Yerevan məhkəməsi şənbə günü Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib, – “Armeniasputnik” xəbər verir.
Müvafiq qərar hakim David Qriqoryan tərəfindən oxunub.
Bundan bir qədər əvvəl Dağlıq Qarabağın indiki rəhbəri olan Bako Sahakyan və onun sələfi Arkadi Qukasyan məhkəməyə gedərək şəxsən zaminliklə bağlı ərizə təqdim ediblər. Məhkəmə salonunda imza atan Sahakyan və Qukasyan 500 min dram (min dollardan çox) pul ödəyiblər.
Qeyd edilir ki, Ermənistan eks-prezidentinin tərəfdarları və müxalifləri məhkəmə binasının önündə toplanıblar. Tərəfdarlar məhkəmə qərarına sevinirlər. Bəziləri hətta rəqs ediblər. Koçaryanın oğulları Sedrak və Levon Koçaryan da onlara yaxınlaşıb.
Hakim qərarı oxuduğunda Koçaryanın tərəfdarları və opponentləri arasında gərginlik yaşanıb. Onlar bir-birilərinə su dolu plastik butulka atıblar. Lakin qarşıdurmanın daha da gərginləşməsinə icazə verilməyib.
Avan və Nor-Nork inzibati rayonlarının ümumi məhkəmə zalında 13 may tarixində Ermənistan Respublikasının keçmiş prezidenti Robert Koçaryan, sabiq Baş nazirin müavini Armen Qevorkyan, sabiq müdafiə naziri Seyran Ohanyan və sabiq qərargah rəisi Yuri Xaçaturova qarşı cinayət işi açılıb. Onlar 2008-ci ildə dövlət çevrilişində ittiham edilirlər. Koçaryan ittihamları rədd edir və hazırkı hökumətin ona qarşı apardığı siyasi kampanyanın bir hissəsi olduğunu deyir.