Vəkil: “Qərardan apelyasiya şikayəti verəcəyik”
Noyabrın 7-də Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının ev dustaqlığına buraxılması haqqında vəsatətə baxılıb.
Bu barədə Meydan TV-yə vəkil Əsabəli Mustafayev məlumat verib. O, məhkəmənin vəsatəti təmin etmədiyini söyləyib:
“Məhkəmənin qərarından apelyasiya şikayəti verəcəyik”.
AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i, axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonra onun həbsi 2 dəfə uzadılıb.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.
G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.
O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib. Xanım siyasətçi oynaq xəstəliyindən əziyyət çəkdiyini bildirir.