"Faşist metodlarıyla davranırlar"
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin 15 yaşlı oğlu Toğrul Mehdiyev 2011-ci ildən ölkədən çıxa bilmir. Bakıdakı kurslarda alman dilini öyrənən Toğrul kurs yoldaşlarıyla birlikdə Almaniyaya getməlidir, amma gedə bilmir. Çünki onun 1 yaşı olarkən atasıyla anası boşanıb və atası ölkədən çıxması üçün razılıq vermir.
G.Hacıbəyli oğlunun təhsil, istirahət hüququnun pozulmasını əsas gətirərək, ona atasının razılığı olmadan ölkədən çıxmağa icazə verilməsi üçün məhkəməyə müraciət edib. Nəsimi Rayon Məhkəməsində hakim Rəşid Səmədov ərizəni təmin etməyib. Bakı Apelyasiya Məhkəməsində hakim Aida Hüseyn də bu qərarı qüvvədə saxlayıb. Dekabrın 26-da isə Ali Məhkəmədə hakim Gündüz Quliyevin sədrliyilə bu işə baxılıb.
Məhkəmədə G.Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev də, uşaq özü də iştirak edib.
G.Hacıbəyli bildirib ki, Toğrulu təkbaşına böyüdür, ötən 15 ildə M.Mehdiyev ata kimi ona heç bir qayğı göstərməyib. Əksinə, məhkəmə onların həftədə bir dəfə ünsiyyətdə olması barədə qərar çıxarsa da, M.Mehdiyev uşaqla görüşmək istəməyib. 2014-cü il oktyabrın 24-də Nəsimi rayon İcra və Probasiya Şöbəsinə oğlu ilə görüşməkdən imtina barədə ərizə yazıb göndərib. Bu ərizə də məhkəməyə təqdim olunub.
G.Hacıbəyli əlavə edib ki, oğlundan imtina edən şəxsə görə uşağın təhsil, istirahət hüququ pozulur.
Vəkil Zibeydə Sadıqova da bildirib ki, M.Mehdiyevlə oğlu arasında faktiki heç bir ünsiyyət yoxdur. 15 yaşlı Toğrul məhkəmə zalına daxil olarkən işə baxan hakimlər də bunun şahidi olublar. Uşaqla ata bir-birini tanımayan iki yad insan kimi davranıblar.
Ali Məhkəmə də kassasiya şikayətini təmin etməyib və aşağı instansiya məhkəmələrinin qərarı qüvvədə saxlanıb.
Toğrul 2004-cü ildə anadan olub, valideynləri onun 1 yaşı olanda rəsmi şəkildə boşanıb.
"8-9 il oğlu ümumiyyətlə, bu adamın yadına düşməyib. 2013-cü ildə hökumət siyasi baxışlarıma görə mənə qarşı "qara piar" kampaniyasına başlayanda bunun da yadına övladı olması düşdü və məhkəməyə müraciət edərək, uşaqla ünsiyyət hüququnun tanınmasını istədi. Məhkəmə bu barədə qərar çıxarsa da, sonradan özü uşaqla görüşlərdən imtina etdi. Özü uşaqla ünsiyyətdən imtina etdiyi, bu günə qədər onunla əlaqə saxlamadığı halda, məhkəmələr qərəzli şəkildə bu məsələlərə göz yumur. Siyasi fəaliyyətimə görə övladımın təhsil, istirahət hüququ pozulur", – deyə G.Hacıbəyli kassasiya şikayətində yazıb.
Sabiq deputat deyir ki, hakimiyyət növbəti dəfə M.Mehdiyev vasitəsilə ona təzyiq göstərir: "Faşist metodlarıyla davranırlar. Ananın siyasi fəaliyyətinə görə 15 yaşlı uşağa qarşı belə davranışın başqa adı yoxdur".
Toğrulun ölkədən çıxışıyla bağlı məsələyə Nəsimi Rayon Məhkəməsində baxılarkən M.Mehdiyev etiraz edib. İddia edib ki, oğlunu ölkədən çıxarmaqda G.Hacıbəylinin başqa məqsədi var.
Yerli medianın yazdığına görə, M.Mehdiyev prokurorluq əməkdaşına yaraşmayan hərəkətə – hərbi xidmətdən yayınmağa görə Baş prokuror Zakir Qaralovun əmri ilə bu orqanlardan xaric edilmişdi. 2013-cü ildə G.Hacıbəylinin əleyhinə mətbuat konfransı keçirib, uşaqla bağlı məhkəməyə müraciətindən sonra yenidən prokurorluğa bərpa olundu.
M.Mehdiyevin anası Nəhayət Məmmədova da keçmiş gəlininə qarşı 50 min dollarlıq iddia qaldırıb. Üç ay öncə Nəsimi Rayon Məhkəməsi həmin iddianı da təmin edib.
N.Məmmədova iddia edir ki, 2003-cü ildə G.Hacıbəyliyə evini təmir etdirmək üçün 50 min dollar borc verib. G.Hacıbəyli isə bunun yalan olduğunu bildirir: "Hələ illər öncə mənə demişdilər ki, hökumət mənə qarşı kampaniyaya görə onlara vədlər verib. Oğlu qovulduğu vəzifəyə qaytarıldı. İndi də məndən alıb ona 50 min dollar vermək istəyirlər".
Bu məsələyə görə G.Hacıbəylinin həm evinin, həm də maşınının üzərinə həbs qoyulub.