Məhkəmə iki körpəsini və özünü 4-cü mərtəbədən atan ana haqda hökm verdi

Tibbi ekspertizanın rəyində də Nigar Cəfərovanın psixi problemlərinin olduğu əksini tapıb.

Foto: Meydan TV


Ana xəstəxanaya yerləşdiriləcək

Bakıda əvvəlcə iki azyaşlı övladını, daha sonra özünü dördüncü mərtəbədən ataraq intihara cəhd göstərən Nigar Cəfərovanın məhkəməsi yekunlaşıb. Mayın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsi onunla bağlı hökm verib. Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası 30 yaşlı Nigar Cəfərovanın psixi problemləri olduğu qənaətinə gəlib. Onun Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsinə qərar verilib.

Tibbi ekspertizanın rəyində də Nigar Cəfərovanın psixi problemlərinin olduğu əksini tapıb.

1991-ci il təvəllüdlü Nigar Cəfərovaya qarşı Cinayət Məcəlləsinin 29.120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29.120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələrilə ittiham verilmişdi. O, məhkəmədə ifadəsində yaddaş pozuntusundan əziyyət çəkdiyini, hadisəni də xatırlamadığını bildirmişdi. O, həyat yoldaşı ilə münasibətləri, evdəki durum və başqa sualların da əksəriyyətinə “yadımda deyil” cavabını vermişdi. Başının çox ağrımasından əziyyət çəkdiyini deyən Nigar Cəfərova ümumilikdə yorğun olduğunu vurğulamışdı: “Canım yorğun düşüb. Nələrisə yuxu kimi xatırlayıram…”

Nigar Cəfərovanın anası Fazilə Manafova bildirib ki, hadisə ərəfəsində qızı özünü yaxşı hiss etmirdi: “Axır vaxtlar halsız olurdu, bütün günü yuxusu gəlirdi. Elə deyirdi ki, “başım ağrıyır, özümü pis hiss eləyirəm”. Həkimə də aparmışdıq, dərmanlar yazmışdı. Yoldaşı aşpaz idi, pandemiyaya görə son vaxtlar işləmirdi. Amma ailədə o dərəcədə problemləri yox idi…”

Hadisə 2020-ci il dekabrın 20-də baş verib. Nigar Cəfərova 2017 və 2019-cu il təvəllüdlü uşaqları Hüseyn və Oqtay Cəfərovaları atandan sonra özünü də ataraq, intihara cəhd edib. Xəstəxanada həkimlər onların həyatını xilas edə bilib.

Ana səhifəSosialMəhkəmə iki körpəsini və özünü 4-cü mərtəbədən atan ana haqda hökm verdi