Məhkəmə jurnalistin şikayətini təmin etməyib

Elçin İsmayıllı həbsinin qurama, fəaliyyəti ilə bağlı olduğunu deyir

Source:


Elçin İsmayıllı həbsinin qurama, fəaliyyəti ilə bağlı olduğunu deyir

Fevralın 22-si jurnalist Elçin İsmayıllının həbsindən verilən apelyasiya şikayətinə baxılıb. Şikayət təmin edilməyib.

Məlumatı vəkil Elçin Sadıqov yayıb. O, şikayətin fevralın 18-i jurnalist barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Nəsimi Rayon Məhkəməsinin qərarından verildiyini bildirib:

“Şikayətə Bakı Apelyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə baxıldı. Məhkəmə şikayəti təmin etmədi, Nəsimi Rayon Məhkəməsinin qərarını dəyişdirilmədən saxladı. Elçin İsmayıllı bildirdi ki, onun həbsi İsmayıllı rayon icra hakimiyyətinin başçısı barədə tənqidi yazılarına görədir”.

İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı fevralın 17-də saxlanıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yoluyla pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Vəkil jurnalistin İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin əməkdaşı haqqında məlumat yayacağı ilə bağlı pul tələb etməkdə günahlandırıldığını deyir.

Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib və pul Elçin İsmayıllıya verilən vaxt o həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, fəaliyyəti ilə bağlı olduğunu bildirib:

“Elçin İsmayıllı bunun qurama olduğunu söyləyir. Deyir, həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçin İsmayıllını həbs ediblər”.

Ana səhifəXəbərlərMəhkəmə jurnalistin şikayətini təmin etməyib