ADNSU-da müəllim narazılığı: “50 ilin müəllimini 18-19 yaşlı tələbənin qiymətləndirməsindən asılı vəziyyətə salıblar”

ADNSU – Foto: ADNSU

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yüzə yaxın müəllimin işdən çıxarıldığı və ya dərs saatlarının azaldıldığı bildirilir.

Bu barədə Meydan TV-yə danışanlar baş verənlərdə universitetin rektoru Rüfət Əzizovu məsul tuturlar. Dərs saatları azaldılan müəllimlər narazı olduqlarını desələr də, adlarının açıqlanmasını istəmirlər. Səbəb kimi işlərini tamamilə itirmək, təzyiqlə üzləşmək qorxusunu göstərirlər.

“Biz ömrümüzü bu universitetə həsr etmişik. Burada oxumuşuq, işləmişik, elmi dərəcə almışıq. İndi isə bizi müxtəlif bəhanələrlə işdən çıxarırlar. Əvəzimizə kənardan adamlar gətirirlər. Təkcə Sumqayıt Dövlət Universitetindən otuza yaxın əməkdaş ADNSU-ya gətirilib”, – müəllimlərdən biri deyir.

“Sınaq dərsləri qurama oyuna çevrilib”

Şikayətçilərin sözlərinə görə, Rüfət Əzizov rektor təyin olunduqdan sonra bir sıra müəllimlərin əmək müqavilələri əvvəlcə müddətli müqavilələrlə əvəzlənib, sonradan isə müxtəlif əsaslarla uzadılmayıb.

“Əvvəlcə əmək müqavilələrimizi müvəqqəti müddətə keçirdilər. Sonra da müxtəlif bəhanələrlə müqavilənin uzadılmayacağını dedilər. Birinci bəhanə dərs yükünün olmaması, ikinci bəhanə isə sınaq dərslərindən keçə bilməməyimiz oldu. Əslində, sınaq dərsləri qurama bir oyuna çevrilmişdi. Məqsəd özlərinə rəqib gördükləri müəllimləri universitetdən uzaqlaşdırmaq idi”, -şikayətçilərdən biri deyib.

Müəllimlərin narazı qaldığı məsələlərdən biri də Geoloji Kəşfiyyat fakültəsinin ləğvidir. “Universitetdə Geoloji Kəşfiyyat fakültəsini ləğv etdilər. Bu sahədə illərlə çalışan müəllimlərə dedilər ki, sizə dərs yükü yoxdur. Belə çıxır ki, ölkə üçün vacib olan sahə universitetdə əhəmiyyətini itirib?” -müəllimlərdən biri sual edir.

Şikayətçilərin sözlərinə görə, fakültənin ləğvindən sonra kafedralar da birləşdirilib. Nəticədə uzun illər həmin sahədə çalışan dosentlərin və müəllimlərin dərs saatları azaldılıb. Müəllimlər hesab edirlər ki, universitet rəhbərliyi geologiya, neft-qaz və mədən sahələrinin xüsusiyyətlərini nəzərə almadan qərarlar verir.

“Dosentə dərs vermirlər, laborantın oğluna dərs ayırırlar”

Müəllimlərin əsas şikayətlərindən biri dərs saatlarının bölüşdürülməsi ilə bağlıdır. Onlar deyirlər ki, elmi dərəcəsi, uzun illər pedaqoji təcrübəsi olan müəllimlərə dərs yükü ayrılmadığı halda, bəzi laborantlara, inzibati işçilərə və onların yaxınlarına dərs saatları verilir.

“Bizə deyirlər ki, dərs yükü yoxdur. Amma baxırsan ki, laborantın kənar şirkətdə işləyən oğluna dərs saatı ayrılıb. Muzeydə çalışan magistrə dərs verilir. Elmi dərəcəsi olmayan, laborant işləyən 55 yaşlı şəxsə dərs yükü ayrılır. Bəs illərlə universitetdə çalışan, dosent elmi adı olan müəllimlər niyə dərs deyə bilmirlər?” – şikayətçilərdən biri bildirib.

Müəllimlər universitetdə baş verən dəyişikliklərdə rektor Rüfət Əzizovla yanaşı, başqa vəzifəli şəxslərin də rolunun olduğunu iddia edirlər. Şikayətçilər kadr və dərs bölgüsü məsələlərində Yer elmləri kafedrasının müdiri Elşən Abdullayevin təsirinin olduğunu deyirlər. Tədris məsələləri üzrə prorektor Rza Məmmədovun və İnsan Resursları departamentinin direktoru Günay Rəfiyevanın da proseslərdə iştirakından narazılıq bildirirlər. Onların sözlərinə görə, rektor təcrübəli müəllimlərlə bəzən kobud və alçaldıcı şəkildə davranır.

“Universitetdə elmi dərəcəsi, təcrübəsi, nüfuzu olan adamlar sanki arzuolunmaz şəxslərə çevriliblər. Ya işdən çıxarılırlar, ya da əvvəlki vəzifələrindən uzaqlaşdırılırlar. Özlərinə yaxın adamları isə müxtəlif vəzifələrə gətirirlər”, – müəllimlərdən biri iddia edir.

“Tələbələri müəllimlərin üzərinə qaldırırlar”

Müəllimlərin başqa bir şikayəti tələbələrin müəllimləri qiymətləndirməsi ilə bağlıdır. Onlar iddia edirlər ki, tələbələrin verdiyi qiymətlərdən bəzi müəllimlərə qarşı istifadə olunur.

Şikayətçilərin sözlərinə görə, bəzi tələbələr müəllimlərdən narazı salınır, onlara müəllimlərin fəaliyyətini aşağı qiymətləndirmək üçün şərait yaradılır.

“Fakültələrdə dərs oxumağa marağı olmayan tələbələr də var. Bizim iddiamız budur ki, bəzən belə tələbələr müəllimlərin əleyhinə yönləndirilir. Onlara müəllimlərdən şikayət etmək, aşağı qiymət vermək üçün imkan yaradılır. Sonra da həmin rəylər müəllimlərə qarşı istifadə olunur”, – müəllimlərdən biri deyib.

Onlar bildirirlər ki, yeni işə götürülən bəzi müəllimlərin dərslərində tələbələr yüksək qiymətlər alır, universitetin əvvəlki müəllimlərinin dərslərində isə həmin tələbələrin nəticələri aşağı olur:

“50 il müəllim işləyən adamı 18-19 yaşlı tələbənin qiymətləndirməsindən asılı vəziyyətə salıblar. Əlbəttə, tələbənin də fikri nəzərə alınmalıdır. Amma müəllimin biliyi, təcrübəsi və elmi fəaliyyəti də qiymətləndirilməlidir. Tələbə rəyi müəllimin işinə verilən yeganə qiymət ola bilməz”.

Meydan TV məsələ ilə bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə sorğu göndərib. Yazı dərcə hazırlandığı müddətdə suallar cavablandırlmayıb. Universitetin mövqeyini əldə etdiyimiz halda, onu ayrıca təqdim edəcəyik.

Ana səhifə ▸ Xəbərlər ▸ ADNSU-da müəllim narazılığı: “50 ilin müəllimini 18-19 yaşlı tələbənin qiymətləndirməsindən asılı vəziyyətə salıblar”