O, jurnalist və yazıçı Cin Kerrolla 5 milyon dollara yaxın təzminat ödəməlidir
ABŞ-ın Andlılar Məhkəməsi ölkənin 45-ci prezidenti Donald Trampı jurnalist və yazıçı Cin Kerrolla cinsi qısnamada təqsirli bilərək jurnalistə 5 milyon dollara yaxın təzminat ödənilməsinə qərar verib.
Kerroll dörd il əvvəl Trampa qarşı iddia irəli sürüb.
Bildirib ki, Donald Tramp 27 il əvvəl Nyu-York univermağında paltardəyişmə otağında onu cinsi istismar edib.
Məhkəmə bu iddianı təsdiqləyib.
Məhkəmə prosesə mülki qaydada baxıb. Bu, Trampa 5 milyon dollar cəriməyə başa gələcək.
Öz növbəsində Tramp bu ittihamları rədd edib.
Bildirib ki, Kerroll onun vasitəsilə gündəmə gəlib, məşhurlaşmaq və daha çox kitab satmaq üçün böhtan atır.
O, məhkəmədə ifadə verməkdən imtina edib.
Sonradan o, Məhkəmənin qərarını şərh edərək: “Hökm biabırçılıqdır və bütün zamanların ən böyük əcinnə ovunun davamıdır”, – deyib.
Bu məhkəmə işindən əlavə, Nyu-York məhkəməsində Trampa qarşı başqa bir şikayətə də baxılır.
2016-cı ildə onunla cinsi əlaqədə olması barədə susması üçün pornoaktrisa Stormi Danielsə (Stormy Daniels) 130 min dollar ödəməsi ittihamı araşdırılır.
Manhetten Dairə Prokurorluğu hesab edir ki, Tramp kampaniya fondundan istifadə etməklə seçki qanunlarını pozub.
ABŞ-ın keçmiş prezidenti və vəkilləri baş verənləri “siyasi təqib” adlandıraraq təqsiri və cinayət faktını inkar edirlər.
Donald Tramp ABŞ tarixində cinayət ittihamı ilə üzləşən ilk keçmiş prezidentdir.
2024-cü ildə keçiriləcək seçkilərdə yenidən prezidentliyə namizədliyini irəli sürüb.
Eyni zamanda, bütün bu ittihamlar və hətta hökm belə Trampı prezidentliyə namizəd olmaq hüququndan məhrum etmir.