Məhkəmə Əhəd Abıyevin şikayətinə baxmadı

Masallı Rayon Məhkəməsi. Foto: “Azərtac”

İcra başçısı sayt əməkdaşının xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyirdi

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev aktrisa Pərvin Abıyeva ilə münasibətlərinin olması, ona Bakıda mənzil hədiyyə etməsi haqda iddialara görə məhkəməyə üz tutub. O, jurnalist Cavid Şirəliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. İcra başçısı Cavid Şirəliyevin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib.

Aprelin 18-də Masallı Rayon Məhkəməsində hakim Firdovsi Əliyev bu işə baxıb. Elə hazırlıq iclasında hakim qərar verib ki, icra başçısının şikayətinə baxılmasın.

Cavid Şirəliyev bildirib ki, “7gun.org” saytında yayımlanmış sözügedən məqalənin ona heç bir aidiyyəti yoxdur. İmzasız yayımlanan materialı kimin hazırlamasından da xəbərsizdir. O, sadəcə, saytın əməkdaşlarından biridir.

Foto: Cavid Şirəliyevin “Facebook” səhifəsi

Hakim də belə nəticəyə gəlib ki, şikayətə səbəb olan materialın Cavid Şirəliyevə aidiyyətilə bağlı sübut yoxdur. Ona görə də Əhəd Abıyevin iddiasının icraata götürülməməsi haqda qərardad çıxarılıb.

İcra başçısı mediaya açıqlamasında aktrisa ilə münasibətinin olması, ona ev alması haqda iddiaları təkzib edib. O bildirib ki, Pərvin Abıyevanı heç vaxt görməyib: “Sadəcə soyad uyğunluğumuz var. Onunla heç bir tanışlığımız, qohumluğumuz da yoxdur. Bu, yalan, şər-böhtandır”.

Cavid Şirəliyev 2015-ci ildə hədə-qorxu ilə pul tələb etmə ittihamıyla həbs olunub, 5 il müddətinə azadlıqdan məhrum edilib. O, 2018-ci il aprelin 24-də azadlığa buraxılıb.

Ana səhifəXəbərlərMəhkəmə Əhəd Abıyevin şikayətinə baxmadı