Ekspertiza rəyi isə məhbusun 5 saylı cəzaçəkmə müəssisəsində işgəncə nəticəsində öldüyünü deməyə əsas verir
Qarabağ müharibəsi veteranı, 5 saylı cəzaçəkmə müəssisəsinə köçürüləndən iki gün sonra orada həyatını itirən 24 yaşlı Sübhan Ağayevin ölümüylə bağlı məhkəmə araşdırmaları yekunlaşıb. Onun ölümündə təqsirli bilinən cəzaçəkmə müəssisəsinin baş inspektoru, rəisin növbətçi köməkçisi Hümbət Məmmədova 2 min manat cərimə cəzası verilib. Salyan Rayon Məhkəməsinin hakimi Ağarza Səmədov belə hökm çıxarıb. Hökmə əsasən, ona Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham verilib.
Salyan rayonunun Kürsəngi kənd sakini olan 1972-ci il təvəllüdlü Hümbət Məmmədov cəzaçəkmə müəssisəsində işləyir.
Sübhan Ağayev 2022-ci ilin oktyabrında oğurluq ittihamıyla həbs olunub, təxminən 4 ay Şüvəlan qəsəbəsindəki 3 saylı istintaq təcridxanasında saxlandıqdan sonra 3 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb və cəzaçəkmə müəssisəsinə köçürülüb. O, fevralın 25-də 5 saylı cəzaçəkmə müəssisəsinə daxil olub, fevralın 28-də səhər saat 10.00 radələrində isə orada ölüb.
Hümbət Məmmədov ölümündən bir gün əvvəl – fevralın 27-də cəzaçəkmə müəssisəsindəki “kars”a salınıb. Orada bir sutkaya yaxın əl-ayağı qandallı vəziyyətdə saxlanılıb. Bu, hökmdə də əksini tapıb. Onun “kars”a salınması da, qandallanması da cəzaçəkmə müəssisəsinin qərarıyla həyata keçirilib. Lakin Hümbət Məmmədov qandalı vaxtında açmamaqda, onu bir sutkaya yaxın qandallı vəziyyətdə saxlamaqda təqsirləndirilir.
Cinayət işinin materiallarında yazılıb ki, Sübhan Ağayev cəzaçəkmə müəssisəsinə daxil olandan sonra üstündə axtarış aparılmasına, daha dəqiqi, tam çılpaq soyundurulmasına etiraz edib. İddiaya görə, o, axtarış prosesinə aqressiv şəkildə reaksiya verib, özünə xəsarət yetirməyə cəhd göstərib və s. Bu səbəbdən onun “kars”a salınmasına, orada da özünə xəsarət yetirməməsi üçün qandallı saxlanmasına qərar verilib.
Sübhan Ağayev “kars”da əlləri qandalla çarpayıya bağlı, həmçinin ayaqları da qandallanmış vəziyyətdə saxlanılıb. Fevralın 28-də səhər saatlarında qandal açılanda artıq o, müvazinətini itirib, çarpayının üstünə yıxılıb. Müəssisənin həkimi çağrılıb, lakin o gəlib yoxlayanda vəziyyətin ağır olduğunu deyib.
Özünü təqsirli bildiyini deyən Hümbət Məmmədov məhkəmədə ifadəsində deyib ki, “kars”da Sübhan Ağayev əvvəlki kimi aqressiv deyildi, sakitləşmişdi. Lakin sonradan qandalı açmamasının səbəbi o idi ki, özünə xəsarət yetirməsindən qorxurdu. O, əməlindən peşman olduğunu da məhkəmədə vurğulayıb.
Hümbət Məmmədov həbs olunmayıb, barəsində istintaq və məhkəmə dövründə polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Ekspertiza rəyinə əsasən, Sübhan Ağayevin üzərində çoxsaylı xəsarətlər olub. Elə xəsarətlər ki, onlar yalnız qandalla sıxılma nəticəsində əmələ gəlməyə xarakterik deyil. Elə ekspert də rəyində göstərib ki, həmin xəsarətlər ölümdən əvvəl bərk küt əşya ilə yetirilmə nəticəsində əmələ gələ bilərdi və həyati olub. Başqa sözlə, Sübhan Ağayev həmin xəsarətlər nəticəsində həyatını itirib.
Ekspertiza aşağıdakı xəsarətləri qeydə alıb:
- Başın tüklü hissəsinin sağ alın-təpə nahiyəsində tük diblərinin fasiləli qansızmaları – qançırı;
- Sağ və sol bazunun orta 1/3-nin ön səthinin qansızması – qançır;
- Hər iki mil-bilək oynağı nahiyəsinin və hər iki baldırın aşağı 1/3-nin sirkuliyar qansızma fonunda sıyrıqları;
- Hər iki ayaq pəncəsinin, sol çiyin qurşağı nahiyəsinin qançırlı sıyrıqları;
Sağ və sol qalça qanadı nahiyəsinin və sağ diz oynağının ön səthinin qançırlı sıyrıqları.
Sübhan Ağayevin qohumları hadisədən iki ay sonra Meydan TV-yə bildirmişdilər ki, o, işgəncə nəticəsində həyatını itirib. Onlar iddia edirdilər ki, Sübhan Ağayevin əllərini və ayaqlarını bağlayıb, amansızlıqla döyüblər. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.
“Martın birində, dəfnindən öncə onun meyitini mən yumuşam. Bədəninin hər yerində işgəncə izləri vardı. Əllərini və ayaqlarını bağlayaraq amansızcasına döyüblər”, – əmisi Fəxrəddin Ağayevin sözləridir.
Sübhan Ağayev 2020-ci ildə 44 günlük müharibədə iştirak edib, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Füzulinin azad olunmasına görə” medallarıyla təltif edilib. Anasıyla Bakının Xəzər rayonu, Binə qəsəbəsində – Sovxoz adlanan yeni massivdə yaşayırdı.
Həmin ərəfədə prokurorluqdan bildirilmişdi ki, hadisə ilə bağlı araşdırma aparılır, Cinayət Məcəlləsinin 293.2 (vəzifəli şəxs tərəfindən, onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda, başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb. Lakin sonradan ittiham dəyişib və daha yüngül maddəyə – CM-in 309.1 maddəsinə tövsif olunub.
Zərərçəkmiş şəxsin hüquqi varisi qismində Sübhan Ağayevin atası tanınıb. O, məhkəmədə iştirak etməyib, ərizə göndərib ki, şikayət və tələbi yoxdur.
İstintaqa ifadəsində isə deyib ki, oğluyla həbsdə olduğu dövrdə telefon əlaqəsi olmayıb. Yalnız Sübhanın anasından eşidib ki, hansı müəssisədə saxlanılır. Oğlunun ölüm xəbərini eşidəndən sonra Neftçala rayonundakı morqdan meyiti təhvil alıb, dəfn eləyiblər.
Ağarza Səmədov Salyandan öncə Qazax rayon Məhkəməsində hakim vəzifəsində çalışıb. O, Qazaxda işlədiyi dövrdə – 2018-ci ilin yanvarında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, mərhum Gözəl Bayramlının 3 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarmışdı.
Gözəl Bayramlı Cinayət Məcəlləsinin 206.1 (qaçaqmalçılıq) maddəsilə təqsirli bilinmişdi. İddia olunurdu ki, o, 25 may 2017-ci ildə axşam saat 22 radələrində Gürcüstandan Azərbaycana gələrkən Qazaxdakı Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində gömrük əməkdaşları çantasından bəyan olunmamış 12 min dollar pul tapıb.
Gözəl Bayramlı isə bunun yalan olduğunu, həmin pulların çantasına gömrükçülərin özü tərəfindən atıldığını bildirirdi. O, sərhəd-buraxılış məntəqəsindəki kameraların görüntülərinin alınmasını və məhkəmədə baxış keçirilməsini tələb edirdi.
Gözəl Bayramlı şəxsən Prezident İlham Əliyevin sifarişi ilə şərlənib həbs olunduğunu, hakim Ağarza Səmədovun da sifariş yerinə yetirdiyini deyirdi.