Məhkəmədə dəmir qəfəs – insan ləyaqətini alçaldan rəftar

Bakı Ağır Cinayətlər Məhkəməsində sonuncu dəmir qəfəs bugünlərdə şüşə kabinə ilə əvəzlənib.

Foto: Meydan TV


Bakının Xəzər, Suraxanı rayon məhkəmələrində də dəmir qəfəslər var

Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında məhkəmə zalında hakim qarşısına çıxarılmış şəxsin dəmir qəfəsdə saxlanmasını qeyri-insani rəftar kimi qiymətləndirir. Avropa Məhkəməsinin Azərbaycana qarşı da belə qərarı var. Buna baxmayaraq, Azərbaycanda hələ də bir çox məhkəmədə insanların dəmir qəfəslərdə saxlanması halları davam edir.

Məsələn, Gəncə Apelyasiya Məhkəməsində hələ də təqsirləndirilən şəxslər dəmir qəfəsdə saxlanılır. Hətta martın 18-də orada “Anews.az” saytının bölgə müxbiri Zaur Qənbərovun işinə baxılarkən onun vəkili müvəkkilinin qəfəsdə saxlanmasına etiraz etmişdi. Bu cür davranışın insan ləyaqətini alçaltdığını bildirmişdi.

Ümumiyyətlə, vəkillər məhkəmələrdə bu məsələni tez-tez qaldırıb, təqsirləndirilən şəxslərin dəmir qəfəsdən çıxarılmasını və müdafiəçilərinin yanında əyləşməsini istəyirlər. Amma əksər hallarda, hakimlər bu qəbildən olan vəsatətləri təmin etmir. Bunu da təhlükəsizlik amiliylə əlaqələndirirlər.

Bakının Xəzər, Suraxanı rayon məhkəmələrində də dəmir qəfəslər qalıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində sonuncu dəmir qəfəs bugünlərdə şüşə kabinə ilə əvəzlənib.

2019-cu ilin noyabrında Avropa Məhkəməsinin “Cəfərli Azərbaycana qarşı” qərarında da bu problemə toxunulub. Söhbət Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin haqqında 2016-cı ilin avqustunda həbs qərarı verilərkən Nəsimi Rayon Məhkəməsində onun hakim qarşısında dəmir qəfəsdə saxlanmasından gedir. Avropa Məhkəməsi bunu İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 3-cü (işgəncə, insan ləyaqətini alçaldan və qeyri-insani davranışın qadağan edilməsi) maddəsinin pozuntusu sayıb.

Vəkil Cavad Cavadov Meydan TV-yə bildirib ki, hazırda Avropa Məhkəməsinin icraatında olan və Azərbaycan hökumətilə kommunikasiyası davam edən daha bir işdə bu məsələ mübahisələndirilir:

“Bir çox məhkəmədə qəmir qəfəslər şüşə kabinələrlə əvəzlənib. Amma qalanlar da kifayət qədər çoxdur. Şəxsən mən vəkil olaraq, hər dəfə belə halla qarşılaşanda müvəkkilimin qəfəsdən çıxarılması haqda vəsatət verirəm. Avropa Məhkəməsinin qərarlarına istinad edirəm. Konvensiyanın 3-cü maddəsinə əsaslanıram. Azərbaycan da Avropa Konvensiyasını ratifikasiya edib, buna da əməl olunmalıdır. Qəfəslərin tədricən də olsa, yığışdırılması müsbət haldır. Ümumiyyətlə, bütövlükdə ədalət mühakiməsinin keyfiyyəti artırılmalıdır”.

Ana səhifəSiyasətMəhkəmədə dəmir qəfəs – insan ləyaqətini alçaldan rəftar