”Məhkəmə, polis, prokurorluq şərə xidmət edir, sifarişlə işləyir”

Cəlilabadlı jurnalist 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Source:


Əfqan Sadıqov foto sosial şəbəkə


Cəlilabadlı jurnalist 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsi jurnalist Əfqan Sadıqovu Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə təqsirli bilərək 2 il 6 ay azadlıqdan məhrum edib.

Bu barədə məlumatı Əfqan Sadıqovun vəkili Elçin Sadıqov yayıb. Vəkil hökmün qanunsuz və əsassız olduğunu bildirib: “Əfqan Sadıqovun həbsi Cəlilabad rayon icra hakimiyyətinin başçısı barəsində tənqidi yazılarına görədir”.

Məhkəmədə son sözlə çıxış edən Əfqan Sadıqov son sözünün heç vaxt sonu olmayacağını, bunun son deyil, başlanğıc olduğunu deyib:

“Bizim sözümüz, mübarizəmiz indi, bundan sonra başlayır. Hamı bilir ki, məhkəmə, polis, prokurorluq şərə xidmət edir, sifarişlə işləyir. Biz həmişə, hər addımbaşı haqqı tapdalanan, hüquqları pozulan insanların yanında olacağıq. Həbsdən, ölümdən qorxub çəkinmədən əzilən vətəndaşları müdafiə edəcəyik!”

Jurnalist məmurların qarşısında əyilməyəcəyini, əməllərinə göz yummayacağını da söyləyib: “Heç bir zaman cinayətkar, qaniçən, quldur, saxtakar, Allahsız, insanlara torba tikən, vampir məmurlarla barışmayacağıq, onlara əyilməyəcək, onların bu əməllərinə göz yummayacağıq, barışmayacağıq. Sovet dönəmində rayonun 1-ci katiblərinə, sonralar icra başçılarına görə hər şeyindən keçməyə hazır olanlar ində də Əziz Əzizov kimilərə yaltaqlanmaq üçün onun qapısında növbəyə dayanırlar. Gör indi Əzizov kimi adamlara yalmananlar nə gündədirlər. Amma unudurlar, kişilik, insanlıq, namus – nə özlərini min yola qoyub qazandıqları pulda, nə də əllərində tutduqları möhürdədir!”.

Daha sonra Əfqan Sadıqov sual edib:  Soruşsanız ki, peşmanam, ya yox? Peşmanam, kaş ki, məmurları tənqidə daha əvvəldən başlayardım deyib:

“Yaşasın, hər zaman Elçin Sadıqov kimi həqiqət tərəfdarı, doğrunu müdafiə edən haqqın yanında olan, mərd, cəsur vəkillər! Cəlilabad məmurlarını vəlvələyə salan “Cəlilabadımız” səhifəsi və onun admini! “Nota” və Sərdar Əlibəyli, Meydan TV, “Azərbaycan saatı”, Azadlıq radiosu kimi mətbuatımız var olsun!”

Elçin Sadıqov hökmdən apellyasiya şikayəti verəcəklərini də söyləyib.

Azel.tv saytının təsisçisi və redaktoru A.Sadıqov noyabrın 22-də saxlanılıb. Ona qarşı CM-in 127.2.3-cü maddəsi (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Söhbət avqustda rayon icra hakimiyyətinin binasında baş vermiş insidentdən gedir. Həmin vaxt dəhlizdə bir qadın ona yumruqla hücum edib, polis dərhal insidenti sağlamlığa ziyan vurma kimi protokollaşdırıb.

İstintaq hesab edir ki, qadının – Aliyə Rzayevanın guya beyni silkələnib.

O, “Ekologiya” adlı bir qəzetin jurnalisti kimi təqdim edilir. Baxmayaraq ki, iş materiallarından zərərçəkmişin latın əlifbası ilə oxuyub-yaza bilmədiyi görünür.

Bundan başqa, müdafiə tərəfin məlumatına görə, o, yuxarıların sifarişi ilə kimisə həbs etmək lazım olan bu cür sifarişli işlərdə dəfələrlə “zərərçəkmiş” olub.

Ana səhifəXəbərlər”Məhkəmə, polis, prokurorluq şərə xidmət edir, sifarişlə işləyir”