Məhbusluğumuzun ən gözəl günləri

Kaş…

Source:

… 2013-ün sentyabrında yenə kamerada oturmuşdum. Vəkilə çağırdılar. Getdim, gördüm, Xalid də deyil, Elçin müəllim də deyil, Aslan müəllim də. İndiyə kimi ünsiyyətim olmayan, amma tanıdığım adamdır – Elton Quliyev. Dedi, ortaq tanışlarımız xahiş ediblər ki, məni müdafiə etsin. İlk şərti də bu oldu ki, “Din söhbətinə girməyək. Mən müsəlmanam. Səni də tanıyıram”. Bu şərt daxil olmaqla, hər şeyi zarafatla, deyə-gülə, pozitiv deyirdi. Sonra digər nidaçılardan daha 4 nəfəri də götürdü müdafiəsinə.

Niyə əvvəldən bizim işi götürməməsi barədə deyirdi ki, “Mən işə məsuliyyətlə yanaşıram. Əvvəl vaxtım yox idi. Bilirdim ki, bu işi apara bilməyəcəyəm. İndi isə vaxt var.” Dediyi kimi də elədi. 18 cild işi əzbərdən bilirdi. İşdə elə səhvlər tuturdu ki, hakimlər də təəccüblənirdilər. Kimi müdafiə etmişdisə, hamısının işinə bu cür yanaşmışdı.

Bizim hamımızı birlikdə qəbul etmək üçün “Kürdəxanı” rəhbərliyindən icazə almışdı. Düzdür, sonra bu icazəni ləğv etdilər, amma biz bir neçə dəfə Elton müəllimlə birlikdə görüşə bildik – Rəşadət, Rəşad, Üzeyir, İlkin, mən. Həbsimizin ən gözəl saatlarından idi. Maraqlı söhbətlər edirdi. Həmişə də gülürdük. Ən ciddi hadisələri, əsəbiləşəcəyimiz xəbərləri elə çatdırırdı ki, gülümsəyərək, qaldıra bilirdik. Əhvalatları bitib-tükənmirdi. Həbsdə olmağına adam sanki sevinirdi. Elton müəllimlə birlikdə olmaq üçün həbsdə olmağa dəyərdi.

Bir dəfə məhkəmədə qalmaqal düşdü. Prokuror Rəşadətlə kobud danışdı, biz də onu söydük. Aləm qarışdı bir-birinə. Qışqırışırdıq. Hakim vəziyyəti idarə edə bilmədi və prosesi təxirə saldı. Hamını zaldan çıxartdılar, yalınız biz və vəkillər qaldıq. Elton müəllim dedi ki, “Bu, sizə yaraşmaz. Təmkinli olun. Hamımız bilirik ki, siz bu işdən qorxmursunuz. Səbrlə etirazınızı edin. Onlar nə qədər qanunsuzluq etsələr də, siz etməyin.” Bizlə tay-tuş olmağı da bacarırdı, ağsaqqallıq etməyi də.

…Şoku hələ də üzərimdən ata bilməmişəm. Boğazımdakı düyün keçməyib. Ondan hərə bir şey yazacaq, nekroloqlar çox olacaq yəqin. Bir də ondan yazacaqların, yazmaq istəyib yaza bilməyənlərin bir qrupu olacaq – Elton müəllimin müdafiə etdiyi şəxslər. Çoxlu siyasi məhbuslar. Özü deyirdi ki, “mən Azərbaycanda prezidenti də müdafiə etmişəm, müxalifətçini də”. Elçibəyin, Elmar Hüseynovun, Qarabağ qazilərinin, bloqqerlərin, jurnalistlərin, nidaçıların… müdafiəsində iştirak etmişdi.

Onun haqqında çox danışmaq olar. Amma özümü bağışlamayacağım bir şey var. Həbsdən çıxandan sonra gedib görüşmək, təşəkkür etmək istəyirdim. Hüquqi müdafiəmdən daha çox mənəvi müdafiəmə görə, mənim həbsdə ayaqda qalmağıma əvəzsiz kömək etdiyinə görə. Amma gedə bilmədim. Zəng eləyib danışmışdım. Bir dəfə də ayaqüstü görüşmüşdüm, deyəsən.

Amma sonra dedilər, xəstədir. İstanbulda başından əməliyyat olunub. Bağda qalır. Dəhşət zəifləyib. Heç kimlə görüşmək istəmir. Zəifləmiş vəziyyətdə görünmək istəmirdi. Hamımız onu gənc görmüşük, enerjili, zarafatcıl, bitib-tükənməyən bir adam kimi görmüşük axı. Sonra dedilər, bir az yaxşılaşıb. Hətta Xədicənin məhkəməsinə də gəldi.

Ondan sonra da bir neçə dəfə cəhd etdim görüşməyə, hər dəfə alınmadı. Amma məncə kifayət qədər cəhd eləmədim. Görüşə bilərdim, görüşmədim. Bunu özümə heç vaxt bağışlamayacağam. Bəlkə də, gözləmişdi ki, müdafiə etdiyi adamlar onunla maraqlansınlar. Mən maraqlanmışdım, amma bu maraqdan onun xəbəri olmadı yəqin. Öz vicdanımı sakitləşdirmək üçün maraqlandım, amma onun vicdanı qabağında borclu qaldım. Onsuz da, boynumda haqqı böyükdür. İndi biri də gəldi üstünə. Heç vaxt altından çıxa bilməyəcəyim borca girdim.

…Bilmirəm, bu şəhərə nifrət edim, yoxsa yox. Lap bu şəhəri sevsəm də, Praqa həmişə mənə həyatımdakı ən böyük kədərləri xatırladacaq. İlk dəfə burada olanda Nərgizin ölüm xəbərini aldıq. İndi isə Elton müəllim. Kaş dindarlar deyən olaydı. Gedib, o dünyada əllərindən öpərdim bu böyük insanın. Lakin heyf…

Ana səhifəMənim FikrimcəMəhbusluğumuzun ən gözəl günləri