Məhkəmə blogerin şikayətini təmin etmədi

Mehman Hüseynov həbsdə qaldı

Source:


Mehman Hüseynov həbsdə qaldı

Dekabrın 15-də Bakı Apelyasiya Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun şikayəti üzrə məhkəmə iclası davam edib.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda M. Hüseynovun vəkilləri Fəxrəddin Mehdiyev və Fuad Ağayev çıxış ediblər. Onlar M. Hüseynov barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

İclasda çıxış edən xüsusi ittihamçının nümayəndəsi Əlirza Həbilov isə şikayətin təmin edilməməsini istəyib.

Məhkəmədə çıxış edən Mehman Hüseynov siyasi sifarişlə həbs edildiyini, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu söyləyib:

“Məni həbs etdirmək Musa Musayevin  gücü çatacaq iş deyil. Sadəcə, ona “yuxarıdan” sifariş veriblər, o da icra edib. Yəni həbsimdə ondan vasitə kimi istifadə olunub. Mənim həbsim həm jurnalist fəaliyyətim, “Facebook”dakı “Sancaq” səhifəsini idarə etməyim, həm də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri olmağımla əlaqəlidir. RATİ-nin birinci sədri qardaşım Emin Hüseynov idi, ölkədən didərgin salınıb. İkinci sədri Rasim Əliyev isə  öldürüldü. Mən də üçüncü sədri oldum, “cek-pot” uddum – həbslə yaxşı qurtardım”.

Hakimin “məhkəmədən xahişiniz nədir?” sualına isə bloger belə cavab verib:

“Mən xahiş etmirəm, günahsızam, ona görə də bəraət tələb edirəm. Günahsız həbsdə saxlandığım hər günə görə də kompensasiya istəyirəm. Söz verirəm, o pulun yarısını sizə verəcəm”.

Mehman Hüseynovun vəkili Fuad Ağayev isə çıxışında deyib ki, ötən dəfə apelyasiya şikayətinə baxılarkən müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmadığına, lazımi araşdırma aparılmadığına görə Ali Məhkəmə qərarı ləğv etmişdi. Amma yenə də Bakı Apelyasiya Məhkəməsində eyni pozuntular təkrarlandı:

“Apelyasiya Məhkəməsinin tədqiq elədiyi sübutlar ancaq Mehman Hüseynovun özünün ifadəsindən ibarət oldu, vəssalam. Azərbaycan hüquq məktəbinin şərəfini qorumaq sanki mənim və bir neçə başqa vəkilin üzərindədir. Halbuki, prokurorlar da, hakimlər də bunun qayğısına qalmalıdır. Hakimlər hüquq normalarını elə tətbiq etməlidir ki, biz hüquqşünaslar başqa yerdə bu haqda çıxış edəndə xəcalət çəkməyək”.

Vəkil deyib ki, qanuna görə, şərəf və ləyaqət fiziki şəxsə aid anlayışlardır. Hüquqi şəxsə, hansısa təşkilat və ya dövlət orqanına yox:

“Mehman isə nə Musa Musayevi tanıyır, nə də müsahibələrində onun adını çəkib. Suraxanı Rayon Məhkəməsinin hökmü cinayət hüququ haqda dərs vəsaitlərində yazılanlara əks inqilabdır. Sən demə, universitetlərdə tədris olunan vəsaitlərdə yazılanlar düz deyil, Nəsimi Rayon Polis İdarəsinin şərəf və ləyaqəti, işgüzar nüfuzu varmış. Bu, absurddur”.

Fəxrəddin Mehdiyev də blogerin korrupsiyanı ifşa edən materiallarına görə cəzalandırıldığını söyləyib.

Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra qərar elan edilib.

Qərara görə, şikayət təmin edilməyib.

M.Hüseynov yanvarın 9-da Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə o, polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib.

Sərbəst buraxılandan sonra bloger jurnalistlərə açıqlamasında polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləmişdi. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi M.Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.

Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.

Ana səhifəXəbərlərMəhkəmə blogerin şikayətini təmin etmədi