Məhbəsin məzəli anları

Məhbəs əsasən tünd boyalar və mənfi emossiyalarla xatırlansa da, hətta burada da uzun müddət təbəssümlə yada salınacaq hadisələr az olmur. Onlardan bəzilərini oxucularla bölüşmək istəyirəm…

Source:

İstintaq hərəkətləri və məhkəmə prosesi ilə əlaqədar Lənkərana aparılarkən yerli polis şöbəsinin nəzdindəki müvəqqəti saxlanma təcridxanasında (MST) saxlanırdıq. İnzibati xətalara görə “sutkalıq” həbs cəzası olanlar da burada idilər. Onlar ayrı kamerada saxlansalar da, gəzinti zamanı ünsiyyətimiz olurdu. Bu insanların bəziləri elə ahu-zar, talelərindən elə şikayət edirdilər ki, illər boyu həbs perspektivi ilə üz-üzə qalanlar bunu özlərinə rəva görmürdülər. Düzdür, məhbəsdə bir gün keçirmək də itkidir. Amma haqqında cinayət işi qaldırılmış insanların yanında belə ahu-zar heç də insaflı hərəkət deyildi. Sanki heç evi olmayan adamın yanında qapı zənginin xarab olmasından şikayətlənirsən.

Soyuq və yağışlı payız günlərinin birində MST-nin gəzinti yerində var-gəl edirdim. Hava şəraiti səbəbindən başqa kimsə gəzintiyə çıxmamışdı. Bir müddət tənhalıqdan sonra inzibati həbs almış bir cavan oğlan da mənə qoşuldu. Lənkəranın Gərmətürk kəndindən idi, nəyə görəsə 5 sutka almışdı. Gəzinti yerinə çıxan kimi məndən saatı soruşdu, çünki həbs müddəti həmin gün başa çatırdı. Saatın 11 olduğunu deyəndə, dəliqanlının naləsi göylərə bülənd oldu:

-Vay, dədə, vay! Hələ 6 saat qalıb!

Və 3 ildən 7 ilə kimi həbs perspektivi gözləyən mən öz dərdimi unudub, ona təsəlli

verməyə başladım.


*  * *

Şüvəlan təcridxanasında su təchizatı dəhşətli vəziyyətdədir. Krandan gündə 3 dəfə su verilir. Lakin bu su içmək üçün yararlı deyil. İçməli su həftənin cüt günləri maşınla gətirlirdi. Deyilənlərə görə, bu maşını da Masallıdan olan məşhur “qanuni oğru” Mamed təcridxanaya bağışlayıbmış. O vaxta qədər isə məhbuslar krandan gələn bulanıq suyu içmək zorunda imişlər. Şükür ki, mən bunu yaşamadım. Allah Mamedin savabına yazsın.

Yəqin artıq anladınız ki, mütəmadi gəlməyən suyu saxlamaq üçün qablarımız vardı. İçməli suyu cəmi 150 litr tutan qablara, işlədiləcək suyu isə 250 litrdən artıq tutan qablara doldururduq. Onsuz da darısqal olan kameramızın bir hissəsini də bu qablar zəbt etmişdi.

Lakin bu da hələ hamısı deyildi. Bəzən krandan suyu o qədər qısa zamanda verirdilər ki, qabların heç yarısını doldura bilmirdik. Hər belə hal təbii ki, dustaqların şikayəti, narazılığı ilə müşayiət olunurdu. Bir dəfə də kameramızdakı narazılığın ifadəçisi rolunda Bakı kəndlərinin birindən olan dustaq çıxış edirdi. Onun təcridxana əməkdaşı ilə ritorikası elə şəkildə qurulmuşdu ki, sanki otelin müştərisi müdiriyyətə şikayət edirdi. Sonuncu cümləsi isə bu ritorikanın incisi oldu:

-Belənçik eliyürsüz ki, adam bir də buralara gəlmək istəmir!


*  * *

Məhbəs təbii ki, intellektuallar klubu deyil. Əksinə, orta savad həddi xüsusən gənclər arasında kifayət qədər aşağıdır. Lakin savadsız olsalar belə, onların əksəriyyəti idi ağılları, hazırcavablıqları, görüb-götürmə qabiliyyətləri, məişət müdrikliyi deyə biləcəyimiz cəhətləri ilə fərqlənirlər. Onlarla yanaşı “nə elmi, nə də fəhmi” olmayanlara da rast gəlirsən. Şüvəlan təcridxanasındakı kameramızda da beləsi vardı. Tez-tez bizi qavrama qabiliyyətinin ləngliyi ilə təəccübləndirirdi. Lakin bir dəfə lap rekord qırdı.

“Qaynar.info” saytına verdiyim müsahibədə Şüvəlan təcridxanasındakı şəraiti pisləmiş, antisanitariya hökm sürdüyünü söyləmişdim. Müsahibə çap olunan günün axşamı kameradakı 13 dustağın hamısını rəis Elnur İsmayılovun kabinetinə apardılar. Rəis bir-bir hamıdan kameradakı şəraitə münasibətlərini soruşdu. Dustaqların heç birinin müsahibəmdən xəbərləri yox idi. Olsa idi, çox güman ki, yülngülvari də olsa həmrəylik nümayiş etdirərdilər, bir-iki xırda-para nöqsan sadalayardılar. İndi isə hamı razılıq edirdi. Təcrid olunmuş, səsləri heç yerə çatmayan insanlardır. Çox danışarlar, daha pis kameraya köçürdərlər.

Lap sonda məndən soruşanda müsahibədə dediklərimi əsaslandıran bir neçə fakt söylədim. Bundan sonra rəisin 40-45 dəqiqə çəkən monoloqu başladı. Arada bir-iki cümləlik reaksiya verirdim, yenə o danışırdı. Artıq bütün dustaqlar anlamışdılar ki, rəisin kabinetinə bu qəfil gəlişləri mənim hansısa mətbu orqana söylədiklərimlə bağlıdır. Hətta Azərbaycan dilində bir neçə söz bilən gürcü də bunu anlamışdı. Lakin kameraya qayıdanda yuxarıda bəhs etdiyim məhbus bir daha bizi təəccübləndirdi:

-Mən başa düşmədim, bizi niyə çağırmışdılar?

Əminəm ki, o kameranın divarları heç vaxt belə həmrəy və ucadan səslənən qəhqəhəyə şahid olmamışdı.


*  * *

Növbəti hadisəni isə mənə burada, 14-cü cəzaçəkmə müəssisəsində danışıblar. Valideynlər cəzasının çoxunu çəkmiş övladlarının şərti azadlığa çıxması üçün hərəkətə keçirlər. Belə işlər üçün isə CÇM-də 1-2 aydan bir məhkəmələr olur. Valideynlər tərəfindən gərəkən addımlar atılır, görüm-baxım olunur. Bu zaman hakimi də xəbərdar edirlər ki, məhbus övlad kəmhövsələ və aqressivdir (öz adı ilə desək, qeyri-adekvatdır), çox sorğu-suala tutmaq məsləhət deyil.

Vaxt ötür, gün dolanır, vədə tamam olur, məhkəmə zamanı yetişir. Aydındır ki, belə məhkəmələr bir nəfər üçün keçirilmir. Hər dəfə 30-40 məhbusun işinə baxılır. Azad olmaq üçün səbirsizlənən qəhrəmanımızın da növbəsi çatana qədər hövsələsi təng olur. Tərs kimi, hakim də belə hallar üçün “olmazsa olmaz” xarakterli sual verir:

– Siz özünüz necə, hesab edirsinizmi ki, islah olunmusunuz?

Məhbus son bir cavab verir:

– Ə, gic-gic danışma, pulunu almısan, burax çıxım gedim ev-eşiyimə.

Demək artıqdır ki, bu cavabdan sonra heç kəs onu azadlığa buraxmır və cəzasının qalanını çəkmək üçün məhbəsə qaytarılır.


*  * *

Növbəti məqalədə rastlaşdığım digər hadisələr, ələlxüsus da dustaq lovğalığı, el arasında “risovka” deyilən halla bağlı xatirələrimi paylaşacağam.

Ana səhifəXəbərlərMəhbəsin məzəli anları