, amma evdən benzin iyi gəlir. O evdəki benzinlə işləyən heç bir aparat yoxdur. Təbii ki, insanlar evdə yaşayırlarsa, iyin hardan gəldiyinə təəccüblənərlər, əgər o varsa. Amma axtarışın sonunda qoxu yayılır və Şahin Novruzlunun valideynləri kəskin etiraz edirlər ki, həmin butulkaları siz ora qoymusunuz. Çünki siz gələnə qədər həmin qoxu yox idi. Oxşar axtarış Bəxtiyar Quliyevin mənzilində də aparılır, həm də onun paltarları olan dolabda iki dəfə. Birinci dəfə heç nə aşkarlanmır, hansı zərurətdənsə ikinci dəfə axtarış aparılır, o zamankı otağa heç kim nəzarət etmirdi. İkinci axtarış zamanı narkotik çıxır. Prosesdə evin video-kadrlarına baxmışıq, Bəxtiyar Quliyevin dolabında birinci axtarışdan sonra paltarların vəziyyətinin şəklini çəkmişəm, həm də ikinci axtarışdan əvvəl şəklini çəkdim. Beləliklə, müdaxilə açıq görünür. Deməli, bunların əsasında süni ittiham sübutları yaradılıb və bunlar məhkəməyə verilib. Biz məhkəmədən ədalətli qərar gözləmirdik, sadəlöhv deyilik ki, sifarişlə keçirilən məhkəmə ədalətli qərar çıxarsın. Yaxud başqa detallar: ilk gün həbs olunan 3 nəfər – Şahin, Bəxtiyar və Məmməd, onlar martın 7-də ilkin izahatlarında tapılan əşyaların onlara aidiyyatı olmadıqlarını yazırlar. 17 yaşı olmasına baxmayaraq, Şahin Novruzlu yazır ki, əşyaları evlərinə axtarış aparanlar gətirib.


  • Ancaq hakimiyyətə yaxın telekanallar tamam başqa kadrlar göstərirdi…

  • Bəli, izahatdan bir neçə saat sonra növbəti ifadələrində əşyaların onlara məxsus olduğunu və tanımadıqları şəxsdən filan vaxtı filan yerdə aldıqlarını bildirirlər. Yəni müəyyən mənada konkretlik yaradır. Eyni zamanda, iş materiallarında fevral ayında hər üçü haqqında əməliyyat tədbirlərinin keçirilməsi haqqında məhkəmə qərarı var. Söhbət onların şəxsi həyatına müdaxilələrin keçirilməsindən gedir. Bu, o deməkdir ki, onlar fevraldan nəzarətdə olublarlar. Əgər nəzarətdə olublarsa, istintaqın rəsmi versiyasına görə içində benzin olan şüşə qablar fevralın sonunda onlara verilib. Deməli, bunları çəkə bilərdilər, əyani şəkildə qeyd etmək mümkün idi. Bu, o deməkdir ki, belə şey olmayıb, sonradan düşünülüb. Ssenarini yazanlar bəzən ustalıqla elə müəlliflik edirlər ki, müdafiə tərəfinin də imkanları tükənir.


  • Bu baxımdan ssenarinin mükəmməl yazıldığını demək olarmı?

  • Xeyr, uğursuz yazılıb. Ona görə də ittiham aktı da uğursuz idi, hökm də uğursuz oldu. Əgər ittiham aktı bağlı qapı arxasında toplanan sübutların nəticəsində meydana çıxıbsa və müstəntiq özünün əldə etdiyi sübutlara özünün verdiyi qiymətləri göstəribsə, açıq prosesdə bütün sübutlar, üstəlik müdafiə tərəfinin də əldə etdiyi sübutlar əlavə olaraq ətraflı araşdırıldı. Prosesdə müstəntiqin hansısa səbəbdən vermədiyi suallar müdafiə tərəfindən verildi, yaxud birtərəfli qaydada qiymətləndirdiyi ekspertiza rəyləri və digər sənədlər məhkəmədə kollektiv olaraq tədqiq olundu. Tədqiqatlar bunların “sabun köpüyü” olduğunu təsdiqlədi.


  • Bəs dediyiniz “sabun köpüyü”ndən şikayət verəcəyiniz Apellyasiya Məhkəməsindən gözləntiləriniz nədən ibarətdir?

  • Biz məhkəmələrdən heç bir şey gözləmirik.


  • Deməli, gözləntiləriniz Avropa Məhkəməsinədir?

  • Avropa Məhkəməsi sübutlara qiymət vermir, əfsuslar ki, bu instansiya hökmün qanunsuzluğunu qiymətləndirmir. Avropa Məhkəməsi işin araşdırması zamanı təqsirləndirilənlərin konvensiya hüquqlarının inkar edilməsinə baxır. Amma iş üzrə qəbul olunan bütün qərarlar siyasi iradənin nəticəsidir. Bu, bizim üçün müsbət də, bugünkü kimi heç bir çərçivəyə sığmayan qərar da ola bilər. Ona görə istər apellyasiya, istər Ali Məhkəmə ədalətli, qərəzsiz qərar qəbul edəcəyinə ümid etmirik.


  • Çox qəribədir ki, NİDA-çılara hökm çıxarılmazdan bir gün əvvəl sabiq YAP-çı deputat Gülər Əhmədovanın azadlığa çıxması barədə qərar çıxarıldı. Bu proseslərdə cəmiyyətə mesaj baxımından bağlantı görürsünüzmü?

  • Gülər Əhmədovanın işindən xəbərim yoxdur və hüquqşünas KİV-də yazılanlar əsasında heç bir nəticə çıxara bilməz, qənaətə də gəlməməlidir. Ümumiyyətlə, mən həbsxanaların əleyhinəyəm və hesab edirəm ki, həbsxanalar insanların islah olunması üçün nəzərdə tutulmayıb.


  • Bəs nə üçün nəzərdə tutulub?

  • Kiminsə həbsxanaya düşüb islah olunacağı çox böyük sual altındadır. Təbii ki, cinayət törədib etiraf edənlər həbsxanada əziyyət çəkirlər. Bu peşmançılıq psixoloji cəhətdən nəticə verirsə, hesab edirik ki, islah olunub, daha cinayət etməz. Amma ümumən pentinsiar xidmətdə məhkumların islah olunması üçün şərait yoxdur.


  • Bununla belə, son vaxtlar pentinsiar xidmətdəki islahatlardan danışılır…

  • Pentinsiar xidmətdə islahatlar keçirilə bilər, müəssisələr təmir olunar, məhkumlara televiziya verilişləri nümayiş edilir. Bunlar hamısı məsələnin bir tərəfidir. Amma hüquqda və cəza siyasətində retlibtilistika deyilən cərəyan var, cəza təyin edilərkən onun məqsədlərinə nə dərəcədə nail olmağın yollarını göstərən elm sahəsidir. Cəzanın islah olunmaq nəticəsi ilə adekvatlığı məsələsi, mayın 6-da Zaur Qurbanlıya, Rəşadət Axundova və İlkin Rüstəmzadəyə 8 il cəza təyin olundu. Həmin 8 il onların nəyini islah etməlidir? Onlar cinayətkar deyil axı. Bu gün həbsxanalarda günahkarlıqla günahsızlıq arasında sərhəd tam pozulduğuna görə kimin nədən və niyə islah olunması böyük sual altındadır. 17 yaşlı Şahin Novruzlu 35 yaşlı qatillə bir kamerada oturub nəyə baxıb islah olunmalıdır? Məsələ ondadır ki, cəzaya məhkum olunan şəxs öz törətdiyi əməllə aldığı cəzanın müqabilində cəzanın ədalətliyinə inanıb islah olunmalıdır.


  • Bu mənada NİDA-çıların məhkəməsi Azərbaycan məhkəmə tarixində nəylə yadda qalacaq?

  • NİDA-çıların məhkəməsi kimi. Ondan əvvəl generalların, liderlərin, Qarabağ qazilərinin, dindarların işi olub. Ən maraqlısı odur ki, üsullar, yanaşmalar fərqli olsa da, bu işlərin üzərindəki damğa sübut olmadan adamları cəzalandırıb mümkün qədər çox həbsdə saxalamaq. Yəqin kənarda qalanlara görk olmaqdan ötrü.


  • Yəni cəmiyyətdə qorxu xofunu gücləndirmık məqsədi güdülür?

  • Çox güman ki. NİDA-çıların işində 3 yerdə vendetta sözü işlədilir, birinci, Bəxtiyar Quliyevin “Vendetta” facebook səhifəsi vardı, ikinci, vendetta maskası, nəhayət, şahid Anar Abbasov, ittiham tərəfinin əsas “kozır”ı, onun ifadəsində yer almışdı. Beləliklə, bütün iş özü intiqamdır. Bir cinayət işi məhkəmə araşdırmasına verilirsə, biz ona hüquq müstəvisində yanaşırıq. Əgər hüquq müstəvisində bu suallara cavab tapılmırsa, yaxud cavab mənfidirsə, o zaman sual yaranır: gənclər niyə həbs olunsun?


  • Elton müəllim, həbsdə olan NİDA-çılar aclıq aksiyası haqqında son qərar veriblərmi?

  • Bu barədə nəsə deməyə çətinlik çəkirəm. Onlarla söhbət etdim, uşaqlar çox zəifləyiblər, İlkin 12 kiloqram arıqlayıb. Ümumən bu daxildən gələn qüvvədir, ya təpərdir, inamdır, qürurluqdir. Əslində onların arasında bu yaşda təəccüb doğuran xəstəlikləri var və bu, aclıqla heç uyuşmur. Mən ondan narahatam ki, xəstəliklər fəsad verə bilər. Amma onların bəziləri məcburi yedizdirilməmək, ya ona məruz qoyulmamaqdan ötrü rəsmən müraciət edib aclıq etdiklərini heç bildirmirlər də. Gənclər aclıq aksiyasına başlamaq qərarını birgə veriblər və birgə də dayandırmaq qərarı verməlidirlər. Onlar daha çox ailələrində yaşanan gərginlikdən narahatdırlar.

Ana səhifəVideo“Məhkəmədən ədalətli qərar gözləmirdik” (VİDEO)